Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əmək bazarında dəyişən tələblər
Tarix: 11.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda ölkəmizin təhsil sistemində islahatlar əmək bazarının yeni tələbləri nəzərə alınmaqla həyata keçirilir

Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il ölkədəki bütün “Asan xidmət” mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib.
Sənəd qəbulunun hazırda da davam etdiyini deyən nazir indiyədək 15 mindən çox gəncin sənəd verdiyini xatırladıb.
C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, 8 istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır: “Bu ilin yanvar ayında təməlqoyma mərasimi olub. 2019-cu ilin yay aylarında layihəyə start verilməsi gözlənilir”.
Xatırladaq ki, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində konkret hədəflər müəyyən edilib. Sənəddə qeyd olunub ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.

Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.
Yeri gəlmişkən, bu gün ölkəmizin təhsil sistemində islahatlar əmək bazarının yeni tələbləri nəzərə alınmaqla həyata keçirilir. Təbii ki, bu islahatlar ali və orta ixtisas, peşə təhsili sistemində yeni ixtisasların yaradılması ilə nəticələnir. Məsələn, bu il Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib. Qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “ Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “ Musiqi texnologiyaları”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“ Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” yaradılıb.
Ali təhsilin bakalavr pilləsi üzrə ixtisasların siyahısı (ixtisaslaşma) ilə bağlı başqa yeniliklər də var. Belə ki, I qrupa "İnformasiya texnologiyaları", "Sistem mühəndisliyi", "Sənaye mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları daxil edilib. Eyni zamanda, 2018-ci ildə Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisası yaradılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası yaradılıb.

Məsələ ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda Azərbaycanda təhsil müəssisələrində mövcud olan ixtisasların əksəriyyəti Sovet dönəmindən qalanlardır: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili, iqtisadiyyatı, mədəniyyəti dünya arenasına, o cümlədən Avropaya çıxmağa başlayıb. Təəssüf olsun ki, hələ də dünya standartlarına cavab verməyən ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bunlar daha çox humanitar, sosial və iqtisadi sahələr üzrədir. Yəni, hazırda bir çox inkişaf etmiş ölkələrdə əmək bazarında ciddi şəkildə ehtiyac duyulan elə ixtisaslar var ki, Azərbaycanda o ixtisaslara hazırlıq həyata keçirilmir. Məsələn, bizdə hüquqşünas dedikdə, standart bir hüquq istiqaməti mövcuddur. Ayrıca bu və ya digər sahələr üzrə mülki hüquq, cinayət hüququ, tibbi hüquq və digər sahələr üzrə ixtisaslaşmış kadrlar yoxdur. Bu, eynilə digər sahələrə də aiddir. Ona görə də hesab edirəm ki, ilk növbədə Azərbaycanda dünya standartlarına cavab verən və əmək bazarının ehtiyacı olduğu kadrların hazırlığı həyata keçirilməlidir".

Ekspert vurğulayıb ki, Azərbaycanda tam olaraq dünya standartına cavab verən kadr hazırlığı aparılmır: "Bu, iqtisadiyyat sahəsinə də, tibb sahəsinə də aiddir. Məsələn, bizdə ənənəvi olaraq ümumi stomatologiyadır. Amma dünyada bu, fərqlidir. Uşaq stomatologiyası, yaşlı stomatologiyası var. Və yaxud biz mühasib buraxırıq, amma, hələ də hansı sahə üzrə mühasib hazırlayırıq, onu bilmirik. Amma ixtisaslaşmış kadr olduqda, daha yaxşı mütəxəssis hazırlanır və nəticədə o sahədə olan problemlər aradan qalxır. Ona görə də hesab edirəm ki, son illər əmək bazarının tələblərinə uyğun ixtisasların yaradılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, zaman-zaman, əsasən turizm, iqtisadiyyatın bu və ya digər sahələri ilə bağlı yeni ixtisaslar ortaya çıxacaq”.
Mütəxəssis həmçinin deyib ki, təkcə yeni ixtisasları yaratmaqla iş bitmir: "Resurslar, yəni dərsliklər, tədris materialları formalaşmalıdır. Yeni yaradılmış ixtisaslar üzrə dərs deyəcək kadrlarımız da yoxdur. Bizə elə gəlir ki, iqtisadiyyatı bilən iqtisadiyyatın bütün sahələri üzrə dərs deyə bilər. Bu, belə deyil. Məsələn, bizdə tarix müəllimi tarixin bütün dövrlərindən mühazirə deyə bilir. Amma inkişaf etmiş ölkələrdə, dünya reytinqli universitetlərdə isə, hər müəllim bir dövr, sahə üzrə mütəxəssisdir. Yeni yaradılmış resurslarda ənənəvi materiallardan istifadə olunmamalıdır. Dünya təcrübəsi əsas götürülməlidir".

Onun qənaətincə, hazırda ölkəmizdə ali təhsil müəssisələrinin hazırladığı 60 faiz ixtisaslara artıq əmək bazarında ehtiyac yoxdur: "Hazırda dünyada 40-dan çox ixtisas (robot texnologiya, nanotexnologiya və s.) var ki, hələ də bizdə bu sahələr üzrə kadr hazırlığı həyata keçirilmir. Bu 40-dan çox ixtisasa bizdə ehtiyac var. Amma kadr hazırlığı həyata keçirilmir. Düşünürəm ki, Nazirlər Kabineti növbəti illərdə məhz bunu da nəzərə alacaq".
Yeri gəlmişkən, ötən il ABŞ-lı mütəxəssislər 2026-cı ilədək ən çox tələb olunan ixtisasları müəyyən ediblər. Həmin siyahı üzrə gələcəkdə 20 ən çox tələb olunacaq ixtisaslar müəyyənləşdirilib. Bunlar kənd təsərrüfatında fermerlər və menecerlər,
kompüter sistemlərinin analitiki, satış təmsilçiləri, yük maşını sürücüləri, müfəttiş (prorab), proqram sistemləri tərtibatçıları, fizyoterapistlər, ibtidai məktəb müəllimləri, kompüter və informasiya sistemlərinin menecerləri, tibbi məktəblərdə müəllimlər, səhiyyə sahəsində menecerlər, analitiklər, marketoloq, vəkillər, mühasiblər və auditorlar, həkimlər və cərrahlar, maliyyə menecerləridir. Bundan başqa həmin siyahıya görə gələcəkdə əməliyyat rəhbərlərinə, proqramçılar (tətbiq tərtibatçıları) və diplomlu tibb bacılarına da ciddi ehtiyac duyulacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
06.12.2018 Təmayül siniflər

Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018