Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Savadsızlıqdan, insanlar zəncir vurub, bədənlərinə xəsarət yetirirlər” – MÜSAHİBƏ
Tarix: 11.09.2018 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Aşuraya sayılı günlər qalıb. Bununla bağlı məscidlərimizdə aparılan hazırlıq işləri ilə maraqlandıq. “Həftə içi”nin əməkdaşı olaraq, yolumuzu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən Qaraçuxur Məscidindən saldıq. Adıçəkilən Allah evində sakitlik idi. Məscidin həyəti olduqca təmiz və səliqəlidir. Qaraçuxur Məscidinin axundu, tanınmış ilahiyyatçi-alim Hacı İlqar Həşimov sözügedən məsciddə Aşura günü ilə bağlı hazırlıq işlərindən danışdı:

- Artıq Allah evində təmizlik işləri başa çatıb. Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin tapşırığı ilə Aşura mərasimi yalnız məscidin həyətində və içərisində keçiriləcək. Məscidin Hüseyniyyə adlanan yardımçı binasında təmizlik və təmir-bərpa işləri aparılıb. Binanın içərisində isə qanvermə aksiyası keçiriləcək. Artıq yardımçı bina aksiyaya tam şəkildə hazırdır. Qanvermə aksiyası sentyabrın 20-də Aşura günündə başlayacaq.
- Hacı, aksiya ilə bağlı sizə müraciətlər olunurmu?
- Əlbəttə. Hər gün onlarca insan məscidə gəlib, qanvermə aksiyası ilə maraqlanır. Aksiyanın nə vaxt və harada keçiriləcəyi tarixi öyrənirlər. Yüzlərlə insan Aşura günündə məscidə gələcək. İnanıram ki, əksəriyyəti də qan verəcək. Bu, gözəl bir təşəbbüsdür və hər birimiz bu təşəbbüsü bəyənir və dəstəkləyirik. Çünki ölkəmizdə nə qədər xəstə insan var ki, qanazlığından əziyyət çəkir, cərrahiyyə əməliyyatı zamanı qruplara uyğun qana ehtiyac olur. Qan verməklə həm bir insanın həyatını xilas edirsən, həm də bu, sağlamlıq deməkdir.
- Hacı, bir ilahiyyatçı-alim kimi deyə bilərsinizmi, nədir “zəncir döymə»? Bunun mahiyyətini açıqlaya bilərsinizmi? İnsanlar özlərini zəncirlə döyür, qılıncla başlarını və alınlarını çapır. Bəs siz din xadimi olaraq, bu cür hallara necə baxırsınız?
- Keçmişdə Kərbəla olayının (müsibəti) mahiyyətini insanlara çatdırmaq çox çətin idi. Eləcə də SSRİ dövründə Məhərrəmlik mərasiminin keçirilməsi qadağan olunmuşdu. O dövrün adamları bu cür mərasimlər haqqında danışa bilmədikləri üçün həmin hadisələri səhnələşdirmişdilər. Yəni, el arasında Kərbəlada baş verənləri əyani şəkildə insanlara və gənc nəslə göstərirdilər ki, Kərbəla şəhidlərinin əl-qollarını bağlayıb, qılıncla onların başlarının üstündə durmuşlar. Həmin o səhnələri göstərən insanlarda Aşura günlərində öz əllərini zəncirlə bağlamaqla, başlarının üstündə qılınc tutmaqla, Kərbəla səhnələrini əyani şəkildə insanlara göstərirdilər. Sonralar Aşura günlərində mərsiyə deməklə, sinə döyməklə və rozə oxumaqla, yəni, insanları ağlatmaqla, bu kimi hallar İslam mədəniyyətinin bir hissəsinə çevrildi. Dünyanın bir çox yerlərində, eləcə də ölkəmizdə zəncirvurma İslam mədəniyyətinin bir hissəsidir. Ancaq özünə ziyan vurmamaq və bədəninə xəsarət yetirməməklə bu cür işləri görmək olar. Əlini ehmalca başının üstünə qoysalar, əllərini ehmalca sinələrinə gətirsələr, zənciri ehmalca kürəklərinə toxundursalar, daha yaxşı olardı. Azərbaycanda vaxtilə İslam mədəniyyəti ali səviyyədə təbliğ olunmadığına, habelə maarifləndirmə işləri zəif aparıldığına görə, savadsızlıqdan insanlar zəncir vurmaqla, xəncərlə baş və alın çərtərək, qan tökməklə, öz bədənlərinə xəsarət yetirir və aylarla onun ağrı-acılarını çəkirdilər. Hətta bədənlərində çapıq izlərinə kimi qalır. Artıq hörmətli Şeyximizin təşəbbüsü ilə bu cür halların qarşısı alınaraq, qanvermə ilə əvəz olunmuşdur. İmam Hüseyn böyük bir şəxsiyyətdir. Böyüklərin gördüyü işlər də böyük olur. İmam Hüseyn xalq, din və azadlıq yolunda Kərbəlada şəhid olmaqla, biz insanlara haqqı müdafiə etməyi, Vətəni, torpağı qorumağı, eləcə də lazım gələrsə, din və Vətən yolunda şəhid olmağı öyrətdi. Biz imamlarımızdan şəhidliyin zirvəsini fəth etməyi öyrənməliyik. Həzrəti Məhəmməd salavatulladan soruşurlar ki, “Ya Peyğəmbər, müsəlmanların birinin digərinin boynunda haqqı nədir?”. Peyğəmbər buyurur: “İnsanlarla gülərüz və mehriban rəftar edin. Əmanəti sahibinə qaytarın, hətta bir iynə qədər olsa belə. Şəhadət verəndə doğru şəhadət verin, hətta bu şəhadət sizin həyatınızda olsa belə. İnsan dünyasını dəyişəndə dəfnində iştirak edin; insanları yaxşı işə dəvət edin və pis işdən çəkindirin”. Hansı bir müsəlman Peyğəmbərin bu göstərişinə əməl etməsə, İmam Hüseyn (s) onu öz dəstəsinə qəbul etməz.
- Bəs,siz bir dindar-alim olaraq, Aşura günü ilə bağlı xalqımıza nə kimi məsləhət verərdiniz?
- Yaxşı olardı ki, insanlar Aşura günündə niyyət edib, imamların yolunda xeyriyyə işləri ilə məşğul olaydılar. İmamların eşqinə imkansızlara əl tutaydılar. Elə qan qrupu var ki, çətin tapılır, imkansız xəstələrin də ona gücü çatmır. Aşura günü xəstəxanalara üz tutub, həmin xəstələri tapıb, qanlarını onların özlərinə verəydilər. İmkanlı adamlarımız imkansız xəstələrə, yetim uşaqlara, imkansız tələbələrə əl tutaydılar, yaşıllıqlar salaydılar, abadlıq işləri aparaydılar. Yəni xeyirxah işləri ilə imamlarımızın ruhlarını sevindirəydilər...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018