Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Biliyin qiymətləndirilməsində yeni tələblər
Tarix: 12.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Məktəbdaxili qiymətləndirmədə bəzi yeniliklərin tətbiq olunacağı gözlənilir

Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır: "Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur".
M.Abbaszadə qeyd edib ki, indi ümumtəhsil müəssisələrini ağıl, intellekt məktəbinə çevirmək əsas hədəflərdən biridir. Hafizə məktəbindən təfəkkür məktəbinə keçmək, təhsilin nəticəyönümlü və şəxsiyyətyönümlü olması kurikulum islahatının əsas tələblərindəndir. Bu prosesdə təhsilalanların müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris vəsaitələri ilə təminatı mühüm əhəmiyyət kəsb edir".
M.Abbaszadə qeyd edib ki, müasir məktəb təcrübəsində qiymətləndirmənin müxtəlif formalarından istifadə edilməsi, eyni bir mövzuya və ya məzmuna aid bilik və bacarıqların yoxlanılmasında qiymətləndirmənin müxtəlif üsul və vasitələrinin tətbiqi normal haldır: "Əsas şərt odur ki, qiymət qiymətləndirilən keyfiyyətə maksimal dərəcədə uyğun olsun, onu dürüst, obyektiv əks etdirsin".

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitləri nəşr edib. DİM-dən verilən məlumata görə, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunan bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.
Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunub.
Vəsaitləri Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar (Vəsaitlərin elektron qaydada sifarişi sentyabrın 17-dən etibarən mümkün olacaq).
Məlumat üçün onu bildirək ki, 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin aparılacağı, 1-ci siniflərdə isə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilə biləcəyi gözlənilir.

Belə ki, müvafiq sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.
Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi həllini gözləyən vacib məsələdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi. Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə – kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil. Bəri başdan deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum oldu, çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənirdi. Sən demə, əvvəlki qiymətləndirmə müəllimin subyektiv mülahizəsinə əsaslanırmış və bu sistem şagirdlərdə təlimə marağı, məsuliyyət hissini azaldırmış. Buna görə də qiymətləndirmə sistemində zəruri dəyışikliklər edilməlidir”.

Ekspert vurğulayıb ki, əslində ilk olaraq öyrətmənin, mənimsətmənin mexanizmlərini təkmilləşdirməliydik: “Nə idi bu dəyişikliklər? “Şagird biliklərinin qiymətləndirilməsi” anlayışını “şagird nailiyyətlərinin qiymətləndirilməsi” ifadəsi ilə əvəz etməklə deyəsən qiymətləndirmə sistemində köklü islahatlar apardığımızı zənn etdik. Buna sanki özümüz inanırmış kimi dıgərlərini də inandırmağa çalışdıq. Fikirləşmədik ki, bəlkə də şagirdlərimizin böyük əksəriyyətinin təhsilə qarşı olan-qalan marağında, müəyyən məsuliyyət hissi daşımasında başlıca amillərdən biri və yəqin ki, birincisı məhz gündəlik qiymətləndirmə olub. Biz rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəz etməklə, aralıq sinifdən-sinfə keçirmə imtahanlarını ləğv etməklə nəyə nail olduq? Bunun fərqinə varan, geniş təhlilini aparan, müsbətini, mənfisini ortalığa qoyan oldumu? Şagirdə nə öyrətmişıksə onu da tələb etməliyik. Öyrətdiklərimizlə tələb etdiklərimiz isə ekvivalent təşkil etmədi. İlk olaraq öyrətmənin,mənimsətmənin mexanizmlərini təkmiləşdirməliydik, sonra isə qiymətləndirmənin. Təsəvvür edin ki, təkcə elə milli qiymtləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir:”diaqnostik“,“formativ “,“summativ “. Hələ bu summativlərin makro” və “mikro”“ adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar.

Digər tərəfdən, 90- cı illərdə adi beşballıq şkala üzrə qiymətləndirmə şəraitindən 9 ballıq qiymətləndirməyə keçib, milyonları havaya sovurmaqdan başqa nəyə nail olduq? Tez-tez məktəblərdə valideynlərdən və şagirdlərdən pul yığılmasının qarşısının necə alınmasından danışırıq. Əgər bir məktəbdə deyək ki, 1500-1700 şagird təhsil alırsa, məktəb üzrə 70-80 sinif komplektləşdirilibsə, bunlardan 50-60 sinfin şagirdləri kurrikulum tədris sistemi ilə təhsil alırsa, hər sinifdə 20-25 şagird varsa, summativləri keçirmək üçün nə qədər çap materialı və bunların çapı üçün nə qədər maddi vəsait tələb olunur? Görəsən heç maraqlanan olubmu ki, müəllimlər və məktəb rəhbərləri vəziyyətdən çıxış yolu tapmaq üçün hansı yollara və vasitələrə əl atırlar? Təbii ki, 2008-ci ildən tətbiq olunmağa başlayan kurrikulum bu tədris ilində artıq başa çatır. Elə Təhsil Nazirliyinin rəhbərliyi də, DİM rəhbərliyi də çıxışlarında yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə dəfələrlə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını vurğulamışlar. Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən, başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimiz lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018