Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İordaniya açıq səma altında muzeydir” - SƏFİR
Tarix: 13.09.2018 | Saat: 12:26:00
Bölmə:Müsahibə | çapa göndər

İordaniyanın ölkəmizdəki səfiri cənab Nassar İbrahim Məhəmməd əl-Habaşnehlə əvvəllər də görüşüb, söhbətləşmişdim. Yurnalist olaraq onun xətrini əziz tutur, özümə dost bilirəm. Bəlkə də bu səbəbdəndir ki, onunla danışanda çox sərbəst, rahat oluram. Elə bu dəfəki görüşdə də eyni cür... Öz evimizdəyəm kimi, çay süfrəsi arxasında ordan-burdan danışdıq, ölkələrimizə və dünyaya aid çox məsələni müzakirə etdik. Sonda da beləcə, danışdıqlarımızı misralara çevirib siz oxucuların diqqətinə çatdırıram. Buyurun, oxuyun:

- Səfir olaraq artıq dörd ildir Azərbaycanda çalışıram. Bir ilim qalıb, sonra yəqin ki. ölkəmə qayıdacağam. Hesab edirəm burada olduğum dörd il ərzində çox böyük işlər görə bilmişik. Bu müddətdə çox sayda qarşılıqlı səfərlər həyata keçirilib. İordaniyanın ən tanınmış şəxsləri müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə Bakıya gəliblər. Bunlar öz-özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasına sübutdur. Onu da qeyd edim ki. dünya miqyaslı tədbirlərin, konfransların Azərbaycanda keçirilməsi dövlətinizin yürütdüyü siyasətin nəticəsidir və bunu ancaq alqışlamaq lazımdır. Mən deyərdim ki. hər il mütləq İordaniyanın hansısa indiki və ya eks dövlət rəsmisi Bakıya səfər edir. Məsələn, ötən il İordaniya Nümayəndələr Palatasının rəhbəri, ondan bir müddət sonra isə Senatın sədri Azərbaycana gəlib. Eləcə də Əmman şəhər bələdiyyəsinin sədri Azərbaycanda səfərdə olub və sair. Bunlar göstərir ki, ölkələrimiz arasında qarşılıqlı və hərtərəfli əlaqələr ən yüksək səviyyədədir. Hesab edirəm ki, məhz bu kimi səfərlər dövlətlərarası əlaqələri inkişaf etdirir, daha da irəli aparır.

- Səhv etmirəmsə, bu ilin əvvəllərində dövlətlərarası komissiyanın iclası da keçirilmişdi...

- Hə, mən deyərdim ki, bu ilin ən əhəmiyyətli tədbiri fevral ayında Əmmanda keçirilmiş Azərbaycan - İordaniya birgə komissiyasının sayca 3-cü iclasıdır. Orada ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan bir çox faktlar səsləndirildi, yeni planların olduğu deyildi və sair. Birgə komissiyanın iclasının baş tutması müsbət hadisədir. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunmuşdu. Məlumdur ki, indiyədək ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək yönümüdə çox sayda qərarlara imza atılıb. Birgə komissiyanın iclasında qərara alınıb ki, imzalanmış sazişlərin icrasına ciddi nəzarət edilsin. Bütün bunlar İordaniya-Azərbaycan münasibətlərinin gələcəkdə daha yaxşı olacağına əminlik yaradır.

- İordaniyada hökumət dəyişikliyi oldu, bu ölkənizdə vəziyyəti dəyişə bilibmi?

- Hökumət dəyişikliyi ötən il olub və əlbəttə ki, nəticə etibarı ilə çox böyük dəyişikik baş verib. Regionun başqa ölkələri ilə müqayisədə İordaniyada insanlar sərbəstdirlər, öz fikir və mövqelərini azad şəkildə ortaya qoya bilirlər. O cümlədən, ötən il də vətəndaşlar dinc şəkildə küçələrə axışıb istəklərini səsləndirdilər. Proses o qədər dinc, demokratik şəkildə keçdi ki, heç bir xoşagəlməz hadisə, təhlükəsizlik qüvvələri ilə xalq arasında hər hansı qarşıdurma yaşanmadı.

- İnsanlar nə istəyirdi? Ümumiyyətlə, tələblərində haqlı idilərmi sizcə?

- Əlbəttə, haqlı tələblər səsləndirirdilər. Elə ona görə də əlahəzrət Kral onların istək və arzularını eşidib, qəbul etdi və hökumətin dəyişdirilməsinə qərar verdi. Bu gün yeni hökumət islahatlar keçirir, ölkə iqtisadiyyatını gücləndirmək üçün addımlar atır. İordaniyanın ünvanına böyük çağırışlar da eşidilir ki, onlardan ən böyüyü iqtisadiyyatla bağlıdır. Yeri gəlmişkən, qlobal dünyamızda böhran davam etsə də, İordaniya iqtisadiyyatı güclü və kənar təsirlərə davamlıdır. Yəni daxili problemlərini özü həll etməyə qadirdir. Baxmayaraq ki, çətinliklərimizi qaçqın problemi bir az da ağırlaşdırdı, amma dövlət öhdəsindən gəlməyə çalışdı...

- Bizə məlumdur ki, ölkənizdə uzun illərdir çox sayda fələstinli qaçqınlar məskunlaşıb. Bu halda suriyalı qaçqınların yükünü necə qaldıra bilirsiniz?

- İordaniyada əvvəldən mövcud olan qaçqınların sayı Suriya böhranı ilə əlaqədar ölkəmizə sığınan 1,3 milyon insanın hesabına ikiqat artıb. Amma hesab edirik ki, Suriyada vəziyyət tədricən normallaşacaq və qaçqın qardaş-bacılarımız öz torpaqlarına qayıdıb, ölkələrinin yenidən qurulmasına kömək edəcəklər. Təbii ki, İordaniya dövləti də Suriyanın yenidən qurulmasında öz töhfəsini verməyə hazırdır. Bunlar ötüb keçəcək haldır.

- Suriyadan söz düşmüşkən, Yaxın Şərq müharibələrin, şiddətli terror aktlarının meydanına çevrilib. Bu qarmaqarışıq bölgənin mərkəzində yerləşən İordaniya özünü necə qoruyur, necə kənar saxlaya bilir qanlı-qadalı təsirlərdən?

- Bu gün dünyanın ən ağrılı problemlərindən biri məhz terrordur. Bir vaxtlar İordaniya da mövcud olan bir qrup terrorçu Salt şəhərində terror akktları törətməyə səy göstərdi. Ancaq təhlükəsizlik qüvvələri vaxtında və çevik hərəkətə keçməklə mümkün faciələrin qarşısını aldı. Əgər almasaydı, bəlkə də yüzlərlə insan öldürülərdi. Amma təəssüf ki, antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinin beş üzvü həlak oldu. Terrorun nə dili var, nə dini, nə milləti, nə də siması. O elə böyük dəhşətdir ki, istənilən an üzərinizə gələ bilər. Şükürlər olsun ki, İordaniya dövləti hər zaman terrorun qarşısını almağa qadir olub və gələcəkdə də olacaq. İordaniyanın təhlükəsizlik qüvvələri dünyanın bir çox ölkəsinin anoloji qüvvələri ilə müqayisədə daha mütəşəkkil, güclü və çevikdir. Yeganə məqsədləri də öz ölkələrində asayişi, təhlükəsizliyi təmin eləməkdir. Bunun nəticəsidir ki, günümüzdə İordaniyadakı sabit daxili ictimai-siyasi vəziyyət dünyanın hər yerindən turistləri özünə cəlb etməkdədir.

- Ölkələrimizin turizm sektorunda əlaqələr nə yerdədir? Son bir ilin yekununu götürsək, qarşılıqlı qəbul edilmiş turistlərin sayını açıqlaya bilərsiniz?

- Hələlik o qədər də böyük rəqəm söyləmək mümkün deyil. Təxmini götürsək cəmi iki min turistə viza verilib. Hansı ki, istər İordaniyada, istərsə də Azərbaycanda bunun üçün böyük potensial mövcuddur.

- Birbaşa hava reysinin açılması ilk şərtdir...

- Bəli, həm hava reysinin açılması, həm də vizanın aradan qaldırılması yaxşı effekt verərdi. Hazırda bu müstəvidə işlər aparılır. Amma öncə buradakı bəzi texniki problemlər aradan qaldırılmalıdır. Birbaşa reysin açılması üçün əvvəla təyyarə lazımdır, o tapıldığı təqdirdə də sərnişin. Çünki istənilən aviaşirkət rentabelli reys açmaq istəyər ki, xərclədiyinin müqabilində gəlir götürsün. Hazırda masada bəzi təkliflər var. Məsələn, təklif olunur ki, Əmman-Tiflis-Bakı reysi açılsın. Məncə bu səmərə vəd edən təklifdir.

- Mən əminliklə deyə bilərəm ki, Azərbaycan insanı dünyanı gəzib-görməyə meyllidir və İordaniyanın qədim tarixi və dini abidələri burada tanıdıla bilsə, uzaq Amerikaya, Avstraliyaya gedən azərbaycanlılar sizin ölkəni də həvəslə ziyarət edəcəklər...

- İordaniya açıq səma altında muzeydir. Qayalardan yonulmuş antik Petra şəhəri, bir sıra peyğəmbərlərin yaxınlarının məzarları İordaniyadadır. İsa peyğəmbərin xaç suyuna salındığı kilsə ölkəmizdədir. Orda Cəbəl Nebu adlı bir dağ var, vaxtilə Musa peyğəmbər onun zirvəsində dayanıb Allah tərəfindən vəd olunmuş torpaqlara – indiki İsrailə baxıb. Elə Musa peyğəmbərin qardaşı olan Harunun qəbri də məhz o dağdadır. Bütün bu məkanlar tarixən insanların böyük maraqla ziyarət etdiyi yerlərdir.

- Turizm sektorunda əməkdaşlığın genişlənməsi, eyni zamanda, turistlərin gediş-gəlişinin fonunda ölkələrimizin reklamı sürətlənəcək və sonda iqtisadi-ticarət münasibətlərinin həcmi genişlənəcək...

- İqtisadi əlaqələr, çox təəssüf ki, hazırda ürəkaçan səviyyədə deyil. Təxmini hesablara əsasən deyə bilərəm ki, illik ticarətin həcmi 15 milyon dollar civarında tərəddüd edir. Nəzərə alsaq ki, ölkələrimiz bir-birindən coğrafi baxımdan çox da uzaqda deyillər, üstəlik, dövlətlərimiz arasında bütün səviyyələrdə əla münasibətlər mövcuddur, 15 milyon dollar ticarət həcmi bizi qane edə bilməz. Çalışıb ölkələrimizin geniş potensialından maksimum yararlanıb, ticarəti artırmalıyıq.

- Siz bayaq qaçqın problemindən söz açdınız. Yeri gəlmişkən, ABŞ deyəsən qaçqınlara yardımı dayandırıb. Bu məsələyə münasibətiniz necədir?

- Düzdür, Tramp Fələstin Qaçqınlarına Yardım Təşkilatına vəsait ödəməyəcəyini bildirib. Təbii ki, bir sıra ölkələr kimi, İordaniya da dövləti Ağ Evin bu addımına kəskin etirazını bildirib. Bu təşkilat fərqli ölkələrdə yaşayan beş milyondan artıq fələstinli qaçqına yardım göstərir ki, onların da yarısı məhz İordaniyada məskunlaşıb. Bu gün ölkəmizdə 2 milyondan artıq fələstinli qaçqın var ki, bunlar ancaq status alanlardır. Böyük hissəsi isə status almadan məskunlaşıb İordaniyada. Baş hərfləri ilə qısaca ONARWA adlanan bu təşkilat 1967-ci ildən – məşhur 6 günlük müharibədən sonra yaradılıb. İndi İordaniya hökuməti istəyir ki, bu məsələylə bağlı beynəlxalq konfrans çağırsın. Dəqiq vaxt bəlli olmasa da, tədbir çox güman ki, sentyabrın sonu və ya oktyabrın əvvəllərində keçiriləcək. Bu yerdə vurğulayım ki, Azərbaycan da bir müsəlman ölkəsi olaraq hər zaman Fələstin xalqının ağrı-acılarına şərik olub, onlara imkan daxilində dəstiyini verib.

- Yeri gəlmişkən, ABŞ Fələstinin konfederasiya şəklində İordaniyaya birləşdirilməsini də təklif edib...

- Bu sualı ABŞ-ın həmin təklifinə İordaniyanın əlahəzrət Kralının verdiyi cavabla cavablandırmaq istəyirəm. Kral demişdi ki, konfederasiyada müstəqil dövlətlər birləşir. Fələstin ərazisində isə dövlət yoxdur. Öncə Fələstin öz sərhədləri daxilində müstəqil dövlət olaraq tanınsın, paytaxtı da Şərqi Qüds olsun, ondan sonra birləşmə məsələsinə baxıla bilər...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018