Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Olimpiada qaliblərinə şad xəbər
Tarix: 13.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Növbəti qəbul kampaniyasında bu şəxslər ali məktəblərə imtahansız qəbul ediləcəklər

Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək. Bunu Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar.
Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır: "Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək."
Məlumat üçün vurğulayaq ki, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına gəlincə, bu siyahıya fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları, olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan),vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), Ggnc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan), Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya),“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika),gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya), gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan), gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya), gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya) daxildir.

Yeri gəlmişkən, bu gün ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasında respublika üzrə keçirilən fənn olimpiadalarının da müstəsna rolu var. Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanıb. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.
Qaydalara görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər.

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 saat vaxt ayrılır.

Fənn olimpiadalarının respublika mərhələsinin final turu iki yaş qrupu üzrə - aşağı yaş qrupu ( IX siniflər və aşağı) və yuxarı yaş qrupunda (X-XI siniflər) keçirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70 faizinə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir. Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır. Respublika mərhələsinin final turunda şagirdlərə fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 -4 saat vaxt ayrılır.

Məlumat üçün onu da vurğulayaq ki, hər il finala 500 nəfərə yaxın şagird çıxır. Ötən il respublika fənn olimpiadalarında iştirak edən səkkizinci və doqquzuncu sinif şagirdləri 48 qızıl, 85 gümüş və 130 bürünc olmaqla, 263 medal qazanıblar. Olimpiadaların rayon (şəhər) mərhələsində 30 mindən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6.500 şagird iştirak edib. Bundan başqa ötən il Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında iki qızıl, altı gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 38 medal qazanıblar.
Builki respublika fənn olimpiadalarının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə, 276 nəfər qalib elan olunub. Statistik məlumatlara əsasən, Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər. Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir. Bu il respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.
Beynəlxalq olimpiadalarda əldə olunan nəticələrə gəlincə, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə, 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların, təxminən, 3 faizi edir.

Yeri gəlmişkən, ötən ay Rusiya Federasiyasının Kazan şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2018) keçirilib. Rusiya, Belçika, Finlandiya, Macarıstan və bir çox Avropa ölkələrinin təmsil olunduğu olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb.
4 nəfərdən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimiz medalla qayıdıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Abutalıb Namazov və İbrahim Tağızadə, Lənkəran şəhəri 4 nömrəli Humanitar liseyin 9-cu sinif şagirdi Murad Eynizadə bürünc medallara layiq görülüblər.
Onu da bildirək ki, 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018