Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vergi ödəyicilərinin hüquqları
Tarix: 21.09.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Ölkədə vergiödəyicilər üçün xidmətin yüksəldilməsi üzrə geniş imkanlar yaradılır, onların hüquqlarının qorunması istiqamətində mütərəqqi addımlar atılır. Yerli vergi strukturlarının olmadığı şəhər və rayonlarda xüsusi vergi xidməti məntəqələrinin - kompüter terminallarının yaradılması üzrə işlər görülür. Vergi idarələrində isə vergi ödəyicilərinin işinin asanlaşdırılması üçün xidmət sahəsi genişləndirilir.
Görülən işlərlə yaxından tanış olmaq üçün Vergilər Nazirliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələri nümayəndələrinin (KİV) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının daxil olduğu 10 saylı Ərazi Vergi İdarəsinə, o cümlədən İsmayıllıda yerləşən kompüter terminalına səfəri təşkil edildi. Tədbir çərçivəsində KİV nümayəndələri 10 saylı Ərazi Vergi İdarəsinin strktur bölmələri və idarənin fəaliyyəti ilə tanış oldular. Onlara vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi ödəyicilərinin qeydiyyatı, bəyannamələrin qəbulu və kameral yoxlanılması, vergi borclarının aradan qaldırılması və əməkhaqlarının vergiyə cəlb olunması istiqamətində görülən işlər, habelə kommersiya-hüquqi şəxslərin “bir pəncərə“ prinsipi ilə dövlət qeydiyyatına alınması, 195 saylı telefon-məlumat xidmətinin fəaliyyəti barədə məlumat verildi. Eləcə də vergi xidmətində tətbiq edilən avtomatlaşdırılmış vergi-informasiya sisteminin işi KİV nümayəndələrinə nümayiş etdirildi.
Məktəblərlə olan münasibət daha maraqlıdır
10 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İntiqam Hidayətzadə idarənin fəaliyyəti haqda danışdı: “Ümumilikdə respublika üzrə 12 ərazi vergi idarəsi fəaliyyət göstərir ki, onlardan biri də 10 saylı ərazi vergi idarəsidir. Bu idarənin əhatəsinə daxil olan Qəbələ, İsmayıllı, Oğuz rayonunda 8752 vergi ödəyicisi var. Onların 1123-ü hüquqi, 6529-u isə fiziki şəxsdir. Vergi ödəyicilərinə kommersiya-hüquqi şəxslərin qeydiyyatı, bəyannamələr, koordinasiya, hüquqi şəxslərin qeydiyyatı, audit-operativ şöbələri tərəfindən xidmət göstərilir“.
İ.Hidayətzadə 2007-ci ilin martında elektron bəyannamənin tətbiq olunmağa başladığını, o zamandan vergi ödəyiciləri ilə fərdi müqavilə bağlandığını və onların internet xidmətindən istifadəyə dəvət edildiklərini bildirdi: “O zaman vətəndaşlar buna laqeyd yanaşırdılar. Apardığımız fərdi söhbətlər nəticəsində ərazidə olan vergi ödəyicilərinin 91,7 faizi artıq bu xidmətdən istifadə edir. 2006-cı ildə 195 saylı telefon-məlumat xidməti, daha sonra mesaj xidməti yaradıldı. İndi vergi ödəyicilərinə vergi təqvimini mesajlarla da xatırlada bilirik. Qeyd etməliyəm ki, bu, vergi ödəyiciləri tərəfindən də müsbət qarşılanan bir xidmət növüdür. Biz təkcə vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinin məlumatlandırılması ilə kifayətlənmirik. Bizi ən çox fərəhləndirən hallardan biri də məktəblərlə olan münasibətlərdir“.
Şöbə rəisi vergilərin vaxtında ödənilməsinə dair məktəblərdə vergi xidmətləri günləri keçirdiklərini söylədi: “2004-cü ildən məktəblərdə 3 - 5, 6 - 8, 9 - 11-ci siniflərə “Vergilər“ adlı dərsliklər paylanıb. Hər il məktəblərdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan “Vergi uşaqların gözü ilə“ mövzusunda inşa müsabiqəsi keçiririk. Biz uğurlarımızı daha çox məktəblərdə görürük.“
Sonda İ.Hidayətzadə idarənin şöbələri barədə məlumat verdi: “Vətəndaşların təmasda olduğu ilk şöbə vergi ödəyicilərinə xidmət şöbəcidir. Sonradan qeydiyyat şöbəsinə gedirlər. Fiziki şəxslər 2, hüquqi şəxslər 3 gün ərzində qeydiyyata dayanırlar. Kommersiya şəxslərin hüquqi-qeydiyyat şöbəsində 184 kommersiya qeydiyyata alınıb. İlin 8 ayı ərzində 259 müraciət daxil olub. Bunlardan heç biri şikayət xarakterli olmayıb. Vergi ödəyicilərinə nəzarət üçün audit, poetativ yoxlamalar aparılır. Bu il audit şöbəsində 58 vergi ödəyicisinin fəaliyyətində yoxlama aparılıb, büdcəyə 31 min manat vəsait cəlb edilib. Operativ nəzarət şöbəsi tərəfindən 536 vergi ödəyicisinin fəaliyyətində operativ vergi nəzarəti həyata keçirilib. Nəticədə 150 min manat maliyyə cəlb olunub. Büdcə proqnozlarının icrası ilə bağlı problemimiz yoxdur. İlin 8 ayı ərzində 6 milyon 700 min manat büdcə vəsaitinin təmin olunmasını təşkil etmişik. 1 milyon 140 min manat vəsait toplanıb, büdcə proqnozuna 181 faiz əməl olunub“.
Vergi ödəyicilərinə göstərilən xidmətlər
Media işçiləri İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalı ilə də yaxından tanış oldular və terminal haqda ətraflı məlumat əldə etdilər. KİV nümayəndələrinə kompüter terminalları vasitəsilə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirildiyi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirildiyi, sahibkarların maarifləndirildiyi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ - hüquqi, metodik və bu kimi xidmətlərin göstərildiyi bildirildi.
Terminalın əməkdaşı Əhmədov Ruslan bizimlə söhbətində bildirdi ki, terminalın əsas məqsədi vergi ödəyicilərinin vergi ödənişlərinin könüllü şəkildə həyata keçirilməsinə, həmçinin onların hüquqlarının müdafiəsinə, vergi bəyannamələrinin düzgün tərtib edilməsi, bəyannamələrin elektron formada vergi orqanlarına göndərilməsinə yardımçı olmaqdır: “Burada vergi ödəyicilərinə vergi bəyannamələrinin düzgün tərtib edilməsi üçün köməklik olunur, vergi qanunvericiliyinə aid sualların cavablandırılması, hesabatların verilməsi üzrə xidmətlərin həyata keçirilməsi təmin edilir. Hesabat ərzində müraciət edənlərin sayı daha çox olur. Gün ərzində 15 - 20 nəfər müraciətçi olur ki, onlar da əsasən vergi borclarının öyrənilməsi, vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) almaları ilə bağlı müraciət edirlər. İl ərzində təxminən 1000 nəfərə yaxın vergi ödəyicisinin müraciətinə baxılır. Terminalda vergi borcları haqqında sahibkarlara məlumatlar verilir. Vergiödəyicilərin şikayətləri ilə bağlı arayışlar və başqa sənədlər hazırlanır. Bundan əlavə, burada vergi ödəyiciləri üçün seminarlar da təşkil edilir“.
Sahibkarların işi asanlaşıb
Terminalla tanışlıq zamanı vergi ödəyicilərinə vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat, vergi bəyannamələrinin təqdim edilməsi müddətləri və qaydaları ilə bağlı izahatlar verildiyinin şahidi olduq. Müraciətçilərə bəyannamələrin elektron formada təqdim olunması müddətləri və qaydaları ilə bağlı izahatlar verilir, bəyannamələrin elektron formada təqdim olunması üçün şərait yaradılır, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə“ prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər göstərilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır. Qeyd edək ki, bütün bu xidmətlər pulsuz olaraq həyata keçirilir. Yerli vergi ödəyiciləri terminalın yaradılmasının onların fəaliyyətinə müsbət təsir göstərdiyini bildirərək burada vaxta qənaət etdiklərini, pulsuz kompüter xidmətləri ilə təmin olunduqlarını, peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar aldıqlarını vurğuladılar. Terminala müraciət edən bəzi şəxslərlə söhbətləşdik.
İsmayıllı sakini Süleymanova Ruhiyyə 1993-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, həm fiziki, həm də hüquqi şəxs kimi dövlətə vergi ödədiyini deyir: “2008-ci ilin martından vergi ödəyicisi olaraq bu terminalda ödəniş edirəm. Fikrimcə, bu, sahibkarların fəaliyyətini daha da əlverişli edib. Əvvəllər bir sənəd almaq üçün çox əziyyət çəkirdik, bir neçə idarəyə baş çəkməli olurduq. Amma indi istər müqavilələrin bağlanması, istərsə də vergilərə aid hər hansı məlumatla bağlı bura müraciət edirik. Məsələnin bizim üçün maddi baxımdan əlverişli olması bir yana, mənəvi baxımdan da böyük önəm kəsb edir. Belə ki, terminalda müraciətçilər üçün qayğıkeş münasibət mövcuddur. Hər kəsin burada məlumat almaq hüququ təmin olunub. Bundan əlavə, terminalın əməkdaşları tərəfindən bura gəlmədən öz iş yerimizdə də zəruri məlumatlar əldə etmək imkanımız var“.
İlin sonunadək 20 kompüter terminalı yaradılacaq
Qəbələ - Xanlar turizm istirahət mərkəzinin icraçı direktoru Yaşar Nəzirov da bizimlə söhbətində terminalın üstünlüklərindən söz açdı: “Terminal açılmazdan əvvəl çox çətinliklər mövcud idi. Vergi orqanlarında növbələr yaranırdı, bəyannamələrdə müəyyən nöqsanlar olanda günlərlə gözləməli olurduq. Ən əsası vaxt sarıdan böyük itkilərimiz var idi. İndi isə elektron bəyannamə sisteminin tətbiqi hər bir vergi ödəyicisinə vergi orqanlarına getmədən də bəyannaməni ötürmək imkanı yaradır ki, bunun da vasitəsilə vergi borcunun qalıb-qalmamasını müəyyənləşdirə bilirik. Ən əlverişli xidmətlərdən biri olan “bir pəncərə“ sisteminin qəbulu isə ölkədə sahibkarlıq institutunun formalaşmasına zəmin yaradıb, hansı ki 3 gün müddətinə hüquqi şəxslərə qeydiyyatdan keçmək imkanı yaradılır. Bütün bu imkanların yaradılması sahibkarlar ordusunun formalaşmasına gətirib-çıxarır“. Xatırladaq ki, indiyədək respublika üzrə 16 belə terminal açılıb və ilin sonunadək daha 20 terminalın yaradılacağı gözlənilir. Bu tədbirlər dövlət başçısının “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət proqramı“ çərçivəsində həyata keçirilir və həmin sənəddə könüllü vergi ödəmələri sisteminin inkişafı qarşıya vəzifə kimi qoyulub. Vergiödəyicilərin hüquqlarının etibarlı şəkildə təmin olunması üçün ölkənin bütün regionlarında kompüter terminallarının yaradılması nəzərdə tutulub.
Naibə Qurbanova,
Bakı - İsmayıllı -
Qəbələ - Bakı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019