Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil krediti əldə etmək istəyənlərə şad xəbər
Tarix: 17.09.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

“Maarifçi” Tələbə Kredit Fondu 2018-2019-cu tədris ili üzrə veriləcək təhsil kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlayıb

Sentyabrın 17-dən “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına start verilib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Müraciətlər oktyabrın 19-dək davam edəcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu 2016-cı ildən fəaliyyət göstərməyə başlayıb. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri –Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Hazırda14 ali təhsil müəssisəsini əhatə edir.

Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər də qoyulub. Belə ki, onlar Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərin birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir. Eyni zamanda, kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürülür. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilmir. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq.
Məlumat üçün onu da qeyd edək ki, şərtlərə əsasən, bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər mövcuddur. Belə ki, standart paketlərdə 8 faizlik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6 faizlik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər. Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib.

Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Əgər tələbə nəzərdə tutulmuş müddətdə krediti qaytarmasa, fond bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Ümumilikdə, 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər.
“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 5 elan sessiyası keçirıb. Bu müddət ərzində fonda daxil olan elektron müraciətlər əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 201 təhsil krediti müqaviləsi imzalanıb.
Xatırladaq ki, hazırda dünyanın əksər ölkələrində tələbələrə güzəştli şərtlərlə təhsil kreditləri təklif olunur. Məsələn, qonşu Rusiyada hətta bir neçə ildir ki, bu sahədə dövlət proqramı da qəbul edilib. Dövlət proqramına görə, illik faiz dərəcəsi 5 faiz, qaytarılma müddəti 5 ildən -15 ilədək müəyyənləşib. Əgər tələbə əla qiymətlərlə oxuyarsa, ona 1 faiz güzəşt olunur. Qazaxıstanda da təhsil kreditləri ilə bağlı xüsusi dövlət proqramı mövcuddur. Eyni zamanda, Qazaxıstanın Mərkəzi Bankı yanında "Financial Center" ASC də yaradılıb. Həmin ASC aztəminatlı ailələri müəyyənləşdirir və onlara güzəştli təhsil kreditləri verirlər. Şərtlərə görə, kredit ilkin ödənişsiz, 17 ilədək, illik 9 faizlə verilir. Almaniya və Latviyada isə kreditlər 10 il müddətinə təklif olunur. Kredit Norveçdə 20 il, ABŞ-da isə hətta 30 ilə qədər müddətə verilir. Faiz dərəcələri isə 3-6 faiz civarında olur.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil. Onun sözlərinə görə, ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir: “Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir. Ödənişlərin yüksək məbləğ ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb. Belə ki, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Lakin təəssüf ki, bu Fond o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir. Məsələn gərək təsisçi universitetlərin birində təhsil alasan, kreditin alınması şərtləri və tələbələrin seçim meyarları, yaşın 25-dən çox olması, ailəsinin kredit borcu, ailənin aztəminatlı olmasını müəyyən etmək üçün valideynlərinin gəlirləri barədə arayış təqdim olunması, ailə gəlirinin il ərzində 10 min manatdan çox olmaması, tələbənin hər il kredit götürmək üçün fonda müraciət etməsi, amma onun akademik göstəricisinin müvafiq baldan az olduğu halda ona həmin il kreditin verilməməsi, müraciət və qeydiyyatın yalnız onlayn qaydada aparilması, ən çox pul lazım olan birinci kurs tələblərinə müəyyyən səddlər qoyulması və s. Problem ondan ibarətdir ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır. Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz.

Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Bir də ki, əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər? Sosial yönümlü siyasət yürüdürük, neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşımıza qoymuşuq, ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə aparıcı dövlətlərlə rəqabət aparırıq, bu məqsədlə müvafiq balı toplaya bilməyən məzunlara ali məktəblərə daxil ola bilmələri üçün ikinci şans veririk, bir sıra universitetlərdə hazırlıq kurslarının açılmasını planlaşdırırıq, bununla belə yüksək bal toplayib tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olur. Arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli tövfələrini versinlər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018