Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əlil şəxslər üçün imtahanların təşkili təkmilləşdirilə bilər
Tarix: 18.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu məqsədlə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Böyük Britaniyada təlim səfərində iştirak edirlər

Dövlət İmtahan Mərkəzi fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil edilməsi, tətbiq olunan xüsusi vasitələr və onların DİM-in keçirdiyi imtahanlarda istifadə olunma imkanlarını araşdırır. Mərkəzdən Trend-ə verilən məlumata görə, DİM-in əməkdaşları bu məqsədlə Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təlim səfərində iştirak edirlər.

Sentyabrın 21-dək davam edəcək təlimlər Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil edilib.
Səfərin əsas məqsədi Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olmaq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənmək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdırmaqdır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. İmtahandan öncə həmin şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.

Xatırladaq ki, 2016-cı ildə hökümət tərəfindən təsdiq edilən "Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları"na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır. Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.
Məlumat üçün onu da bildirək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Ölkəmizdə konkret olaraq 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. 2004-cü ildən başlayaraq isə Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülməyə başlayıb. Belə ki, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində inklüziv təhsilin həyata keçirilməsi üçün UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına start verilib. Layihələrin icrası olaraq, 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsindən 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə də start verilib. İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Bu məqsədlə Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib.

Bundan başqa, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunma səviyyəsini yüksəltmək məqsədilə ötən ilin sonunda ölkə prezidenti İlham Əliyev tərəfindən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. Sənəddə Təhsil Nazirliyinə həvalə olunub ki, sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasını yaratmalıdır. Eyni zamanda, proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.
Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.

Məlumat üçün deyək ki, hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsil alırlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdiriliblər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəif eşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar.
Sənəddə bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.

Bundan əlavə, proqramda vurğulanıb ki, məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcək, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrlar hazırlanacaq və ya əlavə təhsilə cəlb olunacaq. Digər tərəfdən, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaq və sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq. Bundan başqa, aidiyyəti qurumlar ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədi ilə keçirilən buraxılış və monitorinq imtahanlarında, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini davam etdirəcək. Aidiyyəti qurumlar həm də yaxın illər ərzində sağlamlıq imkanları məhdud şəxslərin peşə və əmək vərdişlərinə yiyələnməsi üçün müxtəlif peşələr üzrə xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat məktəblərində, ilk peşə-ixtisas təhsili müəssisələrində tədris emalatxanalarının yaradılmasını təmin edəcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018