Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə başçısı şəhid ailələrinə həmişə böyük qayğı ilə yanaşıb” - Millət vəkili
Tarix: 18.09.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkəmizin iqtisadi inkişafı nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.
Qeyd etdiyimiz kimi, bu kontekstdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi vurğulanmalıdır. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısı bu ilin aprel ayında "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə veriləcək.
Təbii ki, sözügedən Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə, bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır. Belə ki, son 15 ildə yüksək səviyyədə davam edən siyasət nəticəsində şəhid ailələrinə, döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısı daim artıb və bu məqsədlə icra olunan proqramlar daha da genişləndirilib. Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib.

Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin, pensiyaların dəfələrlə artırılması təmin olunub. Bu arada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən Nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb.

O bildirib ki, vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı Nazirliyin saytında təqdim olunacaq: "Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək".
Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib ki, ölkə başçısı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına həmişə böyük qayğı ilə yanaşıb. Onun sözlərinə görə, sözügedən fərman ölkə başçısının şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir.
Millət vəkili vurğulayıb ki, uzun müddət idi ki, bu məsələ gündəmdə idi: "Həm Nazirlər Kabineti, həm Milli Məclis bu məsələnin həlli yollarını axtarırdı. Ancaq cənab Prezident fərman verərək öz fondundan bu vəsaiti ayırmaqla məsələni köklü sürətdə həll etdi və dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Bu fərman böyük bir addımdır və sənəddə göstərilən maddələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları artıq işləri yekunlaşdırıblar. Əslində bu, cənab Prezidentin o ailələrə birbaşa öz fondundan verdiyi yardımdır və yüksək qiymətləndirilməlidir”.
M.Quliyev əlavə edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: "Əlbəttə, bu mühüm sənəd həm sosial müdafiə, həm də vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Hərbi qulluqda xidmət edən, döyüşəcək insanlara, onların ailələrinə böyük stimuldur. Bu, cənab prezidentin humanist xarakterindən, Azərbaycan dövlətinin humanist siyasətindən xəbər verən fərmandır. Bu proses başa çatandan sonra növbəti mərhələdə Qarabağ müharibəsi veteranlarına birdəfəlik sığorta ödənişlərinin verilməsi nəzərdə tutulub”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018