Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Distant və və eksternat təhsilalma formaları
Tarix: 19.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda sözügedən təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil

Təhsil Nazirliyi xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına müraciət edib. Nazirlik vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.

Eyni zamanda ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyildir. Bu səbəbdən Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir: “Xaricdə ali təhsil almaq istəyən vətəndaşların hər birindən təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırırıq”.
Qeyd edək ki, distant təhsil sistemi müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran bir sistemdir. Başqa sözlə, məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.
Bir çox tələbələrin işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən beynəlxalq təhsil üçün xaricə getməsi mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Distant təhsildə isə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi var.
Distant təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları daha genişdir.

Xatırladaq ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda ali təhsil almaq formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda bu təhsilin mexanizmi müəyyən olunmayıb. Ona görə də xarici ölkələrdə bu formada təhsil almış şəxslərin diplomları ölkəmizdə tanınmır.
Lakin bununla yanaşı, təhsil sektorunda distant təhsilin genişləndirilməsi uzun zamandır müzakirə mövzusudur. Bu Azərbaycan hökumətinin də gündəmində olan məsələdir. Belə ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə də qeyd olunub ki, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçirilməlidir. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunmalı və bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanmalıdır.
Sənəddə həmçinin bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılmalı, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənməli və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil edilməlidir.
Yol Xəritəsində göstərilir ki, tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri (məsələn, imtahanlar, müsabiqə xarakterli tədqiqatlarda iştirak və s.) müəyyən edilməli və qiymətləndirmə nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında əsas amil kimi nəzərə alınmalıdır.

Məsələ ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz. Onun sözlərinə görə, ölkəmizdə distant təhsilin fəaliyyətə başlamamasına təsir göstərən bir neçə vacib məqam var: "İlk növbədə, bizim ali təhsil müəssisələrimizin tədrisi bu təhsil formasında qurmaları üçün maddi-texniki bazaları yoxdur. Belə ki, distant təhsil zamanı peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsil uzaqdakı şagirdlərə çatdırılır. Amma bizim universitetlərin həm qeyd etdiyim resursları yoxdur, həm də bunu tətbiq edəcək kadr potensialı".
K.Əsədovun fikrincə, Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində hələ də qiyabi təhsilin mövcud olması da buna ciddi şəkildə maneə olur: "Hazırda qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir".
Həmsöhbətimiz xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə edir ki, özləri birbaşa xarici ali təhsil müəssisələrinə sorğu göndərib, Təhsil Nazirliyinə müraciət edərək həmən universitetin ölkəmizdə tanınıb-tanınmamasını, diplomun hansı hallarda tanınacağını öyrənə bilərlər: "Əgər bunu etməsələr, onların 4-5 illik əziyyətləri, vaxtları boşa çıxacaq. Yüksək vəsait sərf edərək əldə etdikləri diplomlar adi kağız parçasına çevriləcək".

K.Əsədov bununla yanaşı deyib ki, hazırda dünyanın bütün nüfuzlu ali təhsil müəssisələrində distant təhsil tətbiq olunur: "Amma etiraf etməliyik ki, bu gün Azərbaycanda mövcud olan ali təhsil müəssisəsinin maksimum 10-da bu standartlar çərçivəsində tədris prosesini həyata keçirmək mümkündür. Distant təhsildə şagird, tələbə auditoriyada olmadan onlayn kamera vasitəsilə dərslərə qoşulub mühazirələri dinləyə bilir. Bunun üçün ilk növbədə kommunikasiya olmalıdır. Bu gün heç bir universitetdə bu, həyata keçirilmir. Ali təhsil müəssisələrində veb-kameralar, yalnız təhlükəsizlik və nəzarət missiyasını həyata keçirir. Təbii ki, burada distant təhsil sisteminin iqtisadi tərəflərinə də diqqət çəkmək lazımdır. Məsələn, dərsliklərin, sual kitabçalarının, test tapşırıqlarının hazırlanması zamanı xarici ölkədən baha qiymətə alınan kağız materiallardan istifadə edirik. Əgər elektron resurslar üzərində bunu həyata keçirsək, kifayət qədər maliyyə itkisindən azad olarıq. Bundan başqa, təhsildə mənfi hallar aradan qalxar. Çünki, bu gün bir çox tələbə və şagirdlər dərsə getmədiklərinə görə, bu və ya digər formada dekana, rektora, məktəb direktoruna, sinif rəhbərinə nələrsə təklif edirlər. Distant təhsilin həyata keçirilməsi bu problemlərin də aradan qalxmasına gətirib çıxaracaq. Digər tərəfdən imtahanların elektron qaydada keçirilməsi genişlənəcək. Bu, optimal imtahan qaydalarından biri hesab olunur. Yəni, imtahan bitən kimi nəticələr bəlli olur. Amma standart imtahanlarda isə nəticələr bir neçə günə, hətta bir neçə həftəyə bəlli olur. Buna görə də distant təhsil formasının genişləndirilməsindən narahat olmaq lazım deyil. Əksinə, bu təhsil sahəsinə yeni nəfəs gətirilməsi deməkdir”.

Ekspert həmçinin bildirib ki, ali təhsil sahəsində distant təhsilə keçidi zəruri edən amillərdən biri də xaricdən tələbə axının təmin oluna bilməsidir: "Bu gün insanlarımız kütləvi şəkildə xarici universitetlərdə təhsil almağa gedirlər. Bu da maliyyə itkisinə gətirib çıxarır. Onsuz da neftdən gələn gəlirlərimiz aşağı düşüb. Bu gün təkcə Türkiyədə 15 min vətəndaşımız təhsil alır. Görün nə qədər pul kütləsi Azərbaycandan kənara çıxır. Distant təhsilə keçsək, pul vəsaitimiz ölkədə qalar. Bundan başqa, xarici universitetlərdə təhsil almağa meyl edən gənclər ölkəyə qayıdarlar. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana, təhsil almaq üçün kütləvi axın başlayar".

Aysel Həsənova

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018