Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İmtahan sualları kurikuluma uyğunlaşdırılır
Tarix: 21.09.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələn il qəbul imtahanları suallarının tərkibində müəyyən dəyişikliklər olacaq

Ali məktəbə qəbul olan, amma təyin edilmiş müddətədək daxil olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyentlərin müraciətlərinə fərdi şəkildə baxılıb. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib. M.Abbaszadə əlavə edib ki, əvvəllər ali məktəbə qəbul olan abituriyentlərin təxminən 12-13 faizi qeydiyyatdan keçmirdi: "Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən bizə müraciətlər daxil oldu. Biz onlara fərdi şəkildə baxdıq. Elə olub ki, ali məktəbə qəbul olan, amma ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyent sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi olaraq baxmışıq. Elə hallar da olub ki, abituriyentin təhsil haqqı köçürülüb, amma o qeydiyyatdan keçməyib. Bunları nəzərə alaraq belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik".
DİM sədri həmçinin gələn tədris ili üzrə ali məktəblərə qəbul imtahanları ilə bağlı məsələyə toxunaraq deyib ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq. Onun sözlərinə görə, abituriyent bu balın 300-nü maksimal olaraq buraxılış imtahanı zamanı, maksimal 400 balı isə qəbul imtahanı zamanı toplaya biləcək: "Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur".
M.Abbaszadə qeyd edib ki, gələn ildən tətbiq olunacaq yeni model ictimaiyyətə bir il əvvəl təqdim olunub: "Məlumdur ki, hazırda qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 fənn təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib".

M.Abbaszadə əlavə edib ki, gələn il qəbul imtahanlarının suallarının tərkibində də müəyyən dəyişikliklər olacaq: "Bu isə ölkədə tətbiq olunan kurikulum sistemindən irəli gəlir. Eyni zamanda, sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirdik. Bu imtahan 10-cu sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirəcəyik".
Xatırladaq ki, 2006-cı ildən ölkəmizdə yeni bir sənəd - "Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)" qəbul olunub. Bu sənədin tətbiqində məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir.

Kurikulum islahatları tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Belə olduqda şagird dinləyici deyil, fəal icraçı, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən subyektə çevrilir. Ümumiyyətlə, kurikulum islahatlarında əsas prinsiplər tələbyönümlülükdən, nəticəyönümlülükdən, şagirdyönümlülükdən, inkişafetdiricilikdən ibarətdir.
Yeni təlim texnologiyalarının tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir. Məsələn, ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir. Müasir dərsdə gözlənilən nəticə əsasən alınır və dərs şəxsiyyətyönümlü olur.
Həmçinin müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və s.
Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır.

Məsələ ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, hazırda tətbiq olunan kurikulum sistemi hamı tərəfindən birmənalı qarşılanmır: “Qəbul imtahanlarının formatında tez-tez yerli-yersiz dəyişikliklərin edilməsi valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur. Yeni modelə əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunan qiymətləndirmə vasitələrindən istifadə olunacaq. 2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının da cari ilin məzunların kimi ikimərhələli imtahanda iştirak etməsi “Yeni model”in tətbiqinə hesablanan növbəti addımdır”.

Nadir İsrafilov qeyd edib ki, hazırda ali təhsilin hamı üçün əlçatan olması məsələsinə xüsusi diqqət ayrılıb: “Bu məqsədlə məzunlara qəbul zamanı əlavə olaraq ikinci şans verilir, bəzi universitetlərin nəzdində hazırlıq kurslarının fəaliyyət göstərməsi nəzərdə tutulub. Ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri arasında öncül yerlərdən birini tutmağı hədəfləmişik. Əgər ali təhsili hamı üçün əlçatan ediriksə, əvvəlki illərin məzunları niyə bu şansdan yararlanmasınlar? Bu addımın hansısa keyfiyyət dəyişikliyinə səbəb olacağını hesab etmirəm. Lakin kəmiyyət artımına hesablanması şübhəsizdir. Dərsliklərdə, tədris planı və proqramlarında olan dəyişiklik və yenilikləri bir daha vərəqləyib mənimsəmək və növbəti imtahanda iştirak etmək üçün əvvəlki illərin məzunları xeyli zəhmət çəkməli, müəyyən problemlərlə üzləşməli olacaqlar. Qaydaların tez-tez dəyişdirilməsində ifratçılığa yol verməyin tam əleyhinəyəm. Sistem tam oturuşana qədər qaydaların mütəmadi olaraq dəyişdirilməsi hələ müəyyən müddətə qaçılmaz olacaq”.

Bununla belə ekspert qiymətləndirmə zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasını yeni modelin müsbət cəhəti kimi dəyərləndirib: "Bu model gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirməkdə, abituriyentin ali məktəbə qəbulunu təmin etməyin mümkünlüyünə imkan verəcək. Bunlar hamısı eksperiment xarakterli tədbirlərdir. Təbii ki, bunlar birmənalı qarşılana bilməz. Görünür, dəyişiklik prosesi hələ uzun müddət davam edəcək. Hələ tam kütləvi təmayülləşməyə, 12 illik təhsilə keçmə məsələlərimiz var və bunlar yeni xarakter alacaq. Hesab edirəm ki, biz yalnız bu qayda ilə kifayətlənən deyilik. Hərçənd, bu qaydaları tam təkmil hesab etmək olmaz, amma köhnə qaydalarla müqayisədə şübhəsiz ki, bunlar irəliyə addımdır. Orta məktəbi "əla" qiymətlərlə bitirən şagird ali məktəblərə qəbul imtahanlarına "3"ə bərabər nəticə göstərir. Bu zaman da Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzini, DİM də orta məktəbləri "günah keçisi" elan edir. İstənilən halda isə hər iki imtahandan birində qeyri-obyektivlik var. Yeni model məhz bu cəhətdən faydalıdır ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınacaq. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolunu oynayacaq".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018