Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beşgünlük təlim, gömrük imtahanından beş alan jurnalistlər - Reportaj
Tarix: 01.10.2018 | Saat: 13:48:00
Bölmə:Reportaj | çapa göndər

Sentyabrın 25-də Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlimində iştirak etmək üçün bir qrup jurnalist adıçəkilən qurumun təşkilatçılığı ilə Bakıdan şimal bölgəmizə - Qusara yola düşdük. Yol boyu düşünürdüm ki, budəfəki təlim də sıradan bir yığıncaq olacaq, gələcəklər, görülən işlər barəsində danışacaqlar və gedəcəklər. Axşam saatlarında Qusara – beşgünlük təlimlərimizin keçiriləcəyi “Zirvə” otelinə çatdıq.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov elə ilk dəqiqələrdən jurnalistlərlə qaynayıb qarışmağa başlamışdı. Hələ adıçəkilən idarənin əməkdaşı Şahin Rzalını demirəm, yol boyu şən zarafatları, jurnalistlərin hər birinə istiqanlı münasibəti ovqatımızı qaldırır, eyni zamanda təlimin ruhuna kökləyirdi.

Açığını deyəcəyəm, ilk dəfə idi ki, Dövlət Gömrük Komitəsinin (DGK) təlimlərinə qatılırdım. Qurumun fəaliyyəti ilə bağlı məlumatlarım isə səthi idi. Filan qədər narkotik vasitə ələ keçirildi, DGK əməkdaşları qaçaqmal yolu ilə ölkəmizə keçirilməsinə cəhd göstərilmiş malları müsadirə etdi və s.

 

Təlimin ilk günü...

Yerləşdik. Sabah oldu, təlimlərimiz başladı. Təlimin ilk dəqiqələrində bizə mühazirə oxuyacaq, görüləcək işlər barədə danışacaq səlahiyyətli şəxslər bizlərə təqdim olundu. Diqqətimi bir nüans çəkdi. Gömrük xidməti haqqında bizi ətraflı məlumatlandıran şəxslərin hamısı gənclər idi. Tədbirimizin ilk günü giriş nitqini Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev açdı. Son dövrlərdə komitədə keçirilən islahatlardan danışdı. Bildirdi ki, hazıda DGK-nın qarşısındakı əsas məqsəd prosedur qaydalarının sadələşdirilməsidir. Hətta sədr müavini jurnalistləri də müjdələdi. Bildirdi ki, Ticarətin Asanlaşdırılması Mərkəzi yaxın gələcəkdə istifadəyə veriləcək. İqbal müəllim onu da söylədi ki, Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində tikilən binanın açılışı artıq baş tutub və bir-iki ay ərzində Ticarətin Asanlaşdırılması Mərkəzi insanların istifadəsində olacaq. Mərkəz həm də qonşu Gürcüstanla ticarət dövriyyəsinin artırılmasında böyük rol oynayacaq.

DGK-da islahatlar məsələsinə geniş şəkildə toxunan komitənin sədr müavini onu da vurğuladı ki, qurumda aparılan bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. İqbal müəllim onu da bildirdi ki, komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.

Beləcə təlimin ilk günü dinamik və şən notlarla start götürdü.

Elə birinci gün Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev təqdimatlarla çıxış etdilər.

İran sərhəddinə “B-Scan” gəlir...

Təlim müddətində yadda qalan çıxışlardan biri də Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədovun mühazirəsi idi. O, xidmətə nəzarətin predmetindən tutmuş, gömrükçülərin qaçaqmalçılığa qarşı mübarizədə istifadə etdiyi ən son model avadanlıqlardan da söhbət açdı. Anar Məmmədov da özündən əvvəlki həmkarlarının ənənəsini pozmadan söhbətinin sonunda bizə ölkəmiz adına sevindirici bir xəbər verdi. Dedi ki, ilin sonuna kimi Dövlət Gömrük Komitəsi "Body Scan" (B-Scan) yoxlama aparatı almağı planlaşdırır. İndi soruşacaqsınız ki, bu “Body Scan” nəmənə şeydir. Anar müəllim bizim də beynimizdə sual yaradan bu aparat haqda dolğun məlumat verdi. Söylədi ki, bu qurğu vasitəsi ilə daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq. Hə, bir məsələni də qeyd edim ki, yeni avadanlıqlar əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində və digər məntəqələrdə yerləşdiriləcək.

Təlimlər bir-birini əvəz etdikcə DGK haqqında daha müfəssəl məlumatlara yiyələnirdik. Baza biliklərimiz daha da möhkəmlənirdi. Təlim iştirakçıları, yəni biz "Malların gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi", eləcə də "Yaşıl dəhliz" və digər buraxılış sistemləri", "Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər", "Sərnişinlər üçün nəzərdə tutulan "Yaşıl dəhliz" və "Qırmızı dəhliz" buraxılış sistemləri", "Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu" mövzularında bilgiləndirildik.

Jurnalistlər gömrükçü kimi...

Təlimin yadda qalan məqamlarından biri də media nümayəndələrinin "Samur" Gömrük Postuna səfərinin təşkil edilməsi idi. Qadığımız oteldən təxminən bir saatlıq məsafədə yerləşən “Samur” postuna ilk dəfə idi ki, daxil olurdum. Səsli-küylü, izdihamlı bir gün idi. Gömrük postunun baş inspektoru Nicat Muxtarlı ilə söhbətləşdik. Baş inpektor dedi ki, postdan idxala gələn nəqliyyat vasitələrinin sayı mövsümə görə dəyişir. Nicat müəllim onu da vurğuladı ki, gün ərzində idxala gələn nəqliyyat vasitələrinin sayı 150-160, ixraca gedən nəqliyyat vasitələri isə 300-400 sayda olur. İxraca gedən yük avtomobillərinin sayı isə hal-hazırda 120-130 ədəddir. Baş inspektor etiraf etdi ki, idxala gələn avtomobillərdə bəzən insanlar qanundan kənar mallar keçirməyə cəhd edirlər. Bu hal gündəlik olmasa da həftədə bir-iki dəfə baş verir. Nicat müəllim onu da söylədi ki, əsasən İrandan gələn avtomobillərdən narkotik maddələr aşkar edilir. Hətta bəzən 500 kiloqramlıq narkotik də aşkarlanır.

İdxal Gömrük Nəzarəti Xəttinin inzibati binasına daxil oluruq. Rusiyadan ölkəmizə gələn şəxslərin ciddi yoxlandığını görürük. Sərhəddi keçənlərin bədəni də, çantaları da ciddi şəkildə yoxlanılır, adiyyatı üzrə suallar verilir və tez bir zamanda yola salınır. Onu da diqqətə çatdırım ki, gömrükçü ilə sərhəddi keçən şəxs arasında ünsiyyət minimum səviyyədədir. 

Gündəlik gömrük prosedurları bizə izah olundu. Hamımız iş başında olan gömrük mayorunun başına toplaşdıq. Özü də xanım idi. Ölkəmizə əlidolu, yük çantaları ilə daxil olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hansı prosedurlardan keçdiyi əyani-praktiki izah formaları ilə media nümayəndələrinə başa salındı. Yəni, təlim günlərində nəzəri formada bizə öyrədilənlərin praktikasını birbaşa praktiki olaraq görürdük. Hətta şərti olaraq xanım jurnalistlərimizdən birinin ümumvətəndaş pasportu gömrük əməkdaşı tərəfindən sistemə daxil edildi. Ölkəyə daxil olan (şərti) şəxs barəsində bütün məlumatlar monitorda göründü. Şəxsin, ölkə sərhəddini bir təqvim ayı ərzində neçə dəfə keçdiyi, 30 kq mal həcmini keçib-keçmədiyi burada bir neçə saniyə ərzində gömrük əməkdaşlarına, eləcə də bizə məlum oldu. Sonra jurnalistlər bir saat ərzində gömrükçülərin gündəlik gördüyü işləri yerinə yetirdilər. Təbii ki, peşəkarların nəzarəti arxasında. Artıq mən də yoxlama aparatlardan istifadə qaydasını mənimsəmişdim. Çünki çox asan izah edilmişdi.

Mini zavod qurmaq istəyənin “dərdi”...

Bayır müşahidəsi zamanı gördük ki, hətta mini zavod qurmaq üçün lazım olan avadanlıqları belə fərdi qaydada, heç bir sənəd olmadan gömrükdən keçirmək istəyənlər var. Bildirildi ki, bu cür mallar yalnız müvafiq qaydada, sənədlər tam hazır olduqdan sonra ölkəyə buraxılır. Hətta 30 təqvim günü ərzində 30 kiloqramlıq malın ölkəyə keçirilməsinin azlığından narazı olanlar da var idi. Gömrükçülər həmin şəxslərə bunun səbəbini izah edir, məqsədin daxili bazarı qorumağa yönəlik olduğunu bildirirdilər. Amma başa düşəni də vardı, düşməyəni də...

5 yaşlı “Con”un məharəti...

...Sonra ölkəyə daxil olan iri tonnajlı və digər maşınların yoxlanışı prosesini izləyirik. Gənc gömrükçü oğlan "Con" adlı xidməti işləri yerinə yetirən iti bizə təqdim edir. Gömrükçü kinoloji mərkəzdə öyrədilən iti çağırır. Deyir ki, "Con"un əsas vəzifəsi gizli yollarla ölkəyə ötürülməsinə cəhd göstərilən narkotik vasitələri aşkara çıxarmaqdır. Onu da bildirir ki, xidməti itlərin bir çoxu yerli cinsdir, əsasən yerli əhalidən pulla alınır. Sonra "Con"un məharətlərini izləyirik. Beləcə Samur Gömrük Postunu ziyarətimiz başa çatır. Xoş təssüratla geri dönürük.

Sentyabrın 29-da beşgünlük təlimimiz başa çatdı. Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov da iştirak etdi. Az qalmışdı ki, yadımdan çıxsın, onu da deyim ki, Bağlanış mərasimindən əvvəl dörd gün boyunca iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparıldı. Jurnalistlər 5 günün hesabatını verdilər. Sınaqdan yaxşı çıxdılar. Əla çıxanlar isə qiymətli hədiyyələrlə mükafatlandırıldı. Sonda bütün iştirakçılara – jurnalistlərə qiymətli hədiyyələr, sertifikatlar təqdim olundu. Günorta saatlarında isə Qusarla, Şahdağla, “Zirvə” ilə sağollaşıb Bakıya yola düşdük.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018