Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əməkhaqqında “vahid vergi yükü” dönəmi başlayır
Tarix: 04.10.2018 | Saat: 18:13:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Gələn ildən Azərbaycanda əməkhaqqından vahid verginin tətbiqi nəzərdə tutulur. Hələlik bu sistemin hansı mexanizmlə həyata keçiriləcəyi barədə detallar məlum olmasa da, yeni sistemin işəgötürənləri əməkhaqlarını leqallaşdırmağa sövq edəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin ortasında Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov bunun siqnalını verərək vergi sistemi üçün inqilabi dəyişiklik olacağını deyib. Nazir bildirib ki, əməkhaqqından vahid vergi yükü ölkə Prezidentin tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. İslahat əməkhaqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur. Nazirin sözlərinə görə, vahid vergi yükünün tətbiqində məqsəd işəgötürənləri əməkhaqlarını leqallaşdırmağa sövq etməkdir: «Hazırda vergi ödəyicisi əməkhaqqı ödənişi ilə bağlı vergi və sosial ayırmalar üçün kifayət qədər vəsait ödəyir. Bu dəyişiklikdən sonra isə əməkhaqqı üzrə gəlir vergisi və sosial ayırmalar üzrə hesablamalar vahid vergi yükü altında cəmləşdiriləcək».

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə bildirib ki, Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər.

Onun sözlərinə görə, hər iki qurumun səyi nəticəsində vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək.

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə açıqlayan vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, əgər müvafiq qanunvercilik bazasına dəyişikliklər edilərsə, sözügedən sistemin tətbiqinə gələn ilin yanvar ayından başlana bilər. Mütəxəssisin sözlərinə görə, vahid vergi sistemi işəgötürənlərin vergi yükünü xeyli yüngülləşdirəcək:

“Burada söhbət işəgötürənlərdən əlavə vergi tutulacağından getmir. Məsələn, mövcud vəziyyətdə işçilərin əməkhaqqından 14 faiz dərəcə ilə gəlir vergisi və 3,5 faiz dərəcə ilə sosial sığorta ayırmasının tutulması ilə yanaşı, işəgötürən tərəfindən əlavə olaraq 22+0,5 faiz dərəcəsi ilə sosial sığorta ayırması hesablanır və işəgötürənin vəsaiti hesabına maliyyələşir. Bu isə müəssisələr üçün böyük vergi yükü yaradır. Belə şəraitdə əməkhaqlarını şəffaf şəkildə bəyan etmək azgəlirli sahibkarlar üçün cəlbedici görünə bilməzdi. Bu addım isə işəgötürənləri əməkhaqlarını leqallaşdırmağa sövq edəcək».
Ekspert həmçinin vurğulayıb ki, vahid verginin tətbiqi işəgötürənlərin vergi yükünü azaltmaqla bərabər əlavə maliyyə əməliyyatları aparmaqdan da xilas edəcək. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də əməkhaqqından vahid verginin tətbiqi təcrübəsi var və bu məbləğ sosial sığorta və vergi məbləğini əvəz edir: “Məsələn Rusiya və Gürcüstanda belə təcrübə mövcuddur. Adətən vahid vergi dərəcəsi 20 faiz həddində olur. Yəni əmək haqqından 20 faiz sosiala vergi hesablanıb büdcəyə ödənilir və sahibkar əlavə olaraq sosial sığorta ödəməsi etmir. Buna “sosial vergi” də deyilir. Məhz bu səbəblər nəzərə alınmaqla hesab edirəm ki vergi orqanı belə bir yola getməklə əmək haqqı sahəsində leqal məbləğlərin bərpa edilməsi üçün sahibkara maliyyə yükü az yaradan addımı atmalıdır. Səsləndirilən təkliflər qanunvericilikdə təsbit olunacağı halda sahibkarların vergi yükü xeyli yüngülləşməsi ilə nəticələnəcək. Bundan əlavə olaraq qeyd etmək istərdim ki, əhalinin bir qismi bəzən sahibkarın vergi yükünün azalaçağını və onun əksi olaraq isə işçilərin vergi yükünün artaçağını düşünürlər. Amma vergilər nazirin çıxışına diqqətlə qulaq asdıqda müəyyən etmək olur ki, hələki faiz dərəcəsi və faiz dərəcəsinin şəxslər arasında bölüşdürülməsi bəlli olmasada işçilərin vergi yükü 14 faiz dərəcədən artıq olmayacaq. Yəni şəxslər arasında sosial vergi bölüşdürülərkən işçinin umumilikdə vergi yükü 14 faiz və ya 14 faizdən aşağı olacaq”.

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə açıqlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı deyib ki, hazırda bu istiqamətdə müzakirələr davam etdirilir:

“Hələlik bununla bağlı dəyişikliklər hazır deyil. Hazırda bu və digər islahatlarla bağlı müzakirələr davam etdirilir. Bu istiqamətdə müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir”.
Onun sözlərinə görə, yaxın aylar ərzində qanunvericiliyə dəyişiklik edilərsə, yeni ildən sistemin tətbiqə başlanılması gözləniləndir.
Yeni sistemin işəgötürənlərin, yoxsa işçilərin vergi yükünə təsir edəcəyinə gəlincə, qurum rəsmisi bu barədə heç bir məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, hələ ki, bu barədə danışmaq tezdir və bununla bağlı detallar üzərində müzakirə aparıldığından konkret fikir söyləmək mümkün deyil.
Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018