Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ey, hörmətli müəllim!
Tarix: 04.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

5 oktyabr Ümumdünya Müəllimlər Günü 100-dən çox ölkədə xüsusi qeyd edilir

5 oktyabr Ümumdünya Müəllimlər Günüdür. Qeyd edək ki, 1966-cı il oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında”adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
YUNESKO-nun hesablamalarına görə, orta təhsilin yüksək səviyyədə təşkil olunması üçün 2030-cu ilə qədər 3.3 milyon müəllimin təhsil sisteminə cəlb edilməsi vacibdir. Belə ki, Davamlı İnkişaf Məqsədlərinə çatmaq, uşaqları orta təhsillə təmin etmək üçün dünyada 69 milyon müəllim çatışmır. Azərbaycanda da müəllim çatışmazlığını ən kəskin şəkildə hiss edən məktəblər var. Amma bu problem ilbəil aradan qaldırılır. Hazırda ölkəmizdə gələcək nəslin təlim-tərbiyəsi ilə 150 minə yaxın müəllim məşğul olur.

Qeyd edək ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Ulu öndərin təhsillə bağlı strateji məqsədi uğurla davam etdirilir. Prezident İlham Əliyev təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb, ölkəmizdə bu istiqamətdə beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadəsi ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, bir sıra təhsil ocaqları əsaslı təmir edilib. 2003-cü ildən indiyədək bu say 3 mindən çoxdur.Təhsil ocaqları müasir avadanlıqla, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib, tədris prosesi müasirləşdirilib, dərsliklər şagirdlərə pulsuz paylanır.

Təbii ki, Prezident İlham Əliyevin dərs ili ərəfəsində yeni tikilən, əsaslı təmir olunan təhsil ocaqlarında olması, orta məktəblərin təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisidir. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərindən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bölgələri də əhatə edir. Müasir məktəblər təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər isə yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında da mühüm rol oynayır.
Ölkəmizdə təhsil işçilərinin əmək haqqının artırılması, onların mükafatlandırılması, fəxri adlara layiq görülməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar isə təhsil işçiləri üçün böyük stimuldur, eyni zamanda, onların məsuliyyətini artırır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Təhsil İnkişafı üzrə Dövlət Strategiyası”nın, Azərbaycanın yeni təhsil fəlsəfəsinin əsas istiqamətlərindən biri də məhz müəllim şəxsiyyəti ilə bağlıdır. Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Daha sonra strategiyada bildirilir ki, müəllim amili təhsilalanın inkişafında həlledici rol oynayır. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.
Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Eyni zamanda, təhsil strategiyada göstərilir ki, səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əməkhaqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlətin bu fəaliyyət proqramına son dərəcə böyük dəstək verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə müasir tələblərə cavab verən çox sayda məktəb tikilib, uşaq evləri və internat məktəbləri əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib və bu proses davam etdirilir. “Təhsilə dəstək” layihəsi isə məktəblərin əyani vasitələrlə təminatında mühüm rol oynayır.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov müəllim nüfuzunun artırılmasından danışarkən Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəllimin nüfuzunun zəifləməsini əsaslandıran 3 səbəbə diqqət çəkib: “Strategiyadan çıxan nəticə budur ki, müəllim nüfuzunun düşməsi ilk növbədə peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması ilə bağlıdır. Təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi ikinci səbəb hesab edilib. Üçüncü əsas səbəb olaraq isə müəllimin hazırlanması üzrə infrastrukturun zəif olması göstərilib. Odur ki, Strategiyada müəyyən edilən prioritetlər siyahısında ilk növbədə müəllim nüfuzunun yüksəldilməsi dayanıb. Bu istiqamətdə artıq tədbirlərə də başlanılıb. Gənc müəllimlərə yönəlik stimullaşdırıcı tədbirlər nəzərdə tutulub, “Gələcəyin müəllimi” təqaüdü təsis edilib. Nəhayət, müəllim əməyinin stimullaşdırılması və əməkhaqqına diferensial yanaşma məqsədi ilə 2015-ci ildən başlayaraq, diaqnostik qiymətləndirmə, başqa sözlə, müəllimin topladığı bala uyğun dərs bölgüsünün proporsional bölünməsi həyata keçirilir. Lakin bununla yanaşı, indiyədək müəllim nüfuzunun zəifləməsi sırf pedaqoji amillərlə bağlı olmayıb. Müəllim nüfuzuna cəmiyyətdə gedən proseslər xələl gətirib və yüksək texnologiyaların insan amilinin önünə keçməsi, repetitorluğun inkişafı, ayrı-ayrı kursların təbliği və s. müəllim nüfuzuna təsirsiz ötüşməyib. Bundan başqa, son zamanlar da davam edən, hətta daha tez-tez səslənən bir tendensiya müşahidə olunur: “Mətbuatda müəllimin şəxsiyyətini aşağılayan ifadələr yer alır. “Savadsız”, “Saxta müəllimlər”, “Məktəbin direktoru işdən qovuldu”, “Müəllim imtahandan kəsildi” kimi sözlər və fikirlər müəllim nüfuzuna təsir edir. Yaxud “Pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi bəyanatlar da müəllim nüfuzuna xələl gətirir. Yəni, düşünürəm ki, belə məsələlərdə diqqətli olmaq vacibdir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018