Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Buraxılış və qəbul imtahanları yeni formatda
Tarix: 09.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələn il tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin detalları məlum olub

Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detalları açıqlanıb. DİM-dən verilən məlumata görə, 9 illik təhsil bazasında buraxılış imtahanı 2 mərhələdə keçiriləcək.

Qaydalara əsasən, I mərhələdə imtahan müddəti 3 saat nəzərdə tutulub. Məzunlar 3 fəndən – tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillərdən (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) imtahan verəcəklər. Hər fənn üzrə maksimal bal 30 nəzərdə tutulub. Tədris dili üzrə tapşırıqların sayı 20-dir və məzunlara 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq+5 qapalı) təqdim olunacaq. Riyaziyyat fənni üzrə 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) veriləcək. Xarici dillər üzrə təqdim olunacaq tapşırıqların sayı isə 15-dir. Dinləmə mətninə dair ( publisistik və ya dialoq) 6 tapşırıq ( 4 qapalı+2 yazı tələb olunacaq açıq), oxuyub-anlama mətninə dair 9 tapşırıq ( 5 qapalı+4 yazı tələb olunacaq açıq) təqdim olunacaq.
II mərhələ üzrə imtahan müddəti - 2 saat 15 dəqiqə nəzərdə tutulub. Məzunlar 3 fəndən – tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillərdən (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) imtahan verəcəklər. Hər fənn üzrə maksimal bal 70 nəzərdə tutulub. Qaydalara əsasən, məzunlar hər fənn üzrə 30 qapalı sualı cavablandıracaqlar.

11 illik təhsil bazasından buraxılış imtahanına gəlincə, imtahan 1 mərhələdə keçirilir və müddəti 3 saat nəzərdə tutulub. Məzunlar 3 fəndən – tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillərdən (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) imtahan verəcəklər. Hər fənn üzrə maksimal bal 100 nəzərdə tutulub. Tədris dili üzrə tapşırıqların sayı 30-dir və məzunlara oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq+5 qapalı) və dil qaydalarına dair 10 qapalı tapşırıq təqdim olunacaq. Riyaziyyat fənni üzrə tapşırıqların sayı 25-dir və bu fənnə dair 7 həllin yazılması tələb olunan açıq tapşırıq+5 açıq tapşırıq+13 qapalı tapşırıq veriləcək. Xarici dillər üzrə təqdim olunacaq tapşırıqların sayı isə 30-dur. Məzunlara dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; dil qaydalarına dair 16 qapalı tapşırıq təqdim olunacaq. Qəbul imtahanı üzrə maksimal bal 400, imtahan müddəti isə 3 saatdır. I qrup üzrə abituriyentlərə riyaziyyatdan 30 tapşırıq, (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) təqdim olunacaq. Bu fənn üzrə nisbi əmsal 1,5-dir. Fizikadan 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) veriləcək. Bu fənn üzrə nisbi əmsal 1,5-dir. Kimyadan 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) nəzərdə tutulub və bu fənn üzrə nisbi əmsal 1-dir.

II qrup üzrə abituriyentlərə riyaziyyatdan 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) təqdim olunacaq və bu fənn üzrə nisbi əmsal1,5-dir. Coğrafiyadan 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) nəzərdə tutulub və nisbi əmsal 1,5-dir. Tarixdən 30 tapşırıq (22-qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı mənbə) veriləcək və bu fənn üzrə nisbi əmsal 1-dir.
III qrup üzrə abituriyentlərə Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn) nəzərdə tutulub və nisbi əmsal 1,5-dir. Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mənbə) nəzərdə tutulub və nisbi əmsal 1,5-dir. Ədəbiyyat-30 tapşırıq (22 qapalı+5 açıq + yazılması tələb olunan 3 tapşırıqlı mətn) veriləcək və nisbi əmsal 1-dir.
IV qrup üzrə abituriyentlərə biologiya - 30 tapşırıq (22 qapalı +5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) nəzərdə tutulub və nisbi əmsal 1,5-dir. Kimya - 30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) nəzərdə tutulub və nisbi əmsal 1,5-dir. Fizika -30 tapşırıq (22 qapalı+5 açıq +həllin yazılması tələb olunan 3 tapşırıqlı situasiya) veriləcək və nisbi əmsal 1-dir.

Məlumatda o da bildirilib ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Bundan başqa, tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Xatırladaq ki, Azərbaycanda buraxılış və qəbul imtahanlarının yeni formatda keçirilməsi ölkədə tətbiq olunan kurikulum sistemindən irəli gəlir. Belə ki, 2006-cı ildən ölkəmizdə yeni bir sənəd - "Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası (Milli Kurikulum)" qəbul olunub. Bu sənədin tətbiqində məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir. Kurikulum islahatları tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Belə olduqda şagird dinləyici deyil, fəal icraçı, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən subyektə çevrilir. Ümumiyyətlə, kurikulum islahatlarında əsas prinsiplər tələbyönümlülükdən, nəticəyönümlülükdən, şagirdyönümlülükdən, inkişafetdiricilikdən ibarətdir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018