Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda ənənəvi Beynəlxalq Təhsil sərgisi başlayır
Tarix: 10.10.2018 | Saat: 17:55:00
Bölmə:KİVDF | çapa göndər

Builki tədbirdə həm yerli, həm də xarici təhsil müəssisələri öz təhsil imkanlarını nümayiş etdirəcəklər

11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir.

Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti, baş sponsoru qismində isə “Kapital Bank” çıxış edir.
Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus Respublikası, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edəcək. Litva (Study in Lithuania), Rusiya (Study in Russia), Türkiyə (Study in Turkey) və Çex Respublikası öz təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə çıxış edirlər. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq.

Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır. Bu il “Dərs Evi” dil kursları və “Sevimli Bala” uşaq bağçası sərgidə debüt edir. Sərgidə yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kursları ilə çıxış edir.
Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçıları, eləcə də iştirakçılar və xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında “B2B” formatlı görüşlər keçiriləcək. Həmçinin “Azərbaycanda və ya xaricdə təhsil? Məşhur sual” və “Ali təhsil üçün düzgün ölkə seçimi və ora aparan yol” mövzularında seminarlar təşkil olunacaq.
Təhsil sərgisi ilə paralel 12-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2018” sərgisi də start götürəcək. Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq.

Qeyd edək ki, təhsil sahəsində beynəlxalq əlaqələrin mühüm istiqamətlərindən biri də ayrı-ayrı ölkələrlə birbaşa təhsil əlaqələrinin qurulması, əməkdaşlıq haqqında saziş və protokolların imzalanmasıdır. Təcrübə göstərir ki, müxtəlif ölkələrlə təhsil sahəsində yaradılan əməkdaşlıq birgə proqram və layihələrin reallaşdırılmasına, tələbə, müəllim mübadiləsinə, təhsil sənədlərinin qarşılıqlı tanınmasına, innovasiyaların tətbiqinə, ümumilikdə ölkə təhsilinin inkişafına və beynəlxalq aləmə inteqrasiyasına əlverişli imkan yaratmaqla yanaşı, son nəticədə ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşəkkülünə gətirib çıxarır. Təqdirəlayiq haldır ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində yaradılmış səmərəli əməkdaşlıq əlaqələri xeyli genişləndirilib. Belə ki, hazırda Azərbaycanın ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Pakistan, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Avstriya, Qazaxıstan, Özbəkistan, Rumıniya, Latviya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Tacikistan və sair kimi ölkələrlə birbaşa təhsil əlaqələri mövcuddur. Həmin ölkələrlə beynəlxalq əməkdaşlıq Azərbaycanın milli maraqlarına və ölkə prezidenti tərəfindən müəyyən olunmuş xarici siyasət strategiyasına uyğun həyata keçirilir.

Demək olar ki, ölkəmizdə keçirilən beynəlxalq təhsil sərgiləri də xarici əlaqələrin inkişafı etdirilməsi istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsi sayıla bilər. Bu baxımdan, ölkəmizdə beynəlxalq təhsil sərgilərinin keçirilməsi artıq ənənə halını alıb və hər il iştirakçıların geniş marağına səbəb olur. Bir məqamı da vurğulayaq ki, keçirildiyi illər ərzində sərgidə ümumilikdə 800 şirkət iştirak edib. Hər il 10 min nəfərdən çox ziyarətçi bu sərgi sayəsində yerli və xarici təhsil müəssisələri, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları və digər mühüm məsələlər barədə ən dürüst məlumata sahib olurlar. Azərbaycanlı tələbələr isə "Təhsil" sərgisi sayəsində xarici ali təhsil müəssisələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.
Xatırladaq ki, 2016-cı ildə "Təhsil" sərgisi dünyanın 14 ölkəsindən 118 iştirakçını bir araya gətirərək 60-dan çox fakültə təqdim edilib. İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, İordaniya, Latviya, Litva, Macarıstan, Polşa, Çexiya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri də olub. Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edib və onların arasında Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") və Türkiyə (Study in Turkey) çıxış ediblər. Ötən il isə sərgidə dünyanın 24 ölkəsindən 144 nümayəndə iştirak edib. Sərginin “Xaricdə təhsil” sektorun çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim ediblər.

Müşahidələr göstərir ki, təşkil olunan sərgilərdən sonra xaricdə təhsil alan gənclərin sayında də artım müşahidə olunur. Mütəxəssislərin fikrincə, təhsil sərgilərində iştirak edən gənclərin xaricdə təhsil almaq arzularını reallaşdırmaq üçün bilavasitə təhsil verənlərlə, xarici təhsil institutları ilə birbaşa ünsiyyət imkanları olur və hər dəfə ölkədə keçirilən təhsil sərgilərindən sonra çoxlu sayda tələbələrin sərgilərdə iştirak edən universitetlərə qəbul olunması faktı müşahidə olunur. Yəni, bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur. Digər tərəfdən bu kimi tədbirlər Azərbaycanda fəaliyyət göstərən təhsil müəsissələrinin bazar iqtisadiyyatı şəraitində öz məhsullaırnı təqdim etməyə imkan yaradır. Bundan başqa təhsil müəssisələrinin təhsillərini tanıtmaqda, ikitərəfli əlaqələrin genişlənməsi üçün xaricdən iştirak edən şirkətlər birbaşa əlaqələrin yaradılması və Azərbaycanda olan tələbələrin özlərinin seçim imkanın əldə edilməsi üçün bir imkandır. Eyni zamanda, beynəlxalq səviyyəli bu sərgi həm də təhsildə karyeranın qurulması üçün bir vasitə sayılır. Çünki, burada həm mövcud, həm də gələcək işə götürənlər birbaşa olaraq təhsil ocaqları ilə ünsiyyətdə olurlar.
Məlumat üçün onu da deyək ki, Azərbaycan Beynəlxalq "Karyera" sərgisi müstəsna olaraq yerli məzunlar üçün nəzərdə tutulub və onlara məşğulluq imkanları təklif edən, habelə müxtəlif şirkətlərin işəgötürmə üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyəti təmin edən xüsusi platformadır. "Karyera" sərgisinin məqsədi unikal namizədləri birbaşa işə götürənlərin stendinə istiqamətləndirmək və beləliklə də, mövcud iş vakansiyaları, xüsusi proqramları haqqında ümumi məlumat verməyinizə şərait yaratmaqdır. Sərgidə iştirak etməyin üstünlüklərinə gəlincə, ən qısa müddət ərzində bir çox namizədlər ilə görüşlərin keçirilməsi fürsəti, brendin tanıdılması imkanları, dövlət və özəl qurumların nümayəndələri ilə birbaşa əlaqə imkanı yaranır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018