Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər
Tarix: 10.10.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Tezliklə ən ucqar kəndlərin də elektrik enerjisi ilə təchizatı paytaxt Bakıdakı kimi olacaq

“Beş-on il əvvələ qədər qış aylarında bu kənddə həftələrlə işıq olmurdu. O vaxt kənddə qaz da yox idi, evdə soyuqdan donurduq. Camaat tez-tez rayon icra hakimiyyətinə şikayətə gedirdilər ki, heç olmasa, axşam saatlarında kəndə elektrik enerjisi verilsin.

Nə vaxt ki, camaat kütləvi şəkildə şikayətə gedirdi, həmin gün axşam işıqlar yanırdı, amma o qədər zəif idi ki, nə televizor işlətmək olurdu, nə də soyuducu. Bir-iki saatdan sonra işıqlar yenidən sönürdü, bir də iki-üç gündən sonra yanırdı.”.
Bərdə rayonunun Zümrüxan kənd sakini Samir Məmmədovun söylədiyi bu fikirlər ötəkcə onun yaşadığı kənd yox, Azərbaycanın bütün regionları üçün xarakterik idi. Belə ki, 2000-ci illərin ortalarınadək Azərbaycanın əksər şəhər və rayonlarında, xüsusən də ucqar kəndlərdə elektrik enerjisi verilişinin dayandırılması ilə bağlı sosial narazılıqlar tez-tez eşidilirdi. Bərdə şəhərinin cəmi bir neçə kilometrliyində yerləşən Zümürxan kəndinin sakinləri də elektrik enerjisinin tez-tez kəsilməsindən çox əziyyət çəkirdilər. Ölkənin elektrik enerjisi təsərrüfatının yenidən qurulması, paylayıcı şəbəkələrin əsaslı şəkildə bərpa olunması, mövcud transformatorların tamamilə yenilənməsi, yeni yarımstansiyaların fəaliyyətə başlaması ilə bu problemlərin demək olar ki, hamısı keçmişdə qalıb. Elə Samir Məmmədov da Zümürxan kəndinin elektrik enerjisi ilə təchizatında yaşanan çətinliklərdən keçmiş zaman formasında danışır.

O da 2000-ci illərin ortalarınadək kənd yerlərində daha qabarıq görünən enerji böhranını xatırladıqca hazırkı vəziyyətə şükür edir: “Allaha çox şükür ki, indi nəinki Zümürxaçda, hətta rayonun ən ucqar və ən kişik kəndlərində elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu çətinliklərin hamısı geridə qalıb, indi işığımız da var, qazımız da. Qışda hava nə qədər soyuq da, lap qar-çovğun olsa belə, işıqlar sönmür. Halbuki əvvəllər hava bir az soyuyan kimi tranformator partlayır, külək elektrik xətlərini dolaşdırıb qırırdı, bütün kənd-kəsək qaranlığa qərq olurdu”.
Samir Məmmədovun yaşadığı Zümürxan kəndində elektrik enerjisinin verilişindəki fasilələrin tam şəkildə aradan qaldırılması paylayıcı şəbəkələrin “Azərişıq”ASC-nin idarəçiliyinə verilməsindən sonra mümkün olub. Onun dediyinə görə, “Azərişıq” bölgələrdə fəaliyyətə başlayandan sonra Bərdə şəhəri də daxil olmaqla, rayonun əksər yaşayış məntəqələrinin enerji təsərrüfatı tamamilə yenidən qurulub. Səhmdar cəmiyyətin investisiya proqramı şərçivəsində Zümürxan və qonşu İmamqulubəyli, Çəmənli kəndlərində elektrik xətləri və dirəkləri yenilənib, bəzi ərazilərdə kabelləşmə işləri aparılıb: “Təkcə son bir ildə bizim kənddə 1 ədəd yeni tranformator qoyulub, 2 ədəd köhnə tranformatorun yerində isə təzə tranformator qoyulub. Məhz bunun nəticəsidir ki, son illər kənddə elektrik enerjisinin verilişində ciddi problem yoxdur. Yalnız güclü külək əsəndə işıqlar qısa müddətə söndürülür. Bu da ona görədir ki, küləkli havada elektrik xətləri bir-birinə dolaşmaqla, ya da ağaclara toxunmaqla qəza baş verir. Belə hallarda “Azərişıq”ın” əməkdaşlarları dərhal hadisə yerinə gələrək qısa müddət ərzində qəzanın nəticələrini aradan qaldırır, kənddə elektrik enerjisinin verilişi bərpa olunur”.

Enerji təsərrüfatında yenidənqurma: mərkəz Bakıdan...

“Azərişıq”ASC prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin bazasında yaradılıb. Həmin vaxtdan Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq”ASC-yə həvalə edilib.

Qısa müddətdə elektrik paylayıcı şəbəkələrdə həyata keçirilən islahatlar çərçivəsində ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilib. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 6 200 MVA-ya qaldırılıb. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. Yenidənqurma tədbirləri nəticəsində elektrik enerjisinin güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. Bakı şəhərində, eləcədə respublikada ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Bununla da istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.
“Azərişıq”ASC-nin açıqladığı bu rəqəmlər Bakı və Bakıətrafı qəsəbələrdə dövlət büdcəsi və daxili imkanlar hesabına görülən yenidənqurma işlərinin özünü doğrultduğunu göstərir. Belə ki, yeni yarımstansiyalar tikilib, möcud yarımstansiyalar yenidən qurulub və rekonstruksiya olunub. Paytaxtın bir çox yerlərində 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə əvəz edilib. Həmçinin 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub. Məhz bunun nəticəsində texniki itkilərin səviyyəsi aşağı salınıb, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb.

“Azərişıq” ASC-nin paytaxtın elektrik təsərrüfatının inkişafına həssaslıqla yanaşdığını deyən Tanrıverdi Musatafayev əmək fəaliyyətinin son 20 ilə qədərini bu sahəyə bağlayıb. Səhmdar cəmiyyətin mətbuat və ictimaiyyətlə əlaqələrinə məsul olan müsahibimiz “Azərişıq” yaradılarkən bu qurumun üzərinə çox böyük vəzifələr qoyulduğunu xatıralyır: “Bu vəzifələr təkcə Bakının yox, həm də ölkənin digər regionların elektrik enerjisi ilə təchizatı ilə bağlı strateji hədəfləri müəyyənləşdirirdi. Qarşıya qoyulan starteji hədəflər çox böyük məsuliyyət tələb edir və hər kəs anlayırdı ki, bu missiyanı yerinə yetirmək o qədər də asan olmayacaq. Ancaq “Azərişıq” həm dövlətimizin dəstəyindən, həm də özünün daxili imkanlarından, peşəkar kadr potensialından istifadə edərək bu çətin işin öhdəsindən gəlməyə çalışır. Xüsusilə bölgələrdə köhnəlmiş infrastrukturlar, ötürücü xətlər, transformatorlar - bütün elektrik təsərrüfatı yenidən qurulur”.

...Ucqar kəndlərədək

Yeri gəlmişkən, hazırda “Azərişıq” ASC respublikanın 57 rayon və şəhərini əhatə etməklə, 7 Regional Enerji Təchizatı və Satışı İdarəsi fəlaiyyət göstərir. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb regional enerji təchizatı və satışı idarələridir.

Bu idarələrin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etməklə ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq, istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etməkdir. Bu məqsədlərə nail olmaq üçün respublikanın bütün Regional Enerji Təchizatı və Satışı İdarələrindəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.
Tanrıverdi Mustafayev bildirib ki, “Azərişıq” regionlarda fəaliyyətə başlayandan indiyədək 60-dan çox kəndə elektrik enerjisi təsərrüfatını tamamilə yenidən qurub. Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri bütün bölgələrdə enerji idarəetmə sistemini təkmilləşdirmək, şəhər və rayonlarda, ucqar kəndlərdə paylayıcı şəbəkələrin yenidən qurulmasıdır: “Bu məqsədlərə nail olmaq üçün “Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)” hazırlanıb. Tədbirlər Planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib və artıq burada nəzərdə tutulan bərpa və yenidənqurma işlərinə başlanıb”.

Ölkə üzrə elektrik enerjisinin ötürülmə və paylanma sistemi ilə bağlı təhlillər aparılıb. Bakı şəhərində 110 kilovoltluq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində təkmilləşdirmə işlərinin davamı olaraq “Ağ Şəhər” layihəsinin 1-ci hissəsi üzrə “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 2 dövrəli 110 kilovoltluq kabel xətləri quraşdırılıb. Bakı şəhərini elektrik enerjisi ilə təmin edən 220 kilovoltluq “Səngəçal”, “Müşfiq”, “Xırdalan”, “Nizami”, “Hövsan” qovşaq yarımstansiyaları və Şimal Elektrik Stansiyası öz aralarında əlaqələndirilərək “Azərişıq” ASC tərəfindən 110 kilovoltluq 6-cı yeni dairəvi təchizat sxemi yaradılıb. Həmin yarımstansiyalarda yüklərin bir mənbədən digər mənbəyə ötürülməsi üçün 35 kilovoltluq dairəvi elektrik təchizatı sisteminə yeni yaradılan 67 ədəd elektrik təchizat sxemi daxildir. Bununla yanaşı, “Azərişıq” ASC-nin yarandığı dövrdən respublikanın 28 rayonu 110 və 35 kilovoltluq yeni yaradılan dairəvi elektrik təchizat sxemləri vasitəsilə əlaqələndirilib. Üç ədəd 110 kilovoltluq yarımstansiya SCADA sisteminə qoşulub. Paylayıcı şəbəkənin idarə olunması imkanlarının daha da genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud SCADA sistemi bazasının imkanlarının artırılması işləri həyata keçirilib.

110 000-dən çox elektrik dayağı quraşdırılıb

Son 12 ildə paylayıcı şəbəkələrdə aparılan islahatların önəmini artıran işlərdən biri də yeni tipli qapalı yarımstansiyalarının tikintisidir. İndiyədək “Azərişıq” tərəfindən 22 ədəd 35 kV-luq yeni yarımstansiya inşa edilib. Bunlardan 4-ü Bakı şəhərində, 3-ü Bakıətrafı qəsəbələrdə, 1-i Gəncə şəhərində, 2-si Xaçmaz rayonunda, 3-ü Quba rayonunda, 2-si Şabran rayonunda, 3-ü Daşkəsən rayonunda qurulub. Həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində 1 yarımstansiya inşa edilib. Üstəlik respublikanın müxtəlif regionlarında 35 kV-luq 400-dək yarımstansiya təmir olunub.
Enerji təsərrüfatının yenidən qurulmasını nəzərdə tutan investisiya layihələrində kabelləşmə, hava elektrik xətlərinin yeraltı xətlərlə əvəzləşdirilməsi, ağac dirəklərin dəmir-beton dayaqlarla əvəz edilməsinə xüsusi önəm verilir. Artıq regionlarda 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri aparılıb, 24 000 km-ə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar qurulub, 750 km kabel xətti, 2400 km hava xətti çəkilib. Həmçinin 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 2450 km-ə yaxın ÖİN (SİP) kabeli, 552 km kabel, 2000 km hava xətti çəkilib, 110 000-dən artıq dayaq və uçot sisteminin təkmilləşdirilməsi məqsədilə 200 000-ə qədər yeni sayğac komplekti quraşdırılıb.

Cəmilə Hüseynli

P.S. Yazı "Azərişıq” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018