Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərdə həyata keçirilən innnovativ layihələr
Tarix: 15.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Mütəxəssislər hesab edirlər ki, əlavə gəlir əldə etmək üçün müasir universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır

Son illər Azərbaycanın ali məktəblərində innovativ layihələrin dəstəklənməsi səviyyəsi yüksəlib.

Məsələn, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan biznesə” layihəsi çərçivəsində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunub. Belə ki, "İdeyadan biznesə" layihəsi çərçivəsində Bakı ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb. Yarışda Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edib.
Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər. Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Bakı Mühəndislik Universiteti I, ADA Universiteti II, Azərbaycan Texniki Universiteti isə III yerləri tutublar.
Ümumilikdə ali məktəblər üzrə 8 startapçı startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.

Yeri gəlmişkən, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd edilir ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın məqsədləri kimi elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin yüksəldilməsinə yönələn innovasiyalardan geniş istifadə məsələləri xüsusi qeyd edilib. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilib. Çünki biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərin mühüm rolu var. Milli innovasiya sisteminin formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında universitetlər lider olmalıdırlar. Universitetin innovativ fəaliyyəti isə təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar hazırlamaq mümkün olur. Təbii ki, universitetin rəqabətqabiliyyətli müasir təhsil müəssisəsi kimi formalaşması üçün onun fəaliyyəti təlim-tərbiyə və elmi-tədqiqatla yanaşı innovativ fəaliyyət istiqamətini də əhatə etməlidir. İnnovasiyalar universitetin bütün struktur bölmələrinin fəaliyyətində mühüm amil olmalıdır. Bunun üçün zəruri hallarda universitetin tərkibində innovasiya yönümlü əlavə infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur. Bu infrastruktur bölmələrin əsas məqsədi innovativ məhsulların yaradılması və tətbiqindən ibarət olmalıdır.

Onu da deyək ki, “biliyə əsaslanan iqtisadiyyat” termini ötən əsrin 90-cı illərindən elmdə geniş istifadə olunmağa başlayıb. Bu yeni növ iqtisadiyyatı fərqləndirən əsas amil də bilik və insan kapitalına söykənməsidir. Hazırda inkişaf etmiş ölkələrdə iqtisadi artım tempinin əsas mənbəyinin də məhz bilik istehsalının olması heç kimə sirr deyil. Dinamik inkişaf edən dünyada iqtisadiyyatın rəqabət qabiliyyəti və sosial-iqtisadi inkişaf tempinin təmin edilməsinin iqtisadi subyektlərin müasir İKT-in, yeni bazarların öyrənilməsi və tətbiqindən, biliklərin artırılması və onun əqli kapitala çevrlməsindən asılı olduğu da məlumdur. Yəni, dünyanın qabaqcıl ölkələrində innovasiyalar sahəsində həyata keçirilən siyasət dövlətin iqtisadi siyasətinin vacib tərkib hissəsindən biridir və yeni məqsədlər nəzərə alınaraq, hər 5-10 ildən bir yenidən formalaşdırılır. Məsələn, elm, İKT və innovasiyalar sahəsində uzun illərdir liderliyini qoruyan ABŞ-ın son 30 il ərzində elm və innovasiyalar sahəsindəki siyasəti dəfələrlə dəyişikliklərə məruz qalıb. Avropa Birliyi, Yaponiya və yeni sənaye ölkələri də innovasiya siyasətinin formalaşmasına böyük diqqət ayırır. Keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə də elm və innovasiyalar sahəsində dövlət siyasətinin formalaşması birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda “bilik iqtisadiyyatı”na keçiddə gənclərin rolunun artırılması diqqət mərkəzindədir. Qeyd edək ki, bu məsələ ölkə prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda da yer alıb.

Məsələn, sənəddə göstərilib ki, gənclərin bu istiqamətdə marağını artırmaq üçün xüsusi televiziya proqramları hazırlanacaq. İşin icrası isə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna tapşırılıb. Bundan başqa sənəddə göstərilib ki, dövlət proqramının icrası müddətində ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçiddə gənclərin rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlərin keçirilməlidir. Bu istiqamətdə müvafiq işlər Gənclər və İdman, İqtisadiyyat, Təhsil nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunub. Dövlət proqramı çərçivəsində həmçinin gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili də nəzərdə tutulub. Bununla bağlı zəruri tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən həyata keçiriləcək. Gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi də tədbirlər planına daxildir. Bu istiqamətdə işlərin icrası isə Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna həvalə olunub.elmin inkişafına Azərbaycanda da böyük diqqət göstərilir.

Ekspertlər də hesab edirlər ki, universitetlərin təkamülü cəmiyyətin inkişafı ilə sıx bağlıdır. Əgər 50 il əvvəl universitet təhsilinin əsasını klassik universitetlər təşkil edirdisə, bu gün təhsil bazarında Biznes-Universitetlər üstünlük təşkil edir. Biznes-Universitetlərin "istehsal etdiyi məhsullar" klassik ali peşə təhsili ilə yanaşı, həm də genış spektrdə elm-təhsil xidmətlərini əhatə edir. Biznes-Universitetlər dövlət və özəl sektordan aldığı sifarişlər əsasında layihələr icra edirlər. Universitet əməkdaşlarının yerinə yetirdikləri belə layihələrin nəticələri elmtutumlu yeni məhsul kimi bazara təqdim edilir. Bu məhsullar sırasında "elmi-tədqiqat təcrübi konstruktor işləri"nin nəticələri, "tətbiqi elmi-tədqiqat işləri"nin nəticələri və s. qeyd edilə bilər.
Ekspertlərin fikrincə, əlavə gəlir əldə etmək üçün müasir universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır. Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən qlobal tələblərə uyğunlaşması, rəqabətədavamlı olması üçün mühüm şərtdir. Belə universitetlər davamlı olaraq elm-təhsil prosesinin məzmununu, texnologiyasını təkmilləşdirərək inkişaf edirlər. Lakin burada bir məsələ var ki, istənilən universitet innovativ inkişaf yolunu seçə bilməz. Bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır. Yəni, universitetin innovativ fəaliyyəti onun struktur bölmələrinin innovativ fəaliyyətinin təşkili və əlaqələndirilməsi mexanizminin yaradılnmasını tələb edir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018