Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı məktəblərində təhsil alan birincilərin sayı artıb
Tarix: 16.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ötən il paytaxtın təhsil müəssisələrində 46798 şagird I sinifdə təhsil aldığı təqdirdə, hazırda bu rəqəm 48 206 təşkil edir

Hazırda Bakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) 48 206 şagird I sinifdə təhsil alır. İdarədən verilən məlumata görə, onlardan 40 900 nəfəri 6 yaşı tamam olan, 7 306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.

Qeyd edək ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.
Məlumat üçün bildirək ki, statistik göstəricilərə əsasən, bu il Bakı məktəblərinə qəbul edilən birincilərin sayı artıb. Belə ki, ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46798 şagird I sinifdə təhsil alıb. Həmin şagirdlərdən 46338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub. Bundan başqa, ötən tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsində təhsil alıb. Onlardan 41210 nəfəri 6 yaşı tamam olan, 5588 nəfəri 6 yaşı tamam olmayanlardır.BŞTİ-nin nəzdindəki 160 nömrəli Klassik Gimnaziyada 285 nəfər, 287 nömrəli “Zəkalar” liseyində isə 101 nəfər I sinif şagirdi təhsil alır. Şagirdlərin 146-ı Azərbaycan, 240-ı rus bölməsindədir.
2016-2017-ci tədris ili üzrə isə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.

Xatırladaq ki, uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdiərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər hüquqi normativ aktlara əsasən həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçən 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Bundan başqa, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılıb. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul ediliblər.

Onu da deyək ki, Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının tələblərini əsas tutaraq Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən, ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb. Qeyd edək ki, valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçirlər.
I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.
Yeri gəlmişkən, bu il Bakının ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşıb.Belə ki, yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim ediblər.

I sinfə qəbul prosesində 14 iyun tarixinədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-nə kimi məktəbə təqdim olunmadığı halda, həmin sorğu sistemdən silinib.
Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 15-dən start verilib. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdiriblər. İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti 20 iyun 2018-ci ildən 18 sentyabr 2018-ci ilə (iyul ayı istisna olmaqla) qədər davam edir. Eyni zamanda, bu il hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə biliblər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
Onu da deyək ki, bu il Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilib.

Qaydalara görə, məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilib. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilib.
I sinfə şagird qəbulu üçün valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi, xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiq edilmiş)), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) "Şəxsi kabinet"indən çap olunmuş "Ərizə"si valideyn (qanuni nümayəndə) tərəfindən məktəbə təqdim edilməlidir.
Bu il ilk dəfə olaraq həm də, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatİk I sinfə qəbul üzrə qeydə alınıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018