Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gənclərin xaricdə təhsilinə nə qədər vəsait xərclənib?
Tarix: 17.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

İndiyədək “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il oktyabrın 1-dək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” maliyyələşdirilməsinə 210 milyon manatdan çox vəsait sərf edib. 

Fondun məlumatına görə, Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 210 milyon 758,3 min manat, o cümlədən bu ilin 3 rübü üzrə 5 milyon 312,5 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 16 min manat), təhsil haqqı (1 milyon 937,7 min manat), yol (244,8 min manat), sığorta (111,9 min manat), viza və qeydiyyat (2,1 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Dövlət proqramı çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79 faiz) magistratura və bakalavr pillələrində təhsillərini davam etdirirlər. Belə ki, proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 1180 nəfəri bakalavr, 1430 nəfəri isə magistratura pilləsində oxuyurlar.

Xarici ölkələrin universitetlərində magistratura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq (120 nəfər) informasiya və kommunikasiya texnologiyaları (118 nəfər) sahələrində oxuyurlar. Bakalavr pilləsində tələbələrin əksəriyyəti magistratura pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (320 nəfər) sahəsində təhsil alırlar.
Bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin bir qismi (692 nəfər və ya 21 faiz) təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alırlar. Bu pillələrdə oxuyan tələbələrin əksəriyyəti (587 nəfər) tibb sahəsində təhsil alır. Eyni zamanda, onlar arasında elm sahəsində (27 nəfər), iqtisadiyyat və idarəetmə (22 nəfər), hüquq (17 nəfər), sənaye (14 nəfər) və sair (25 nəfər)sahələrdə təhsil alanlar vardır.
Dövlət proqramı çərçivəsində Təhsil Nazirliyi ilə Fransanın Dövlət Orta və Ali Təhsilin Təşkili Mərkəzi (CNOUS), Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın Fulbright və Rusiyanın Avrasiya Tədqiqatlar İnstitutu ilə bağlanmış sazişlər əsasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili təşkil edilir. Bu cür tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfər Fransa (49 nəfər), Almaniya (175 nəfər), ABŞ (19 nəfər) və Rusiyanın (4 nəfər) universitetlərində təhsil alırlar.
Oktyabrın 1-nə olan məlumata görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1912 nəfər təşkil edir. Məzunların əksər hissəsi - 733 nəfəri Böyük Britaniya, 294 nəfəri Türkiyə, 149 nəfəri Almaniya, 110 nəfəri Niderland, 98 nəfəri Rusiya, 73 nəfəri ABŞ-da təhsillərini uğurla bitiriblər.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq əlaqələrinin genişlənməsi və ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi ilə yeni mütəxəssislərə ehtiyac xeyli artıb. Gənclərin ölkəmiz üçün lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi bu gün cəmiyyətimizin ən mühüm amilinə çevrilib. Bu səbəbdən ölkəmiz xarici ölkələrlə təhsil əlaqələrini genişləndirməyə başladı. Bunu nəzərə alan ölkə prezidenti 2006-cı ilin oktyabrında "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq prezident "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı üzrə vahid sistem yaratdı. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması, davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının məqsədyönlü və mütəşəkkil şəkildə artırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının təmin edilməsidir.

Bundan başqa 2013-cü ildə imzalanan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sərəncamında ölkə qarşısında duran növbəti əsas strateji vəzifənin sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi oldu. Bu Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin reallaşmasında və məqsədə çatmaqda Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərimiz də öz töhfələrini verməkdədir. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Yeri gəlmişkən, ötən ildən dövlət vəsaiti hesabına xaricdə təhsil alan gənclərin işlə təminatı xeyli asanlaşıb. Belə ki, Milli Məclis Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişikliyi qəbul edib. Həmin əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir) tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra rəqabətə davamlı inkişaf və tərəqqi üçün dünya standartlarına cavab verən, müasir bilik və bacarıqlara sahib olan kadrlar lazım idi və ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırladığı kadr potensialı bu tələbatı ödəyə bilmirdi: "Ona görə də hökumət özünə lazım olan bilik və bacarıqlara malik şəxsləri hazırlamaq üçün xarici ölkələrə tələbə göndərilməsini təmin etdi. Bunun üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 3500-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışır. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub".
Ekspert vurğulayıb ki, statistik göstəricilər bu sahəyə kifayət qədər böyük vəsait ayrıldığını göstərir: “Məhz bu səbəbdən sözügedən şəxslərin təhsillərini başa vurduqdan sonra birbaşa ölkəyə qayıdıb işlə təmin olunması normal haldır. Çünki o şəxslər bir neçə il əvvəl bir neçə imtahan nəticələri ilə seçilib. Onların malik olacağı kompetensiyalar əvvəlcədən müəyyən olunub. Bundan əlavə, xarici ölkələrdə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır ki, onların da aldıqları təhsil çox yüksəkdir".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018