Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Səməd vurğunun üç leylası
Tarix: 17.10.2018 | Saat: 19:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Tanınmış Türk araşdırmaçısı İsa Kosakaplanın”Səməd Vurğunun leylası”adlı araşdırmasını AYB-nin Sumqayıt Bölməsinin sədri şair Gülnarə Camələddin Azərbaycan Dilinə uyğunlaşdırıb. Araşdırmada deyilir ki, Saməd Vurğun (1906-1956), Azərbaycanın görkəmli şairlərindəndir.

Bizim burada bəhs etmək istədiyimiz şeir, Saməd Vurğunun "Leyla" adlı mənzuməsidir. Bu şeir də 1935-ci ildə yazılıb, 16 dördlükdən ibarətdir. 11-lik heca ölçüsü ilə yazılan şeirin qafiyələri, çarpaz qafiyədir. Şeir iki hissədən ibarətdir. Birinci hissə 5 bənddir. Şeirin başlığında "İlk təyyarəçi qızımız Leylaya" ithaf vardır. İlk hissədə Leylanın qədim bir eşq qəhrəmanı olduğuna toxunulduqdan sonra, Füzulinin Leyli və Məcnun məsnəvisinə müraciət olunur. Füzuli qaşqabağını tökür və Məcnunu Leylinin eşqinə salır. Onun həsrəti ilə gözyaşlarını axıdır. İki sevgili bir-birinə qovuşa bilmir. Daş qəfəslərdə çırpınırlar. Sonda gənc yaşda Məcnun səhraya düşür. Quşlar onun başında yuva qururlar. Məcnun xarici aləmdən təcrid olunur. Leylinin axıtdığı göz yaşları da ümmana dönür. Beşinci bənddə Saməd Vurğunun bu əfsanədən çıxardığı dərs budur: Kədər verən bu dastanı əfsanə sanmamaq lazımdır. Burada günəş kimi açıq-aşkar görünən bir gerçək vardır. Sevdiyinə duyduğu sevgi ilə can verən bir aşiqdən bəhs edilir. Ayrıca bu dastanda sevən könüllər, şairin xəyalinda canlandırdığı eşq hekayəsinin misralarda düzülüşü və bu məsnəvinin əsrlərdir oxunmasına əsas verən Füzulinin sənət gücü vardır. Bəndi burada veririk:

Sanma əfsanədir bu qəmli dastan!
Bunda günəş kimi bir həqiqət var…
Bunda məhəbbətlə ölən bir insan,
Bir könül, bir xəyal, bir də sənət var.

Bu, Azərbaycan üçün adi haldır. Çünki hər Azərbaycanlı ziyalı Füzulini tanıyır və bilir. Şeirlərini əzbərdən oxuyur. Füzulinin şeirləri xalq arasında da məşhurdur. Bizə maraqlı gələn şeirin ikinci hissəsinin əvvəlində yer alan üç bənddir:

Kamal soyundurdu Leylanı çılpaq,
Çıxardı sahilə, ay işığına;
Baxdı dönə -dönə, həzzlər alaraq,
Açıq bir bədənin yaraşığına.

Yazıq ki, Leylanı tutan sətəlcam,
Qızcığazın qanına işlədi birdən.
Həyatı tərk etdi o taleyi kəm,
Şair "ilham" aldı bu faciədən…

Bahar fəslində soldu bir çiçək,
Gözəl bir insanın boş qaldı yeri.
"Otaqlar ağladı inildəyərək"…
Matəm qaytarmamış öləni geri!

Bu bəndlərdə Yəhya Kamalın "Nəzər" şeirinə bir bənzərlik vardır. Bu şeir Ziya Gökalpın idarə etdiyi Yeni Məcmuədə 1918-ci ildə "Tapılmış Səhifələr" başlığı altında nəşr olunmuşdur.
Saməd Vurğunun bu şeirdə diqqətini çəkən hissə Yəhya Kamalın şeir qəhrəmanı Leylanı çılpaq olaraq sahilə, ay işığına çıxarması və bu açıq bədənin gözəlliyindən həzz alaraq dönə- dönə ona baxmasıdır. Şeirin bu hissəsi belədir:

Gecə Leylanı ayın on dördü,
Körfəzdə tənha yuyunarkən gördü.
"Qız bədənin nə gözəl böylə açıq,
…Qız yaxından görəyim sahilə çıx!"
"Qız bədənin sarı güllər kimi tər!
Çıx sudan özünü uryan göstər!"

Və qız ayın ölgün səsini gəzərkən, soyuq ay onun ağ peysərini öpür. Nə olursa bu öpüşdən sonra olur. Qız gül kimi solmağa və gündən- günə əriməyə başlayır. Şeirin sonunda ətrafındakılar qızın bu ölümünü nəzərə bağlayırlar. Saməd Vurğun isə Leylanın sətəlcama (ağciyər iltihabına) tutulduğu qənaətindədir. Sonra bu iltihab qana qarışır və talehsiz bu qız həyatı tərk edir. Şair (Yəhya Kamal) da bu faciədən ilham alaraq "Nəzər" şeirini yazır.
Saməd Vurğun da gənc yaşında ölən Leyla üçün kədərlənir. Gözəl bir çiçəyin yeri boş qalmışdır. Yəhya Kamalın şeirindəki matəm misrasını bir az dəyişdirərək o öz şeirində yazır: "Otaqlar ağladı inildəyərək". Ancaq matəm tutmaq, ağlamaq, sızlanmaq və fəryad öləni geri gətirməmişdir, gətirməyəcək.
Saməd Vurğunun 1918-1924 illər ərzində Qazax şəhərində açılan Qazax Müəllimlər Seminariyasında oxuduğunu və ədəbiyyat tarixçisi Firudun Bəy Köçərlinin şagirdi olduğunu daha əvvəl də qeyd etmişdik. Bu dövrdə Yeni Məcmuənin Azərbaycanda da oxunduğu, Saməd Vurğunun bu şeirinə olan təsirdən bir daha aydın olur. Çox güman ki Firudun Bəy Köçərlidə Yeni Məcmuənin Yəhya Kamalın "Nəzər" şeirinin nəşr olunduğu nüsxəsi olmuş və Saməd Vurğun bu şeiri oradan oxumuşdur. Çünki o illərdə arada əlifba problemi də əsas deyildi.

Demək ki Yəhya Kamalın şeiri gənc Saməd Vurğuna xeyli təsir edir. Belə ki şeirin yayımlanmasından 17 il sonra yazdığı Leyla şeirində, bu çağırışa 3 bənd əlavə edir. Vurğunun bu misralarını oxuduqda, şeirin ilk təsirini, ruhunda və yaddaşında yerinin eynilə qorunub saxlandığı qənaətinə gəlirik.
Bu vəziyyət bizə əlifba birliyinin əhəmiyyəti haqqında da ipucları verir. Türkcənin yaxın şivələri əlifba birliyinin olması vəsiləsilə bir-birlərini oxuyub anlaya bilirdilər. Bu vəziyyət sonradan çıxarılan ədəbi əsərlərdə də əks olunur. Beləcə dil, saxladığı mədəniyyəti ölkədən kənara paylayır. Mədəni inteqrasiya yolunda irəliləmə baş verir. Gaspıralının Tərcüməçisi, Akif və Əşrəf Ədibin Səbilürrəşatı, Ziya Gökalpın Yeni Məcmuəsi vs. bu sayədə nəşr olunduqları yerlərdən çox uzaqda olan bölgələrdə əks-səda tapır. Saməd Vurğunun şeirinin bizə 1935-ci ildə xatırlatdığı gerçək budur.
Bu hissədən sonra Saməd Vurğun üçüncü Leylanı bizə təqdim edir. Şeirdə 8 bənd boyunca ilk Azərbaycanlı pilot qadın olan Leyla Məmmədbəyova (1909-1989) yer alır. Bu Leyla əvvəlkilərə bənzəmir. Ətrafına kədər deyil həyat eşqi və sevinc bəxş edir. O göylər yolçusu azad bir quşdur. Zöhrə ulduzuna aşiq olmuş kimi təyyarəsini göylərin dərinliklərinə sürür. Leyla, bütün dünyaya Azərbaycan qadının gücünü göstərən bir örnəkdir. Göy üzündə vəzifə başında olduğu zaman uşaqları yadına düşsə də, uşaqları anaları üçün darıxsa da Leyla buludların üzərində vəzifəsinin başındadır. Ona yer üzündəki insanın səsi çatmır.

Leyla təyyarəsi ilə ağ tüstüləri yarıb keçdikcə, elini -obasını bir sevinc və qürur dalğası bürüyür. Öz dağlarının üzərindən keçdiyi zaman, dağdakı çoban belə onun ucalığını düşünür. Leylanın şöhrəti xalq arasında yayılmaqda, insanlar onu xoşluqla xatırlamaqdadır. Aşıqlar söylədikləri dastanlarda onun adını xatırlayır, onun adına türkülər bəstələyirlər. Saməd Vurğun da göylər quşu Leyla ilə bir an əvvəl tanış olmaq arzusundadır. Ancaq Leylanın yeri, vətənin üstünü örtən səmadır. Ona çatmaq asan deyil. Səmaya Azərbaycan qadını öz möhürünü vurmuş, elini qürurlandırmışdır. Təkcə öz ölkəsi deyil, əsrlərcə cəhalərin pəncəsində qıvrılan "Böyük Şərq" də əlini gözlərinə sipər edərək, ayaqları üzərində durmuş, tüstülər arxasından göylərdəki Leylanı görə bilmək üçün onun ardınca baxmaqdadır:
Mən demədim sənə: " Ay ağzı püstə!"
Havadır oylağın, yerdir vətənin.
Tüstülər içindən, əli göz üstə
Qoca Şərq boylanar ardınca sənin…
Şeirə bəstələnən mahnı cəhalətə,avamlığa üsyan edən bu misralarla sona çatır. Leyladan bir il sonra Türkiyədə ilk qadın pilot Sabiha Gökçen də Türklüyə bu qüruru yaşadır. Saməd Vurğunun şeiri ilə səyahət etdiyimiz bu üfüq dövrünü, onun misraları ilə nöqtələyək:
"Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var..."



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018