Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Adı “Qızıl Kitab”a düşmüş prezident təqaüdçüsü
Tarix: 17.10.2018 | Saat: 20:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Musiqi nsan beynini ehtizaza gətirir.Ürəyinin göz yaşı ilə axıda bilmədiyin acılarını musiqi ilə axıdırsan, sevincli anlarını musiqi ilə yaşayırsan. Musiqi qəlb çırpıntısıdır, ürək döyüntüsüdür, musiqi nostaljidir, xatirələrdir...Bu sənət sahibləri onları duyanlar, dəyər verənlər tərəfindən sevilir.

Bu yazımda dahi Üzeyirin gənc davamçısı, dünyaca məşhur, beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Prezident təqaüdçüsü, səhnəmizdə yeni parıldayan Aytən İbrahimovadan danışacam.
Haşiyə
Respublikanın tanınmış tar ifaçısı, Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri kafedrasının müdiri dosent Umud İbrahimov Azərbaycan mədəniyyəti üçün istedadlı gənclər yetişdirən ustaddır.Onun Nurlanı, Şəhriyarı, Mirhüseyni, Tofiqi respublikanın tanınmış tar ifaçılarıdır. Respublikamızı uzaq-yaxın xaricdə gözəl ifası ilə təmsil edən bu gənc istedadların arasında Prezident təqaüdçüləri də var.”Çubdan naleyi-zar” sədası çıxaran bir gəncin timsalında Umud müəllimin öyrətmək, yetişdirmək istedadına vurulmuşam. Bu da yazı müəllifinin doğması Misirxan Misirxanovdur.Alti ay məşğul olduğu abituriyent bu gün Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri fakültəsinin tələbəsidir. Var ol, Umud müəllim. Aytənin uğurları da Sizi dünyaca məşhur etdi. Tarix və zaman dəyərinizi verəcək.

Aytənlə görüşüb söhbətləşmək o qədər də asan olmadı.Qastrollar, görüşlər, xarici səfərlərdən imkan tapmaq olmurdu. Bir gün küçəmizə Günəş doğdu, Aytən gəldi. Özü də Sevinc xanımla. Ömrünü, gününü onun yetişməsinə həsr edən Allahın Aytənə göndərdiyi ikinci mələk-pianoçu ana Sevinc İbrahimova ilə.
Sən demə, Aytən skripka ilə gözəl ünsiyyətcildir. Müsahibələrini verməkdə də anası yaxın köməkçisidir. Sevinc xanım bir Ana, bir valideyn qüruru ilə danışdı Aytəndən.
- Aytən balaca idi. Atası evdə tar çalanda, xüsusilə, muğamları ifa edəndə dinləyib ağlayirdı. Onun körpə hisslərinə hakim kəsilən Azərbaycan muğamları, Üzeyir musiqisi duyğusallığından xəbər verirdi. Atası ona oyuncaq skripka gətirdi və bu onun ən sevimli oyuncağına çevrildi. Notları belə tanımadığı vaxtlarda evdəki pianonu dınqıldadır, skripkasında öz aləmində nələrisə çalırdı. Atası belə qərara gəldi ki, Aytən musiqiçi, skripka ifaçısı olsa, yaxşıdır. Elə əsil qız sənətidir-dedi.
Beləcə ,Aytəni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoyurlar. Hər şey də buradan başlayır. Beşiyi başında çalınan, anasının laylaları ilə qanına, canına hopan musiqinin dərinliklərinə baş vurur. Musiqi Aytəni, Aytən musiqini ovsunlayır..Musiqinin n əlifbasını, notları öyrənməklə müsabiqələrə qatılmağı bir olur. II sinifdə Kövkəb Səfərəliyevanın yubileyinə həsr olunmuş Gənc ifaçıların IV festivalında iştirak edir. “Tərifnamə” alır. İlk uğuru balaca Aytəni sənətin incəliklərini öyrənməyə daha da ruhlandırır. İlk qələbəsinin sevinci ona uğur dalınca uğur gətirir. Ustadına “əhsən” deyirlər. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində dərs alması onun musiqi sənətinə mükəmməl yiyələnməsində möhkəm təməl olur. A.İbrahimova ildən-ilə musiqi savadını artırır, mədəni ictimaiyyatın sevgisini qazanır.

Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar 2008-ci ildə gənc ifaçiların I respublika müsabiqəsində iştirakı tövsiyə olunur. On bir yaşlı balaca ifaçı müsabiqədə birinci yeri tutur və laureat adını qazanır. İfası ilə tanınmış musiqiçilərin diqqətini cəlb edən Aytənin adı dillərdə gəzir, mətbuat aramsız olaraq ondan yazır.Öz üzərində işləyir. Valideynləri də onun mahir skripka ifaçısı olmasını çox arzuladığından ona daha çox vaxt ayırırlar. Zəhmət öz bəhrəsini verir. 2009-cu ildə Cappelhausda ilk solo konserti ilə çıxış edən Aytən “İstedadlı uşaqlar nominasiyası” üzrə qalib gələn 10 nəfər uşaqdan biri olur. Uğurlu çıxışı ölkə prezidenti tərəfindən qiymətli hədiyyə ilə təltif olunur. Kiçik yaşlardan müsabiqələrdə iştirak etmək vərdiş halına, qalib olmaq adətə çevrilir. İllər ömür çələnginə rəngbərəng naxış vura-vura həyatında solmayan izlər qoyur.Auditoriyası böyüyür, çalğısının sədasından “səbrü-qərarı qarət olanlar”ın sayı artır.
2010-cu ildə Nazim Əliverdibəyov adına V ümumşəhər müsabiqəsində orta yaş qrupunda çalanlar arasında ifası yüksək qiymətləndirilərək, “Qran-Pri” mükafatına layiq görülür. Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri ilə çıxış edir və K.Sensans “Skripka və orkestr üçün konsert” ifa edir. Dəfələrlə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Dövlət Kamera orkestri ilə solo-konsert verir.
2012-ci ildə Aytənin artıq 15 yaşı vardı. O, yeniyetmə və gənclər arasında tanınmış simaya çevrilmişdi. Bakıda lk dəfə İslam dövlətləri arasında keçirilən I beynəlxalq müsabiqədə iştirak edərək, birinci yeri tutur. Həmin ildə Moskvada V.Spivakovun təşkilatçılığı ilə “Moskva dostları qarşılayır” beynəlxalq festivalında iştirak edir.

2013-cü ildə Belçikada keçirilən “Bravo” VI beynəlxalq müsabiqənin iştirakçısı olur və 15 dövlət arasında Azərbaycan Bayrağını qaldıraraq, birinci yerə layiq görülür. Aytən dünyaşöhrətli musiqiçilərdən ustad dərsləri alıb. Bu dərslər, bu mənimsəmələr onu yüksək zirvələrin fəthinə doğru aparır. Məşhur dirijor Kiril Karabitsin təklifi ilə P.Çaykovskinin “Skripka və orkestr üçün konsert”ini solo ifa edib. Dirijorlar Orxan Həşimov(Moskva), Azərbaycanın Əməkdar artisti Elşad Bağırov (Türkiyə) Aytənlə səhnəni bölüşmüşlər. O, Fransa, Almaniya, Polşa, Hollandiya, Danimarka,Belçika, İspaniya, Gürcüstan və Ukraynada qastrol səfərlərində Azərbaycan dövlətini ləyaqətlə təmsil edib.

2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” layihəsi ilə verdiyi konserti isə yaddaşlarda iz qoydu. Konsert gənc Aytənin solo ifalarından ibarət idi. O, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Vivaldinin “Dörd fəsil” konsert əsərini ifa edib. Əsərin bütövlükdə bir arada çalınması professionallar və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib.
Müxtəlif açılış mərasimləri və simpoziumların yaraşığı olan istedadlı gənc skripkaçı Aytən İbrahimovanın ən böyük uğuru Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, beynəlxalq müsabiqənin laureatı olduğuna görə heç bir test və qabiliyyət imtahanı vermədən Ü.Hacibəyli adına BMA-nın tələbəsi olmasıdır. Musiqi sahəsində xüsusi istedadı olan gənc kimi daha bir böyük qələbəsi isə Prezidentin fərmanı ilə adının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılması, Prezident təqaüdünə layiq görülməsidir.
Uğurların bol olsun və hələ qarşıda nə qədər yazılası qələbələrin olacaq, Aytən. Biz buna əminik.
Hələ bunlar nədir ki...

Rəhilə Misirxanlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018