Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kraldan artıq kralçı olma istəyi Makedoniya türklərini bölüb” - Beycan İlyas
Tarix: 18.10.2018 | Saat: 11:00:00
Bölmə:Müsahibə | çapa göndər

Əski zamanlarda kommunizm dünyasının parçaları olaraq Azərbaycanla Makedoniya arasında sıx əlaqələr vardı. Elə tariximiz, alın yazılarımız da eyni olub. Azərbaycan Rusiyanın, Makedoniya isə Serbiyanın əsarət çətiri altında olub. Ötən əsrin sonu hər iki ölkənin eyni olan bəxtinə eyni yazı yazıldı: müstəqil oldular. Yeganə fərqimiz budur ki, bizim ölkəni Azərbaycan türkləri idarə edir, necə deyərlər, öz əlimiz, öz başımız. Makedoniyanı idarə edənlər isə başqaları olduğu üçün orada yaşayan on minlərlə türk qardaşımızın aqibəti bizi narahat etməyə bilməzdi. Necə yaşayırlar, nə yeyib içirlər, iş fəaliyyətləri nə yerdədir – bütün bu sualları Makedoniya Türk Demokratik Partiyasının (TDP) sədri Beycan İlyasa ünvanladım. O da sağ olsun, böyük səbrlə cavablandırdı.
Yeri gəlmişkən, Beycan bəy deyir ki, atası Azərbaycana olan sevgisinə görə, o, doğulanda adını Azərbaycan sözünə uyğunlaşdırıb, Beycan qoyub...

- 2002-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən Makedoniyada 80 min türk yaşayır. Amma bu kimi rəsmi rəqəmlərə qətiyyən inanılmamalıdır. 2011-ci ildə ölkəmizdə daha bir əhalinin siyahıyaalınması aparıldı. Proses 14 gün ərzində tamamlanmalı olsa da, nədənsə 10-cu gündə dayandırıldı. Araşdırmalarımı nəticəsində bəlli oldu ki, sayılmanın 9-cu günü Makedoniyadakı türklərin sayı artıq 80 mini ötmüşdü. Yəni proses axıradək davam etdirilsəydi, güman ki, makedoniyalı türklərin sayı 130-150 minədək artardı. Qüvvədə olan anayasaya görə Makedonyadakı etnik qruplar ictimaiyyətin hər bir sahəsində ümumi əhalinin sayına nisbətdə faizinə uyğun olaraq təmsil edilməlidirlər. Sayımızı daha az göstərməkdə məqsəd isə, göründüyü kimi, ictimai və digər sahələrdə daha zəif təmsil olunmamızı “haqq qazandırmaqdır”. Ona görə də hesab edirəm ki, Makedoniyada təcili olaraq əhalinin yenidən hesablanması prosesinə start verilməli və etnik vətəndaşların dəqiq sayı açıqlanmalıdır.

- Türklər ölkənin daha çox hansı bölgələrində yığcam yaşayırlar?

- Əslində Makedoniyanın harasına getsəniz türklərin orada yaşadığını görərsiniz. Paytaxt Skopye, Kostivar, Kalkandelen, Vrapçişte, Ohri, Struga, Manastır, Kumanova, Kırçova, Debre, İştip, Radoviş, Ustrumca, Köprülü, Valandova və Prilepe şəhərlərində və onlara bağlı olan çox sayda kənd və qəsəbələrdə soydaşlarımız yaşamaqdadırlar.

- Bu gün Makedoniyanın, xüsusilə də orada yaşayan siz türklərin hansı problemləri var? Hər hansı milli-etnik xüsusda sıxıntılarınız varmı və varsa misallar göstərin...

- Son vaxtlar xarici mətbuatda da mütəmadi işıqlandırılan, Makedoniya adını dəyişdirmək məqsədilə keçirilmiş referendum ən vacib məsələlərimizdən biri olduğundan, etnik problemlərə köklənmək doğru olmazdı. Yunanıstanın ölkəmizi Makedoniya adı ilə tanımaması və bunu uzun illərdir beynəlxalq müstəvilərdə şikayət etməsi, hər bir məsələdə veto qoyması dövlətimizi NATO-ya üzvlükdən və Avropa Birliyinə daxil olma istiqamətində başlanılması lazım olan müzakirələrdən məhrum edib. Bilirsiniz ki, bu il iyunun 17-də iki ölkə rəhbərləri arasında imzalanan Prespa Anlaşmasına əsasən dövlətimizin adı Şimali Makedoniya Respublikası olaraq dəyişdirilib. Ancaq sentyabrın 30-da keçirilmiş referendum əhalinin yetərli sayda iştirak etmədiyi üçün nəticəsiz qalıb. Anayasaya görə referendumun baş tutması üçün səsvermə hüquqlu əhalinin 51 faizi prosesdə iştirak eləməlidir. Hansı ki, səsverməyə 35 faizdən az vətəndaş qatılmışdı. Baxmayaraq ki, həmin 35 faiz vətəndaşın 91,5 faizi ölkənin adının dəyişdirilməsinə “hə” demişdi, bu qeyd etdiyimiz səbəbdən nəticə verməyib.

- Makedoniyada əhali necə yaşayır, sosial şərait necədir?

- Vəziyyət çox ağırdır. Aşağı yaşam standartları, bahaçılıq, çox aşağı gəlirlər, hər bir sahədə zəif infrastruktur, ölkənin inkişafı müstəvisində yetərsiz iqtisadi və sosial siyasətin yürüdülməsi və buna bənzər bir çox səbəbin yaratdığı köç dalğası da Makedoniyanın başlıca problemlərindəndir. Saydığım bu səbəblərdən dolayısı, xalqımız çıxış yolunu sürəkli olaraq Qərbi Avropa ölkələrinə qaçmaqda görür. Xüsusilə də son 4-5 ildir ki, gündən-günə artan köç dalğasının qarşısını almaq üçün hökumətin heç bir addım atmaması ictimai müzakirələrin mövzusuna çevrilməkdə və tənqid olunmaqdadır. Məncə köç dalğasının qısa və uzun vədəli mənfi təsirləri özünü göstərəcək. Eləcə də uzun vədəli strateji planlamaların zəifliyi, koalisiya hökumətlərinin düzənsiz idarəetmələri, etniklər arasında siyasi maraqlar, büdcə nizamsızlığı, gəlirsiz yatırımların qoyulması, istehsalı təşviq edəcək siyasətin nəticəsiz qalması və sair də ölkənin başlıca problemləri olaraq göstərilə bilər.

- Bunlar Makedoniyanın ümumi problemləridir. Amma məncə orada yaşayan siz türklərə münasibətdə bu çətinliklər bir az sərt göstərir özünü...

- Makedoniyadakı söz açdığım problemləri biz türklər də yaşamaqdayıq. Buna əlavə olaraq ölkəmizin sayca üçüncü böyük etnik topluluğu olan türklərin təhsil sahəsində, faiz nisbətilə haqlı təmsilçilik müstəvisində önəmli problemləri mövcuddur. Bununla yanaşı, seçki modelinin yaratdığı ədalətsizliklər də təmsilçilik və anayasanın verdiyi haqlarımızı əldə etmə məsələsində bizi sıxıntıya sürükləyir. İstər çap və elektron mediada, istərsə də teleməkandakı quruluşlarımızın az olması səsimizi eşitdirməyə bəs eləmir. Türklərə aid QHT-lərin birmənalı şəkildə mədəniyyət və həmrəylik sahələrində fəaliyyət göstərməsi də təşkilatçılığın çox ciddi zəifliyindən xəbər verir. 1990-cı illərə qədər Türkiyənin bu torpaqlara və burada yaşayan soydaşlara yetərincə sahib çıxmaması, necə deyərlər, onları unutması da ciddi çatışmazlıqdır. Bu yerdə qeyd edim ki, türklər tarixdə heç vaxt separatçılığa meyl etməyib, əksinə, həmişə sülhsevər və qurucu olublar. Türklər vətənləri Makedoniyanın güclənib inkişaf etməsi, sülh və sabitlik, rifah içində olması üçün əllərindən gələni ediblər. Ölkə tarixində türklər heç vaxt etniklər arasında yaşanan toqquşmalarda iştirak eləməyib və çoxmillətli ölkəmizin ərazi bütövlüyünün pozulmamasına səy göstəriblər.

- Türklər Makedoniyanın siyasi, iqtisadi və mədəni sahələrində təmsil olunurlarmı? Məsələn, neçə millət vəkili, nazir və ya nazir müavini, səfir və sair postlarını türklər tutur?

- Makedoniya Türk Demokratik Partiyası (TDP) olaraq son 11 ildir hökumət strukturlarında vacib postlarda xidmət vermişik və bu gün də verməkdəyik. 2002-ci ildən bəri fasiləsiz olaraq parlamentdə bəzən 2, bəzənsə 1 millət vəkili ilə təmsil olunmuşuq. Bununla yanaşı, dövlət nazirliyi, nazir müşavirlikləri, ictimai təşkilatlarda və sair rəhbər mövqelərdə nümayəndələrimiz fəaliyyət göstərməkdədir. Haqlı təmsilçilik məsələsində partiyamızın yürütdüyü uğurlu siyasətlə 2009-2014-cü illər arasında təxminən 1500 soydaşımıza ictimai təşkilatlarda iş yeri yaratdıq. Bu gün hansı quruma baş çəksəniz mütləq qarşınıza “xoş gəldiniz” deyən bir türk çıxacaq. 2016-cı ildə keçirilən parlament seçkilərində 1 millət vəkili mandatı qazana bildik. Hökuməti qurmaq səlahiyyəti verilən partiya ilə yaratdığımız koalisiya nəticəsində hazırda Əmək və Sosial Təhlükəsizlik Nazirliyində nazir müavinimiz, Təhsil Nazirliyində müşavirimiz və bütün Makedoniyada şaxələnmiş ictimai təşkilatlarda ümumilikdə 5 direktor vəzifəli soydaşımız fəaliyyətdədir. Ötən il keçirilmiş yerli seçkilərdə də Türk Demokratik Partiyasının namizədi Mərkəzi Jupa Bələdiyyəsinin sədri postuna seçilib.

- Siz konkret bir partiyanın sədrisiniz. İşləriniz necə gedir, partiyanız ictimai təsir qüvvəsinə malikdirmi, üzvləri çoxdurmu?

- Bəri başdan deyim ki, Türk Demokratik Partiyası Makedoniya türklərinin yeganə siyasi ünvanıdır. Partiya yarandığı gündən bəri türklərin haqlarını hər bir sahədə müdafiə edib. Mövcud digər partiyalar isə həmişə “dolu kisələrdən faydalanıblar”, hətta hökumətdə kürsü aldıqları zaman belə soydaşlarımıza xidmət yadlarından çıxıb, şəxsi maraqlarını güdüblər. Bütün bunları araşdırdıqda aramızdakı fərqli açıq-aşkar görmək mümkündür. TDP Makedoniya türklərinin ən böyük partiyası olmaqla bərabər, 1992-ci ildən bəri fasiləsiz fəaliyyət göstərən siyasi təşkilatlardan birdir. Yeganə türk partiyasıyıq ki, Makedoniyanın hər yerində şöbələrimiz mövcuddur. Hazırda bütün ölkədə 40-dan çox şöbəmiz var. Biz partiya olaraq məhz yaratdığımız demokratik şərait, göstərdiyimiz xidmətlər, seçdiyimiz yol sayəsində bu günlərədək gəlmişik. Bu gün TDP-nin ölkə miqyasında 17500 üzvü var. Partiyamız parlament seçkilərinə koalisiya şəklində qatılmaqdadır. Təəssüf ki, mövcud seçki qanunu bunu tələb edir. Amma hazırlanmış yeni qanun layihəsi qəbul olunarsa, TDP təkbaşına seçkiyə getmək şansı qazanacaq. İnanıram ki, bu halda parlamentdə mövcud olan 1 millət vəkilimizin sayını 3-ə, bəlkə də 4-ə yüksəldə biləcəyik. Bununla da Məclisdə təmsil gücümüz haqqımız olan səviyyəyə qalxacaq. Bələdiyyə seçkilərinə də bəzi bölgələrdə təkbaşına, bəzi yerlərdə isə koalisiya şəklində gedirik. Yeri gəlmişkən, təkbaşına namizəd göstərən yeganə türk partiyası da bizik. 2017-ci il seçkilərində keçirilmiş yerli seçkilərdə TDP olaraq ölkə miqyasında 1 bələdiyyə sədri və 27 Məclis üzvü postunu qazanmışıq.

- İndicə dediniz ki, bir çox türk partiyası təsirli siyasi fəaliyyət yürüdə bimir. Olmazdımı ki, Makedoniya türkləri partiya, təşkilat və dərnəklər olaraq birlikdə çalışsın? Məncə bu halda seçkilərdə daha çox səs toplaya bilərsiniz...

- Öncə onu deyim ki, parçalanmağımız ən böyük qüsurumuzdur. Təəssüf ki, araya atılan nifaq toxumları, maraq toqquşmaları, dərəcə əldə etmə sevdaları, xəyanətlər, bir-birilərinə şirin görünmə səyləri, kraldan artıq kralçı olma istəkləri Makedoniya türklərini bölüb və bölməyə də davam etməkdədir. Milli maraqlarımız müstəvisində bərabər və birlikdə hərəkət etməyimizi zəruri edən hər bir məsələyə müsbət yanaşmışıq, amma qarşılığını ala bilməmişik. Ona görə də bu məsələdə vicdanımız rahatdır. Ayrılıqçı görüşlülərin, fərqli güclərə və qurumlara xidmət edənlərin bilməsi vacib olan yeganə şey budur ki, türkün türkdən başqa heç kimi yoxdur.

- Türkiyə və digər türk dövlətlərinin partiyaları, siyasi dairələri ilə əlaqələriniz varmı? Xüsusilə də türk dövlətləri ilə quracağınız geniş əlaqələr, Makedoniyada siz türklərin mövqeyini gücləndirə, təsir dairənizi genişləndirə bilərdi...

- TDP olaraq müxtəlif ölkələrdə fəaliyyət göstərən həmfikir partyalarla əməkdaşlıq edirik və bu gün istər Türkiyədəki, istər Balkanlardakı, istərsə də digər türk dövlətlərindəki partiyalarla əlaqələrimiz var. Təbii ki, bu cür dost əlaqələr bizi burada daha da güclü edir. Yüzillərlə dünyaya hökm etmiş və getdiyi hər yerə ədalət, hüzur aparan bir nəslin övladlarına yaraşan da birlikdə olmaqdır. Əl-ələ verib güclənmək hamımızın xeyrinədir. Heç bir qarşılıq gözləmədən, sırf bayraq, din, dil və millət uğrunda çox çətin mücadilələr vermiş soydaşlarımıza laiq olduqları dəyəri vermək boynumuzun borcudur.

- Hesab edirəm Azərbaycanı Makedoniyada çox yaxşı tanıyırlar. Çünki ölkənizlə Azərbaycan arasında möhkəm özül üzərində qurulmuş güclü əlaqələr birləşdirir. Türk icması olaraq ölkələrimiz arasındakı mövcud münasibətlərdən faydalana bilirsinizmi?

- Azərbaycanın buradakı türklərin könlündə yeri başqadır. Azərbaycanlılar özümüzə çox yaxın hiss etdiyimiz, sevinclərini, üzüntülərini, xoşbəxtliklərini və kədərlərini hər zaman paylaşdığımız qardaşlarımızdır. Bu günədək ölkəmiz hər nə qədər özünü Avropa subyektləri ilə əlaqələrə həsr etmiş olsa da, inanıram ki, önümüzdəki dönəmdə başda Azərbaycan olmaqla digər türk dövlətləri ilə də münasibətlərimizi dərinləşdirməyə istiqamətlənmiş addımlar atılacaq. Bizlər də bu ölkənin bir parçası olaraq həmin əlaqələrdən maksimum faydalanmış olacağıq.

- Bayq xaricdəki həmfikir partiyalarla əlaqələrdən söz açdınız. Makedoniyanın türk partiyaları olaraq Azərbaycandakı partiyalarla hər hansı əlaqələriniz mövcuddurmu? Yoxdursa da, niyə qurmursunuz, bu müsbət nəticələr verən, dünya praktikasında qəbul olunmuş bir haldır...

- Təbii ki, TDP olaraq Azərbaycandakı siyasətçilərlə və partiyalarla da əlaqələrimiz mövcuddur. Partiyamızın həm gənclik qolları, həm də mərkəzi idarəetmə aparatı olaraq onları ziyarət də etmişik, üstəlik qonağımız da olublar. İki ölkə arasında yeni əlaqələr qurmaq yolunda fəaliyyətimiz var. Yaxın gələcəkdə bu fəaliyyətlərin həyata keçirildiyini görəcəyik.

- Ermənilərin Rusiyanın da yardımı ilə Azərbaycan torpaqlarının bir qismini işğal etdiklərini və Xocalı şəhərində soyqırım törətdiklərini bilməmiş deyilsiniz. Fevralda Hocalı soyqırımı ürək ağrısı ilə xatırlanacaq. Bilmək istərdim ki, siz türklər erməni vəhşətinə etiraz olaraq Makedoniyada hər hansı etiraz aksiyaları keçirmisinizmi? Hətta düşünürəm ki, bunu etmək istəsəniz Makedoniyadakı türkiyəli türklər və azərbaycanlılar da sizi dəstəkləyəcək...

- Türklər tarix boyu kiməsə əzab verməyib, körpələri öldürməyb, soyqırım etməyib. Əsrlərlə dünyaya hökm edərkən hamıya ədalətindən pay verib, hüzur gətirib ayağı dəyən yerə. Buna baxmayaraq, hər zaman zülm də, soyqırımlar da məhz türkə edilib. Xocalı qətliamı da bunlardan biridir. Bizlər TDP olaraq yalnız bu il deyil, ötən illərdə də Xocalı qətliamını anmışıq və ermənilərin bu cinayətini dünyaya bəyan etmişik. İstər siyasi partiya, istərsə də sıradan soydaşlarımız olaraq bu qətliam barədə bütün insanlara danışıb, məlumat veririk. Xocalı bütün türk dünyasının yarasıdır. Bunu bu cür qəbul etmək lazımdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018