Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İlk təbrik Türkiyədən gəldi” – Ayaz Mütəllibov
Tarix: 18.10.2018 | Saat: 11:30:00
Bölmə:Siyasət Müsahibə | çapa göndər

Bu gün Azərbaycanın müstəqilliyinin yenidən bərpa etməsindən 27 il ötür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir. Həmin tarixi sənədin altında isə o vaxt Azərbaycanın prezidenti olan Ayaz Mütəllibovun imzası var.

Eks-prezident Ayaz Mütəllibov hafta.az-a müsahibəsində 18 oktyabr 1991-ci ildə qəbul olunan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından və ondan əvvəlki proseslərdən danışıb. Azərbaycanın birinci prezidenti bildirib ki, Müstəqillik Aktının hazırlanması hüquqşünas Hacıbaba Əzimova tapşırılır. Ayaz Mütəllibov onu prezident kimi ilk təbrik edən şəxsin kimliyinə də aydınlıq gətirib. Daha ətraflı müsahibədə...

- Ayaz bəy, 18 oktyabr 1991-ci ildə imzalanan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının altında prezident kimi sizin imzanız var. O günlərə yenidən qayıdaq. 27 il əvvəl Ali Seovetin sessiyası xatirinizdə necə qalıb?

-Həmin gün parlamentin iclası işgüzar müstəvidə başladı və yekunlaşdı. Elə oldu ki, parlamentin iclasında iştirak edən millət vəkilləri yekdil olmasa da Müstəqillik Aktına səs verdilər. Xatirimdədir, etiraz edənlər də olmuşdu. Böyük əksəriyyət müstəqilliyin leyihə səs verdi, mən də onların sırasında idim.

- Yadınızdadırmı, təxminən neçə nəfər müstəqilliyə “hə” demişdi, kimlər idi “yox” deyənlər?

- Yox, yadımda deyil. Üstündən 27 il keçir...

- Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından təxminən ay yarım əvvəl Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edildi. Bəs müstəqilliyin elanı niyə bu qədər gecikdi?

- Ehtiyat edirdik. Yadınızdadırsa, avqust ayında KQÇP adlı dövlət komitəsi yaradılmışdı. Biz güman edirdik ki, KQÇP nahaq yerə yaradılmayıb. Bu qurumun yaradılmasında, onun arxasında müəyyən məqsədlər var idi. Həmin məqsəd isə SSRİ-nin saxlanması ilə əlaqədar idi. SSRİ-ni saxlamaqla da, saxlamamaqla da əngələ düşəcəkdik. Çox mürəkkəb bir vəzsiyyət yaranmışdı. Sonra mən Moskvaya getdim. Qorbaçovla görüşlərdən sonra burada hansısa təxribatların olacağına inandım. Ona görə də Moskvadan qayıdandan sonra ətrafımdakı etibarlı adamlara tapşırıq verdim. Konkret olaraq həmin tapşırığı Ali Sovetin sədri rəhmətlik Elmira Qafarovaya vermişdim. Tapşırıq isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanmasından ibarət idi. Belə də oldu. Avqust olaylarının gedişində məlum oldu ki, bu proseslərdən ancaq Yeltsinin timsalında Rusiya Federasiyası bəhrələndi. Şəxsən mən özüm o zaman dövlət işləri ilə əlaqədar Bakıda deyildim. Baş verənləri götür-qoy etdim. Gördüm ki, Moskvanın timsalında güc mərkəzi zəifləyib. Artıq Yeltsin federasiya prezidenti kimi qüvvəyə minib. Hər şeyi öz tərəfinə çəkməyə çalışır. Elə vəziyyət yaratmışdılar ki, ittifaqın paytaxtı olan Moskva indi federasiyanın mərkəzi idi və biz də federasiyanın tərkib hissəsi olmalıydıq. Düşündükləri bu idi. Biz də bununla heç razılaşmırdıq. Razı da olmadıq. Nəticədə bu yubanma baş verdi amma 18 oktyabrda müstəqilliyimizi elan etdik. Keçmiş müttəfiq respublikalar içərisində ilk olaraq biz tam müstəqilliyimizi elan etdik.

- Ayaz bəy, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını konkret olaraq kim hazırlamışdı?

-O vaxt mənim tapşırığımla müvafiq komissiya yaradılmışdı. Komissiyanın üzvlərinin hamısı həmin aktın işlənməsində iştirak edirdilər. Bu məsələ konkret olaraq Hacıbaba Əzimova tapşırılmışdı. O, tanınmış hüquqşünasdır. Demək olar ki, proses, aktın hazırlanması da mübahisəsiz keçdi. Narazı qalanlar olmadı. Bircə Hacıbaba Əzimovla bir neçə deputat arasında qısa söz-söhbət yarandı. Ancaq həmin narazılıq mənə çatmadı. Mən də həmin məsələyə ciddi yanaşmadım. Sonra akt qəbul edildi və bununla da kifayətləndik.

- Müstəqillik Aktı qəbul olunandan sonra buna Moskvanın reaksiyası necə oldu?

- Bizim Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməyimiz Moskva üçün yeni fikir deyildi. Biz bir neçə ay qabaq Ali Sovetin iclasında suverenlik haqqında müvafiq sənəd qəbul etmişdik. Naməlum vəziyyət anlayışı yox idi. Müstəqillik aktını qəbul edəcəyimiz də bilinirdi. 1991-ci ilin avqustundan sonra Moskvanın özündə yeni bir vəziyyət yaranmışdı. Bu hadisələrdən sonra Qorbaçovla Yeltsin Kremldə görüş keçirirdi. Görüşə bizi də dəvət etmişdilər. Baş verənləri müzakirə edirdilər. Kimi hara təyin etmələri ilə bağlı müzakirələr aparılırdı. Nazirlərin və digər ali icraedici orqan rəhbərlərinin təyinatı ilə bağlı müzakirələr idi. Həmin danışıqlardan belə çıxdı ki, SSRİ artıq öz fəaliyyətini başa vurub. SSRİ-nin funksiyaları isə yeni bir mərkəzə həvalə olunur. Yeni mərkəzin adı isə Rusiya Federasiyası idi. Bir müddət keçəndən sonra SSRİ-nin varisi məhz Rusiya Federasiyası elan olundu. Bunu eşidən kimi Moskvadan Bakıya qayıtdım. Rəhmətlik Elmira Qafarovaya təklif etdim ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını müzakirəyə çıxarsınlar. Belə də oldu.

- Müstəqliyimizin elanından sonra Moskvadan Bakıya təbrik gəldimi? Ölkənin rəhbəri kimi Kremldən sizi kimsə təbrik etdimi?

-Yadımda deyil. Zənnimcə təbrik edən olmadı.

- Bəs dövlət başçısı kimi müstəqilliyimizi qazanmağımızla bağlı ilk təbriki kimdən aldınız?

-İlk təbrik Türkiyədən gəldi. Turqut Özal zəng vurmuşdu. Qısaca olaraq təbrikini çatdırdı. Heç bir müzakirə olmadı. Bir müddət keçəndən sonra İrandan təbrik gəldi. Başqa dövlətlərdən də təbrik məktubları aldıq. Zəng edib təbrik edənlər də çox idi.

- Ayaz bəy, son vaxtlar bu məsələ xeyli müzakirə olunur, müstəqilliyimizi ilk olaraq hansı dövlət idi?

- Zənnimcə, birinci Türkiyə idi. Təxmini vaxtını deyə bilmərəm. Zarafat deyil, üstündən 27 il keçib.

- Bir çoxları deyir ki, Türkiyə yox, Pakistan müstəqilliyimizi ilk tanıyan ölkədir. Ona görə soruşdum...

- Ola bilər. Pakistan Azərbaycana maraq yetirirdi. O vaxt bu ölkənin rəsmiləri gəlib-gedirdilər. Bunlar mənim yadımdadır. Amma ilk olaraq kim və hansı tarixdə Azərbaycanın müstəqilliyini tanıyıb, bu münasibətlə məni təbrik edib, onu deyə bilmərəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018