Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İxtisasartırmaya cəlb edilən müəllimlər
Tarix: 18.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb

Cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb. Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb.
N.Nağıyev vurğulayıb ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2 162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2 039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib: "2016-cı ildə ixtisas sahəsi və innovasiyalar üzrə ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3 264, regionlarda isə 6 191 olmaqla ümumilikdə 9 755 nəfərə çatıb. 2017-ci ildə Bakı şəhəri üzrə rəqəmlər 3 061, digər bölgələr üzrə 8 595 nəfərə çatıb".
Xatırladaq ki, ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 2014-2017-ci illər ərzində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb. Eyni zamanda,
bu illər ərzində müəllimin fəaliyyəti sadəcə yoxlanılmayıb, onların həvəsləndirilməsinə, fəaliyyətinin stimullaşdırılmasına hesablanan addımlar da atılıb. Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi belə nümunələrdən biridir. Bu yarışda da BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri xüsusi fəallıq göstərib. Fərdi kateqoriya üzrə qeydiyyatdan keçən 845 layihədən 196-sı, ümumtəhsil kateqoriyası üzrə qeydiyyatdan keçən 287 layihədən 99-u BŞTİ məktəblərinə aiddir. Hər iki kateqoriya üzrə ümumilikdə 62 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.

Görülən tədbirlərin, həyata keçirilən islahatların nəticəsidir ki, son 5 il ərzində müəllimin nüfuzu artıb. Məsələn, builki qəbul kampaniyasının nəticəsi olaraq 2090 nəfər 500-692 bal nəticə göstərərək müəllimlik ixtisasını seçib. Bu, ötən illə müqayisədə 53.6 faiz, 2014-cü illə müqayisədə 2.3 dəfə çoxdur. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində fərqi aydın şəkildə görürük. 4 il əvvəl ADPU-ya 20 nəfər 500-dən yüksək nəticə göstərən abituriyent qəbul olunmuşdusa, bu il bu rəqəm 527 nəfərdir. Eyni zamanda, 2 il əvvəl cəmi bir abituriyent ibtidai sinif müəllimliyini seçmişdisə, bu il onların sayı 235 nəfərdir.
Yeri gəlmişkən, ötən illər ərzində Təhsil Nazirliyi tərəfindən həm də orta məktəb müəllimlərinin informasiya texnologiyalarından istifadə bacarığının təkmilləşdirilməsi məqsədilə kursların təşkili prosesi davam etdirilib. Həmin kurslarda müəllimlərə elektron lövhənin iş prinsipi öyrədilib, kompyuter bacarıqlarının artırılmasına dair əvvəlcədən hazırlanmış proqram əsasında dərslər keçilib. Müəllimlərə metodik köməklik göstərilməsi məqsədilə elektron dərs vəsaitləri, o cümlədən elektron lövhəyə dair vəsaitlər verilib. Hər kursun sonunda imtahan keçirilib və nəticələri rayon və şəhər təhsil şöbələrinə göndərilib. Qeyd edək ki, həmin təlim kurslarının keçirilməsində məqsəd ümumtəhsil məktəbləri üzrə müəllimləri yeni dövlət standartları və proqramlarının (kurikulumlarının) materialları ilə yaxından tanış etmək, pedaqoji kadrları yeni standartların tətbiqi ilə əlaqədar tədris prosesinə hazırlamaqdır. Kurslarda əyani və texniki vasitələrdən peşəkarcasına istifadə etməklə ümumtəhsil fənləri üzrə dövlət standartlarına keçidin zəruriliyi, yeni standartların ənənəvi tədris üsulundan başlıca fərqləri, konkret fənnin məqsədi və məzmunu, təlim strategiyaları, təlim fondları və planlaşdırma, fəal dərsin mərhələləri, məktəbdaxili qiymətləndirmə, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və sair bu kimi aktual məsələlər haqqında ətraflı məlumatlar verilir, müəllimlərin sualları cavablandırılır.

Müəllimin peşə hazırlığının yüksəldilməsində nəzəri-metodik biliklərin artırılması ilə yanaşı, qabaqcıl təcrübənin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün onu da deyək ki, hazırda dünya ölkələri üçün müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritetlərdən hesab olunur. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya ölkələrində müəllimlərin peşəkarlığının öyrənilməsi ilə bağlı tədqiqatların nəticələrinə həsr olunmuş sonuncu hesabatında bütün dünya üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin çatışmadığı vurğulanır. Təşkilatın dünyanın 34 ölkəsində aparılan tədqiqatlarından sonra məlum olub ki, müəllimlərin peşəkarlığının inkişafına xidmət edən proqramlar sosial cəhətdən aztəminatlı və ya əcnəbi şagirdlərin daha çox təhsil aldığı məktəblərdə effektiv tətbiq olunur. Lakin təcrübə göstərir ki, sözügedən proqramlara buna ehtiyacın az olduğu məktəblərdə tez-tez rast gəlinir. Dünya ölkələrində təhsilin vəziyyətini əks etdirən hesabatda qeyd olunur ki, avropalı müəllimlər Şərqi Asiya, Latın Amerikası və Yaxın Şərq ölkələrindəki müəllimlərlə müqayisədə daha yüksək səviyyədə muxtariyyətə malikdirlər. Baxmayaraq ki, Şərqi Asiya ölkələrinin təhsil sistemləri PISA qiymətləndirməsində yüksək nəticələr göstərməkdədir. Başqa sözlə, hesabat müəlliflərinə görə, müəllim heyətini daha yüksək keyfiyyətli edən sərt qaydalar yoxdur. Bu məsələ bir çox məktəblər üçün xasdır. Sənəddə ayrı-ayrı ölkələrin təhsil sistemləri müqayisə olunub, müəllimlərin peşəkarlığına təsir edən amillər araşdırılıb, müsbət təcrübə qeyd olunub. Məsələn, hesabatda göstərilib ki, Amerika Birləşmiş Ştatlarında müəllimlərin hər 10 nəfərdən 9-u (95 faiz) müəllim hazırlığı proqramlarından keçib. Amerikalı müəllimlər tədris materiallarının seçimində də kifayət qədər yüksək muxtariyyət göstəricisinə (61 faiz) malikdirlər. Hesabat ABŞ-ın təhsil sistemində olan boşluqları da göstərib. Belə ki, müəllimlərin cəmi 47 faizi təhsilverənlərin şəbəkəsində iştirak edir.

OECD-nin Təhsil Departamentinin təhlilçisi Katajinı Kubasın sözlərinə görə, bir sıra ölkələr müəllim peşəkarlığının dəstəklənməsinin müxtəlif aspektlərinə diqqət yetirirlər. Məsələn, bəziləri əsas diqqəti daha artıq dərəcədə müəllimlərin baza biliklərinin dəstəklənməsinə yönəldir, digərləri isə müəllimlərin güclü şəbəkə sisteminin dəstəklənməsinə çalışırlar. OECD nümayəndəsi qeyd edib ki, sözügedən hər iki faktor keyfiyyətli müəllim heyəti üçün mühüm əsasdır, təhsil sistemi tərəfindən dəstək göstərildiyi və inkişaf baş verdiyi üçün müəllimlər öz peşələrindən daha çox məmnundurlar və ona inanırlar.
OECD tədqiqatçıları isə hesab edirlər ki, müəllim peşəkarlığını artırmaq və dəstək göstərmək üçün ilk növbədə müəllimlər pedaqoji hazırlıq proqramlarında icbari şəkildə iştirak etməli, müəllimlər arasında induksiya və mentorluq proqramları geniş yayılmalı, siniflərdə şagirdlər arasında fərdi və ya birgə tədqiqatların aparılmasında müəllimlərə dəstək göstərilməli və müəllimlərin digər həmkarları ilə şəbəkələrdə iştirakı təşviq olunmalıdır.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018