Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “dil pozucuları” - HƏFTƏ REYTİNQ
Tarix: 19.10.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

İfaçıların nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq aparıldı. Bu haqda Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət QaziyevA “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə danışıb. Mütəxəssis qeyd edib ki, ifaçıların dilində ən böyük səhv dialekt sözlərdən istifadə etmələridir: "Orfoepiya qaydalarının pozulmasına da çox rast gəlinir. Hətta mahnılarda vulqar sözlər də olur. Xarici sözlərdən, xüsusən rus sözlərindən istifadə ilə dilimizin normaları daha çox pozulur. Ən çox da meyxanalarda rus sözlərindən istifadə edilir". 

Monitorinq zamanı bir çox ifaçıların nitqi yoxlanılıb. Mütəxəssisin sözlərinə görə, aşıqlar daha çox dialekt sözlər işlədirlər: "Məsələn, Aşıq Telli Borçalı "mənə" sözü əvəzinə "mana" deyir, Aşıq Əli "nöşün" və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında "qadoy alım" sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt müşahidə olunur; məsələn: "təsviri qoy kənarə", "qədeş"...
Röya, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədovalar və başqalarının dil normalarına necə əmək etmələri də müəyyən edilib. İfaçılar daha çox vurğunu düzgün işlətmir, uzun saitləri qısa səsləndirir, ehtiyac olmadığı halda sözə əlavə sait artırırlar", – deyə institut əməkdaşı bildirib.


Həftənin “pulsuz ulduzu”


“Yeşilçam”ın usta aktrisası Hülya Koçyiğitin birinci qızı Gülşah Alkoçların doğuşdan sonra pulsuzluq üzündən bir həftə xəstəxanada girov qaldığı bəlli oldu. Türk kinosunun sevilən ulduzu ilk övladı dünyaya gəldiyi zamanlarda maddi baxımdan böyük sıxıntı keçirdiyini etiraf edib: “24 aprel tarixində sancılarım başlandı. Sevindim ki, aman Allahım, nəhayət, böyük gün gəlib çatdı. Tələsə-tələsə xəstəxanaya, sonra isə doğum otağına getdik. Çox həyəcanlı idim, körpəmiz gəlirdi... Aprelin 25-də böyük bir sıxıntı ilə üz-üzə qaldıq. Xəstəxanadan evə buraxılmadıq, çünki xərcləri qarşılayacaq qədər pulumuz yox idi. Eləcə xəstəxanada yatmalı olduq. Təbii ki, futbolçu və aktyorun qazancı bu günlərdəki kimi yüksək deyildi. Az qazanan və aylıq maaşla yaşayan ailə idik. Bir də evlənməzdən əvvəl anamdan qalan borcları da ödəməyə çalışırdıq.... Selimə borcları olanlar var idi, avans gözləyirdi, amma heç birini ala bilmirdi. Gördük ki, çıxış yolu tapa bilmirik, Selim məcbur qalıb hadisəni olduğu kimi atasına danışdı... Sağ olsun, rəhmətlik qayınatam Arif bəy köməyimizə yetişdi. Uzun müddət qaldığımız üçün artan xəstəxana xərclərini ödədi. Beləliklə, pulsuzluqdan qaldığımız xəstəxanadan çıxıb evimizə gedə bildik...".


Həftənin “humanist yazıçısı”


Azərbaycan torpaqlarının işğalında, xüsusən Xocalı soyqırımında bilavasitə iştirak etmiş Ermənistanın sabiq prezidenti Robert Köçəryan “humanist” cildinə girərək kitab yazdı. O, “RİA Novosti” agentliyinə müsahibəsində deyib ki, avtobioqrafik xarakter daşıyan kitab noyabrın əvvəllərində işıq üzü görəcək. Terrorçu prezident kitabın Qarabağ hadisələrinin başladığı 1988-ci ildən 2008-ci ilə qədər olan dövrü əhatə etdiyini vurğulayıb: “Kitabda erməni oxucunun bilmədiyi çox yeni və maraqlı məqamlara toxunmuşam. Söhbət tariximizin dramatik dövründən gedir. 10 il sonra kitabın yeni redaksiyası daha əhatəli alına bilər. Hələlik indiki məqamda nə yazmaq mümkündürsə, o yazılıb. Bu, 1988-2008-ci illər arası baş verən hadisələr barədə açıq bir söhbətdir”.


Həftənin “avtoş qapıçısı”


Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verdi. Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub. Gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.


Həftənin “it oteli”


San-Fransiskoda lüks nömrəsi, prezident nömrəsinə və s. malik it mehmanxanası olduğu bilindi. “Yeni Müsavat” əməkdaşının oteldən hazırladığı reportajda deyilir: “…Xidməti personalı, hovuzu, cakuzisi, gündə 3-4 dəfə yemək servisi ilə iri bir müəssisə. “İtim depressiyaya girib, onun əhvalını burda yaxşılaşdırın, mümkünsə” deyən, pulu başından aşıb-daşdığı üçün hara, necə xərcləyəcəyini bilməyənlərin müraciət etdiyi məkan. Nəzarəti keçəndən sonra otelin koridorlarında, bizi müşayiət edən otel işçisinin izahı ilə gəzintiyə başlayırıq. Elə gəzinti başlayan kimi ilk xəbərdarlıq da gəlir: “Videoçəkiliş olmaz!... İtlərin də şəxsi həyatına müdaxilə etmək olmaz… Klassik otellərdə olduğu kimi, burada da hər it üçün ayrıca otaqlar var. Necə deyərlər, sahibinin cib durumuna görə. Lüks otaqda qalan da var, prezident nömrəsində gecələyən də, sıradan bir guşədə gününü keçirən də. Məsələn, prezident nömrəsində televizor da, oyuncaqlar da var, yataq da olduqca gözoxşayan və şıqdır. Bu nömrənin bəzək-düzəyi, dekorasiyası da digərlərindən fərqlənir. Təmizliyi, qulluğu, servisi də həmçinin...”.


Həftənin “siqaretçəkən futbolçusu”


“Sumqayıt” futbol klubunun oyunçusu Xəyal Nəcəfovun “Instagram” profilində əlində siqaretlə şəkli yerləşdirildi. Öncə profilinin oğurlandığını söyləyən gənc yarımmüdafiəçi siqaretlə çəkdirdiyi şəklin keçmişə aid olduğunu bildirib: “Bu hadisə 2014-cü ildə olub. Onda bir uşağın ad günü idi, ora yığışmışdıq. Heç onda siqaret nə olduğunu bilmirdik, 16 yaşım vardı, uşaq idim. Bu şəkli heç vaxt “Instagram”da yerləşdirməmişəm. Sadəcə, o şəkli çəkən adam mənə 2014-cü ildə “direct”ə göndərib. Profilimi oğurlayan da oradan götürərək bunu paylaşıb. Amma razılaşıram ki, siqaretlə şəklimin olması yaxşı hal deyil. Yaxşı hal olsa, heç şəklin ictimailəşməsi vecimə olmazdı... Bu profilin bağlanması üçün səhifələrə ağız açmışam, məktub yazmışam. Mənə deyiblər ki, 24 saat ərzində silinməlidir”.
Sonda onu da qeyd edək ki, sözügedən futbolçu yaxınlarda “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov tərəfindən cəzalandırılaraq ikinci komandaya göndərilmişdi. O, ötən mövsüm “Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abbasov tərəfindən cəzalandırılıb və 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqov tərəfindən xəbərdarlıq alıb. Onun bu qışda klubdan göndəriləcəyi deyilsə də, futbolçu beş gün əvvəl “Zirə” ilə yoxlama görüşündə meydanda olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018