Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan və Türkiyədən olan alimlər birgə tədqiqat aparacaq
Tarix: 22.10.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bununla bağlı 400 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi elan edib. EIF-dən Hafta.az-a bildirilib ki, müsabiqə çərçivəsində Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq, “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant alt-müsabiqələrinin təşkili nəzərdə tutulur.

EİF və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən keçiriləcək “AzTürk-1” beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislərin təqdim etdikləri birgə elmi-tədqiqat layihələrinin təşkilatçı qurumların birgə qrantları vasitəsilə dəstəkləməkdir. Həmçinin bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaratmaq, yeni əməkdaşlıq imkanları yaratmaq, elmi təcrübə və bacarıqların mübadiləsini aparmaq, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə etməkdir. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
EİF tərəfindən keçiriləcək “Azərbaycan və Türk Dünyası” tədqiqatları qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” Qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, türkdilli ölkələrə qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı, erməni diasporunun məkrli fəaliyyəti, iddiaları, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial və tibbi problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir. Həmçinin türk dünyası ölkələrinin maddi və qeyri-maddi irsinin tədqiqinə həsr olunmuş, türkdilli xalqların mənşəyi, genetik spesifikliyi, milli tərkibi, demoqrafik vəziyyəti, ümumtürk mifologiyası, eposları, yazılı ədəbiyyatı, əlyazmaları, leksikası, maarifçilik və bilik fəlsəfəsi, sosiologiyası, abidələri, islam mədəniyyətinin, türk dünyası ölkələrinin geosiyasi problemləri, iqtisadiyyatı, tarixi, davamlı inkişafı və inteqrasiya prosesləri, ekoloji, tibbi, bioloji və aqrar problemləri əhatə edən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri də müsabiqə yolu ilə dəstəklənəcək. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri noyabrın 1-dən gələn il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin gələn ilin ikinci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə həmin ilin birinci yarısında açıqlanması planlaşdırılır.

Xatırladaq ki, ölkə prezidentinin 2009-cu il 21 oktyabr tarixində imzaladığı sərəncamla fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elm sahəsinin stimullaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qeyd edək ki, Elm Fondunun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsi, Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının yaradılmasıdır. Müşahidələr onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə ölkəmizdə elmin maliyyələşdirlməsində tamamilə yeni yanaşmanın əsası qoyulub. Belə ki, sözügedən qurum fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək kimi missiyanı uğurla yerinə yetirib.

Məsələn, yarandığından bu günə qədər xeyli sayda layihə reallaşıb, təkcə AMEA üzrə 38 tədqiqat institutlarının böyük əksəriyyətinin maddi-texniki bazası yenilənib, alimlərin elmi fəaliyyəti stimullaşdırılıb, onlara azad yaradıcılıq imkanı yaradılıb. Eyni zamanda, Elmin İnkişafı Fondu tərəfindən gənc alimlərin fəaliyyətinin dəstəklənməsi nəticəsində gənclərin elm sahəsinə marağı artıb. Xüsusən, hər bir institutda həyata keçirilən layihəyə müəyyən sayda gənc alimlərin cəlb olunmasının tövsiyə olunması, eyni zamanda mütəmadi olaraq ayrıca “Gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi”, “Mobillik qrant müsabiqəsi”nin yüksək səviyyədə keçirilməsi gənclərin elmə stimullaşdırılmasında yeganə həlledici amilə çevrilib. Bu müsabiqələrin nəticəsində xeyli istedadlı gənc alimlər xarici ölkələrin aparıcı elm mərkəzlərində qısa müddətli təcrübə keçib, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edib, elmi məqalələri beynəlxalq səviyyəli jurnallarda dərc olunub.

Bundan başqa, dövlət başçısının 9 avqust 2016-cı il tarixli fərmanına əsasən isə Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” qanun qüvvəyə minib. Bu qanun ölkəmizdə elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Bu qanunun 3-cü maddəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri müəyyənləşdirilib. Sənəddə göstərilib ki, elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri elmi yaradıcılıq və tədqiqat azadlığı (sərbəstliyi); azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların aparıcılığının təmin edilməsi; elmi etikanın qorunması; elmin ictimai həyata inteqrasiyası; elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi; sağlam rəqabətin təmin edilməsi; beynəlxalq səviyyəyə uyğunluq; elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı; elm, təhsil və iqtisadiyyatın vəhdəti; əqli mülkiyyət hüququnun qorunması və dünya elm məkanına inteqrasiyasıdır.

Mütəxəssislər də hesab edirlər ki, hazırda ölkəmizdə elmin uğurlu inkişafının təmininə səbəb olan amillər çoxdur. Çünki uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Bu istiqamətdə uğurlara nail olmaq üçünsə son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Məsələn, 2018-ci il dövlət büdcəsindən təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur. 2018-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edir. Belə ki, bu il elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulmuşdu ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldilir. Bundan başqa, bu ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018