Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Papaqçılıq sənətinin sirlərini yəhudi ustadan öyrəndim” - MÜSAHİBƏ
Tarix: 01.11.2018 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Yaxşı yadımdadır, uşaq idim. Rəhmətlik babamın quzu dərisindən tikilən iki cür papağı vardı. Toya gedəndə qəhvəyirəngli, hüzr yerinə gedəndə isə qararəngli papağını başına qoyardı. Babam axşamlar yatanda papağını üzüüstə təmiz bir yerə qoyardı ki, şah durub əzilməsin və çirklənməsin.

O dövrlərdə kəndimizdə ahıl adamların hamısının başında papaq olardı. Qədim dövrlərdə papaq kişinin qeyrəti, namusu sayılardı. Əgər bir kişinin papağına toxunan olardısa, arada qan düşərdi. Papaq toxunulmaz idi. Papağı da hər adam tikə bilməzdi, hər quzu dərisindən papaq tikilməzdi. Papaqçılıq milli köklərimizə söykənir, mədəniyyətimizin bir qolu elə papaqçılıq sənətidir.
Vaxtilə Ağdamda bu sənətlə məşğul olan məşhur “Papaqçı Şəmsi”, “Papaqçı Aydın” kimi ustalar olub. Bu gün haqqında söz açacağımız “Papaqçı Sabir” vaxtilə Ağdamın tanınmış ustalarından biri olub və indinin özündə də papaqçılıq sənətini yaşadır...
– Sizcə, sənət nədir, bunu necə başa düşürsünüz?
– Sənətə qarşı mənim böyük məhəbbətim olub. Əgər maraq varsa, sevdiyin sənətə yiyələnə bilərsən. Sənət həmin peşənin sirlərinə yiyələnmək və bizə məlum olmayan möcüzələrin arxasınca getmək, yenilik deməkdir. Neçə illərdir, papaqçılıq sənəti ilə məşğul oluram, hələ də yeniliklərin arxasınca gedirəm.
– Ustadınız kim olub və nə vaxtdan papaqçılıq sənəti ilə məşğul olursunuz?
– 1970-ci illərdə Latviyanın paytaxtı Riqa şəhərində hərbi xidmətdə idim. Hərbi hissəmiz tikinti işləri ilə məşğul olurdu və onun yerləşdiyi binanın yaxınlığında milliyyətcə yəhudi olan usta Abramla tanış oldum. Hələ uşaqlıq illərində mənim bu sənətə həvəsim olub.
Açığını deyim, Abram kişi çox yaxşı adam idi. O, papaqçılıq sənəti ilə məşğul olurdu və çörəyini də bu sənətdən çıxarırdı. Onun gözəl əl qabiliyyəti vardı. Dərinin aşılanmasını sənaye üsulu ilə çox gözəl bilirdi. Abram kişinin tikdiyi papağın qiyməti yox idi. Onun əl işlərini gördükcə, bu sənətə marağım get-gedə artırdı. Mənə deyirdi ki, gəl, bu sənəti sənə öyrədim. Sənət pas atmayan bir ləldir, səndən gözəl papaqçı çıxar. Mən Abram kişidən dərinin aşılanması üsulunu və papaqçılıq sənətinin sirlərini öyrəndim.
– “Papaq” sözünü necə başa düşürsünüz?
– Papağı kişilər başlarına qoyub. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. İctimai yerlərdə başgeyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Ona görə də papaq həmişə qiymətli olub. Qədimlərdə papaqçılıqla məşğul olanların cəmiyyət arasında böyük hörməti var idi. Keçmişdə həm gənclər, həm də yaşlılar buxara papaqlardan istifadə ediblər. Papaq, əsasən, qəhvəyi, gümüşü və qararəngli quzu dərisindən tikilir. Təəssüflər olsun ki, ölkəmizdə həmin quzuların nəsli kəsilib. İndi o quzular ancaq Orta Asiya ölkələrində, eləcə də Türkmənistan və Özbəkistanda saxlanılır. Onların dərisi çox bahalıdır. Buxara şəhərindən gətirilən quzuların dərisindən tikilən papaqlar bahalıdır. Papaqlar rənginə görə müxtəlif adlanır – qəhvəyi, gümüşü,qara, çal papaqlar... Bunların hamısı dairəvi buxara papaqlardır ki, qəhvəyi, qara, boz, qırmızı, gümüşürəngli quzu dərisindən tikilir. Əfqanıstanın sabiq prezidenti Həmid Kərzayinin başındakı gümüşü papağın qiyməti 4 000 dollar idi. Həmin papaq doğulmamış ana bətnindən çıxarılmış 12 quzu dərisindən tikilmişdi.
Normal papaq 2 quzu dərisindən tikilir. Mən tikdiyim papaqda yenilik etmişəm. Əvvəllər papağın içərisinə un kisələrinin materialından qoyardılar. Pambıq yığılan xaralardan istifadə edərdik və onun üzərinə ipək üzlük çəkərdik. İndi papağın içərisinə “xalça” materialından kəsib qoyuruq. Həmin materiallar havanı yaxşı tənzimlədiyinə görə insanın başı tərləmir.


...Ağdam bazarının ətrafında bir sexim vardı. Ağdam köhnə papaqçıların məskəni sayılıb. Ona görə ki, əsl sənətkarlar adıçəkilən şəhərdə olub. Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan və sair ətraf rayonlardan Ağdama kişilər gəlib papaq sifariş verərdilər. Böyük sənətkarlar, tanınmış ziyalılar gəlib papaqlarını Ağdamda ustalara tikdirərdilər. Ən məşhur adamların, tanınmış seyidlərin papaqlarını tikərdim. İndinin özündə də sənətimi davam etdirirəm.
– Bu gün sizə hansı papaqları sifariş verirlər?
– Müasir dövrümüzdə mühit dəyişib, hamı yenilik axtarır. Hərə öz zövqünə uyğun sifariş verir. Bir müştəri yaxınlaşıb dedi ki, mənə “Süleymani” papaq tikərsənmi? Mən razılaşdım.
– “Süleymani” papaq da var?
– Həmin papaq “Arşın mal alan” filmində Süleyman bəyin başında olan papağın formasında olduğu üçün “Süleymani papaq” adlanır. Bu ad bu gün dəbdədir. “Süleymani” adı olsa daha yaxşıdır və daha da millidir. Həmin papağı tikib müştəriyə verdim. Müştəri razı qaldı. ”Bakılı oğlanlar”ın klubundakı Bəhramın papağını mən tikmişəm.
– Bəs bir papağı neçə günə tikirsiniz?
– Açığını deyim ki, papaq gəlir gətirən sahədir. Beş ay insan başına qoyur.Yaxşı olardı ki, bu sahəyə dövlət qayğı göstərəydi. Dərisi qiymətli olan qoyun cinsləri gətirilib, ölkəmizdə saxlayıb çoxaldılardı. Papağın dərisini 80-500 manat civarında alırıq. Qiymətlər dərinin keyfiyyətindən asılıdır.
Papaq əl işidir. Ən azı, bir həftəyə başa gəlir. Ayda 6-7 müştərinin sifarişini qəbul edirəm. Əvvəlki illərdən fərqli olaraq son vaxtlar milli kökə qayıdış var. Quzu dərisindən tikilən milli papaqlara maraq artıb. Yaşından asılı olmayaraq müştərilər gəlib papaq sifarişi verirlər, hətta azyaşlı uşaqlara da...
– Papaq neçəyə başa gəlir?
– Müştərilərin verdiyi sifarişdən asılıdır. Dəri baha olanda papağın qiyməti də baha olur. Tikdiyim hər papaqdan 30 manat zəhməthaqqı alıram. Papağı baha tikmirəm. Ona görə ki, əhalinin həm gücü çatsın, həm də papağa marağı artsın.Təəssüflər olsun ki, bu sənətə maraq azalıb. Ağdamda olanda şagirdlərim var idi. Gənclər gəlib bu sənəti öyrənirdilər. İndi bu sənətə gələn yoxdur, səbəbi çox çətin, əziyyətli və məsuliyyətli iş olmasıdır.
Papağı tikmək üçün kamil usta olmalısan. Çoxları bu sənəti adi bir şey kimi qəbul edir. Elə bilirlər ki, papaqçılıq çox asan bir sənətdır. Heç də onların düşündüyü kimi deyil. Bu sənətlə məşğul olan ustanın böyük estetik zövqü olmalı, xüsusilə də rəssamlıq qabiliyyəti özünü göstərməlidir; peşəkarlığı da öz yerində.
Papağın üst qatındakı dərinin gülləri elə tikilməlidir ki, onlar bir-birinə uyğun gəlsin. Papaq, həm də rəmzi xarakter daşıyır, milli birlik deməkdir.
– Sənətinizlə bağlı yaddaqalan hansı xatirəniz var?
– Hacıqabuldan bir nəfər gəlib mənə papaq sifariş verdi. Mən də papağı onun dediyi kimi tikdim. Müştəri papağı əlinə alıb dedi ki, papaq yaman yüngüldür. Dərhal papağı onun əlindən aldım və emalatxanaya aparıb onun içərisinə ağır material qoyub, müştəriyə verdim. İkinci dəfə müştəri başına qoymaq əvəzinə, papağı əlində oynadıb dedi ki, papaq yenə də yüngüldür. Sonra da əlavə etdi ki, əgər papağı atanda qız və qadın yıxılmırsa, demək, yüngüldür. Mən onun nə demək istədiyini anladım. Sual verdim ki, sənin evdə o cür papağın var? Dedi, hə. Dedim, götür gəl, ona baxım və həmin qaydada tikim.
Nə isə, papağı gətirib mənə verdi. Tərəzidə papağın çəkisi 460 qram gəldi. Mən tənbəllik eləməyib, papağın təpə hissəsinə qaz plitəsinin üstünə qoyulan qalın dəmirdən dairəvi kəsilmiş dəmir parçasını qoyub tikdim. Sonra tərəzidə çəkdim, papaq daha ağır – 490 qram gəldi. Papağı aparıb müştəriyə verdim. Əlinə alıb dedi ki, usta, bu, başqa məsələ...
Bu cür müştərilərimiz də var...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018