Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni Məşğulluq Strategiyası: hədəflər və gözləntilər
Tarix: 08.11.2018 | Saat: 11:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu gün ölkəmizdə insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı Azərbaycan höküməti üçün prioritet istiqamətlər sırasındadır. Bu yaxınlarda Prezident İlham Əliyevin təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və nailiyyətlərin əldə olunmasına imkan yaradır.

Qeyd edək ki, yeni Məşğulluq Strategiyası dövlət məşğulluq siyasətinin daha da güclənməsini və ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcək. Sənəddə əmək bazarında mövcud vəziyyət və inkişaf meylləri ətraflı təhlil olunmaqla, 2019-2030-cu illər üçün mühüm prioritet istiqamətlər əksini tapır. Bu prioritet istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi daxildir. Həmçinin aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də yeni Məşğulluq Strategiyasının prioritet istiqamətlərindəndir. Strategiyada "DOST" mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi də yer alır. Bu da həmin xidmətlərin vətəndaşlara vahid standartlar əsasında, operativ və tam şəffaf müstəvidə, sadə prosedurlarla və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə təqdim olunmasına imkan verəcək. Sənəddə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsinin üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, ölkədə son 14 il ərzində 1,96 milyon yeni iş yeri yaradıldığı və bunun da 73,3 faizinin daimi iş yerləri olduğu deyilir: “Yeni iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun (tikinti, ticarət-xidmət, emal sənayesi, nəqliyyat və s.) payına düşüb. 2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatmış, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil edib. Ancaq yeni iş yerlərinin açılması ilə bağlı mövcud statistika ilə reallıq bəzən üst-üstə düşmür. Xüsusən də o səbəbdən ki, əhalinin sayının artması yeni iş yerlərinin yaradılmasına tələbatı artırır. Azərbaycan isə demoqrafik baxımdan inkişaf edən ölkədir. 2006–2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub. Bu da Avropa ölkələri sırasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Əhalinin sayı 2018-ci ilin 1 yanvar tarixinə 9898,1 min nəfər olub.

Ümumiyyətlə, iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri də məşğulluğun artması, işsizlik səviyyəsinin faiz nöqteyi-nəzərindən getdikcə azalması və maksimum dərəcədə aşağı rəqəmdə təşkil etməsidir. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır. Başqa sözlə desəm, bu məsələ sosial siyasətin əsas aspektini - məğzini təşkil edir. Ancaq bu, asan məsələ deyil. Təkcə, xüsusən əhalinin sayının artması ilə əlaqədar olaraq işçi qüvvəsinin kəmiyyətcə, yəni say etibarilə çoxalması ilə, iqtisadiyyatın keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbinin qarşılanması məsələləri uzlaşdırılması çox çətin olan problem sayılır. Və bunun nə qədər ciddi məsələ olduğunu Azərbaycan dövləti demək olar, hələ tam olaraq, görməyib. Dövlət başçısı tərəfindən bu günlərdə imzalanan, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da elə məhz, bunları qarşılamaq məqsədi daşıyır. Sərəncama əsasən, mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğu təmin etmək məqsədilə qarşıdakı 11 illik bir dövr ərzində uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üzrə xüsusiyyətlər təsdiq edilib”.

Ekspert xatırladıb ki, buna qədər əmək ehtiyatlarından səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə Prezidentin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən 2006–2015-ci illər üzrə də bir Məşğulluq Strategiyası olub: “Həmin strategiyanın icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə 2007–2010-cu və 2011–2015-ci illər üzrə müvafiq dövlət proqramları da mövcud olub və uğurla icra edilib. Nəticədə də rəsmi statistikaya əsasən, işsizlik səviyyəsinin real olaraq 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azaldığı, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının isə 3,8 dəfə artdığı qeydə alınıb. İşsizliyi tam olaraq aradan götürmək mümkün deyildir. Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu, olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018