Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Buraxılış imtahanlarında esse tələbi
Tarix: 07.11.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu ildən şagirdlərin esse yazma bacarığının yoxlanılmaması birmənalı qarşılanmır

2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq. Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub: “Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb”.
N.Əliyev qeyd edib ki, 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır: “Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir. Bu səbəbdən yeni buraxılış imtahanı modelində essenin yazılması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. Belə ki, IX sinif üzrə yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilirdi. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunurdu. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməli idi. İnşanı (esseni) yazarkən şagird mövzunun adını qeyd etməli, mövzuya uyğun, ən azı, 3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməklə) plan tərtib etməli, plan əsasında mövzunu dolğun yazmalı, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına uyğun ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməli idi.

Tələblərə görə, inşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalı idi. Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilirdi. Yazı işi bir sıra meyarlar əsasında "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndirilirdi. "Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilirdi. Yazı işi qiymətləndirilən zaman seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması kimi kriteriyalar nəzərə alınırdı. Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağan idi. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndirilirdi. İnşa bir A4 səhifə həcmində (180 və ya daha çox söz) olmalı idi. 18 sətirdən (90 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilirdi və inşanın yazılması üçün ayrılan müddət 30 dəqiqə idi.
Onu da deyək ki, 2019-cu ildən 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, yeni qaydalar nəticəsində şagirdlərin yazı bacarıqlarını ayrıca yoxlamağa ehtiyac qalmayıb: “Məlum olduğu kimi, Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər. 2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığının yoxlanılmayacağı barədə DİM rəsmisinin açıqlaması hər şeydən əvvəl buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması və bu səbəbdən də ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmaması ilə izah olunur. Məsələyə belə bir yanaşmanı hansısa bir mövqedən başa düşülən hesab etmək olar. Çünki, xarici dil də imtahan fənlərinin siyahısına daxil edildiyindən və xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacağlndan, bu halda təkrarçılığa yol verilməsi qaçılmaz olur, baxmayaraq ki, xarici dildən imtahan keçirilməsi də bir çoxları tərəfindən o qədər də rəgbətlə qarşılanmaylb. Başqa sözlə, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına artıq ehtiyac qalmır. Əlbəttə o da istisna deyil ki, belə bir yeniliyi səbirsizliklə gözləyənlərin sayı da də o qədər az olmayacaq, əksinə çox olacaq. Onu da xatırladım ki, ölkəmizdə 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazmaları da birmənalı qarşılanmamışdı və bu şagirdlərin göstərdiyi nətıcələrə də heç də təsirsiz ötüşməmişdi. Bəlkə də essedən imtinanın elə bir səbəbi də budur – göstəricilərin zəif olması. Uzun illərdən bəri yazılı imtahan vərdişlərini yadırğayan şagirdlərimizdən yüksək göstəricilərə nail olacaqlarını gözləmək də ədalətsizlik olardı. Lakin bir məqamı da nəzərdən qaçırmamalıyıq ki, çətiliklərdən qaçmaq yox onu dəf etmək lazımdır. Təkmilləşmə və yeniləşmə nəyisə ləğv etmək hesabına digərini tətbiq etmək olmadığı kimi, imtahan prosesi də yeknəsək mexanizmdən ibarət ola bilməz”.

Ekspert vurğulayıb ki, testlə yanaşı yeri gəldikcə, digər metod və texnologiyaların tətbiqinə də yer ayırmaq, canlı ünsiyyətə önəm verməklə inam və güvən meyllərini formalaşdırmaq, qarşılıqlı anlaşma streotiplərini inkişaf etdirmək baxımından esse faydalı ola bilərdi: “Deyək ki, riyaziyyat fənnindən imtahanlar üçün test məqbul sayılsa belə, konkret ixtisaslar var ki, onlar yazı qabiliyyəti və nitq mədəniyyətinin üzə çıxarılmasını tələb edir. Digər tərəfdən biz biliklərə qiymət verərkən heç şübhəsiz ki, ədalət, həqiqət, mərhəmət, xeyirxahlıq, azadlıq, bərabərlik, düzlük, doğruçuluq kimi prinsiplərı, vətənə sevgi, yaşadığın torpağa bağlılıq kimi dəyərləri də üzə çıxarmalıyıq. Bütün bu kimi keyfiyyətləri üzə çıxarmaq və qiymətləndirmək isə razılaşaq ki, testin imkanları daxilində deyil. Bunun üçün danışıq, izah, münasibət bildirmək, mövqe sərgiləmək kimi keyfiyyətlərin biruzə verilməsi tələb edilir. Ümumiyyətlə götürdükdə mən istənilən qaydaların tez-tez dəyişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq və narahatçılıq yaradır, təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl yaradaraq onun inkişafını ləngidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
08.11.2018 Dünya Elm Günu

Xəbərə şərh yaz
14.11.2018
13.11.2018