Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan dili və dilçiliyi ilə bağlı bir çox problemlər mövcuddur” – Cahid İsmayıloğlu
Tarix: 08.11.2018 | Saat: 13:54:00
Bölmə:Müsahibə | çapa göndər

Bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman verdi. Ekspertlər hesab edir ki, prezidentin bu fərmanı olduqca diqqətə layiqdir. Belə ki, bu fərman mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntularının aradan qaldırılması məqsədi daşıyır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu hafta.az-a müsahibəsində dilimizin saflığının qorunması məsələsində fərmanın rolundan, mövcud dil problemlərindən danışıb.

-Cahid bəy, ölkə başçısının dilimizin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı sərəncamını necə qiymətləndirirsiniz?

-Prezidentin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sonuncu fərman dil və dilçilik haqqında imzalanan ilk sənəd deyil. Bundan əvvəl də prezident tərəfindən çox böyük bir dövlət proqramı imzalanmışdı. Həmin dövlət proqramındakı vəzifələrə baxsaq görərik ki, oradakı müddəaların, tapşırıqların bir çoxu hələ də həllini tapmayıb. Onlardan biri də ölkə başçısının imzaladığı son fərmanla – monitorinq məsələləri, Azərbaycan dilinin işləkliyinin, saflığının qorunması ilə bağlıdır. Yəni, bu nüanslar dövlət proqramında ayrıca müddəa kimi öz əksinə tapıb. Ümumilikdə problemin mənzərəsinə baxsaq, bu gün Azərbaycan dili və dilçiliyi ilə bağlı bir çox problemlər mövcuddur. Bu problemlər həm dilin inkişafı, həm də dilçiliyin bu kimi məsələlərlə məşğul olması ilə bağlıdır. Bəzən bizim alimlərimiz deyirlər ki, ilk növbədə dilə sevgi, məhəbbət lazımdır. Məsələyə daha çox bu istiqamətdən köklənirlər, yanaşırlar. Amma dilin praktik cəhətdən işləkliyini sanki görməzdən gəlirlər. Çünki indi informasiya əsridir və dilçiliyin özünün dəqiq elmlərlə inteqrasiyası mövcuddur. Bu artıq mövcud praktikadır. Dilə praktik yanaşmalıyıq. Dillə bağlı problemlər məlumdur. Bu problemlər aşkara çıxarılmalıdır.

- Dillə bağlı hansı problemlər mövcuddur və onlar faktor, problem kimi elmi yöntəmlərlə sübut olunubmu?

-Bu problemlərlə hansı yollarla, üsullarla mübarizə aparmaq lazımdırsa, həmin yöntəmlərin hamısı aşkara çıxarılmalıdır. Bu dünyada mövcud praktikadır. Hazırda Azərbaycan dilinin inkişafına mane olan konkret faktorlar var. Bu faktorlar artıq elmi tədqiqatlar nəticəsində aşkara çıxarılıb və sübut olunub. Biz ictimaiyyətə bu məsələləri açıqlamalıyıq. Eyni zamanda, məsələnin həlli yollarını təklif etməliyik. Təbii ki, söhbət dilçilərdən gedir. Bunun da həlli yolları mövcuddur. Həll yolları məsələnin ikinci istiqamətidir.

-Məsələnin hansı həll yolları mövcuddur? Hətta bir dəfə şəhərin mərkəzində reklam lövhəsi yapışdıranlara rast gəlmişdim. Əllərindəki plakatda “narahatlıq” sözünün yerinə “narahatçılıq” ifadəsi həkk olunmuşdu. Etirazımı bildirdim, dedilər ki, bu sözün “narahatçılıq”dan başqa yazılış formasını bilmirlər. Halbuki dilimizdə “narahatçı” sözü yoxdur...

-Siz dediyiniz bu məsələ hələ xırda məsələdir. Dilimizlə münasibətlə bağlı yüzlərlə problemdən biridir. Hansı ki, daha çox müzakirəyə ehtiyacı olan məsələlər var. Bu gün Azərbaycan dilinin konsentrasiya qaydaları hələ mövcud deyil. Siz “narahat(çı)lıq” sözünü dediniz. Amma mən “Xocalı” sözünü deyərdim; bu sözü ingilis dilində yazılışı və deyilişi ilə bağlı müxtəlif formalar mövcuddur. “Khocali” yazan var, “Khojali” yazanlar da var. Bu, əslində strateji bir məsələdir. “Narahatçılıq” problemi də də bu tip məsələlərdəndir. Dilin işləkliyi ilə bağlı bu tip problemlər çoxdur. Buna hər sözdən, ifadədən qaynaqlanaraq yanaşsaq, onda biz bu məsələnin içərisindən çıxa bilmərik. Minlərlə söz var ki, hərəsinin bir neçə işlənmə forması var, eyni zamanda düzgün yazılış forması mövcuddur. Amma qrammatik qaydalar, eyni zamanda, fonetik normalar, ədəbi dilin normaları düzgün maarifləndirilsə, doğru təqdim olunsa, istiqamətləndirilsə, hamı həmin sözün, ifadənin düzgün yazılış qaydasını bilər. Adətən sözün düzgün yazılışı ilə bağlı söhbət olanda tez mübahisə başlayır. Biri deyir bu cür, o biri söyləyir ki, başqa cür yazılmalıdır.

-Bəs bunun kökündə nə dayanır?

- İstinad olunası vahid qayda, mənbə olmadığı üçün bu cür problemlər yaranır. Ortaya çıxır. Vahid mənbə də birdən-birə formalaşdırılmamalıdır. Heç kim çıxıb demir ki, bu söz narahatlıq və ya narahatçılıq formasında yazılsın. Bunun özü qrammatik qaydalara uyğun şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, “narahatçılıq” sözündəki “çı” şəkilçisi artıqdır. Çünki “narahatlıq” sözünün özü həmin semantik mənanı verir. Eyni zamanda, biz sözün semantik mənasında inkarlıq olan sözlərə də inkar şəkilçisi artırırıq ki, bunun özü də səhvdir. Amma bəzi adamlar inkar şəkilçisini oraya təkidlə əlavə edirlər. Buna misal olaraq “çatışmazlıq” sözünü göstərmək olar. Əksər hallarda “çatışmamazlıq” kimi göstərilir. Çatışmazlıq sözünün özündə inkarlıq var. “Ma” inkar şəkilçisini oraya yamamağa ehtiyac yoxdur. Bu artıqdır.

-Cahid bəy, orta məktəblərdə Azərbaycan dilinin tədrisi qane edicidirmi? Qane edicidirsə, ölkə başçısının təzədən fərman verməsinə yol açan problemlərin kökünü nədə axtarmalıyıq?

- Bununla da bağlı çox ciddi problemlər var. Dərliklərin özünün dilində də problemlər çoxdur, burada tək Azərbaycan dili dərsliyindəki problemdən söhbət getmir. Siz bilirsiniz ki, digər fənnlər də Azərbaycan dilində yazılır və orada da müəyyən dil problemləri var. Əgər bir şagird kimyanı, fizikanı və digər fənnləri dərslikdən oxuyursa, onu Azərbaycan dilində oxuyur, oradakı terminologiya, dərsliklərin öz dili, üsulu xeyli problemlidir. Bu fənnlərdə xeyli sayda aşkara çıxarılmış qüsurlar var. Onların özü də ələkdən, monitorinqdən keçirilməlidir. Dərslik yazmağın özü çox ciddi məsələdir. Dərslik yazmaq üçün xüsusi heyət yaradılır. Onlar rəylərdən keçir. Bu da bir, iki, üç nəfərin edə biləcəyi iş deyil. Dərsliklər onlarla insanın rəyindən, qələmindən keçməlidir ki, həmin dərsliklər tam formada şagirdlərin qarşısına qoyulsun. Bu məsələ digər dərs vəsaitlərinə də aiddir.

-Hazırda bir çox valideynlər övladlarını daha çox rus dili bölmələrinə göndərirlər. Azərbaycan dilinə ikinci dil kimi baxırlar. Xəbəriniz varmı, rus dili bölmələrində Azərbaycan dilinin tədrisi hansı səviyyədədir? Sizi qane edirmi?

- Orta məktəblərdə rus bölmələrinə maraq çoxdur. Həmin rus bölmələrində Azərbaycan dilinin tədrisinə də önəm verilməlidir. Bu dilimizin saflığının qorunması üçün çox önəmlidir. Bəzi hallarda bir sıra rus dili bölmələrində Azərbaycan dilinin tədrisinə formal bir fənn kimi baxılır. Hətta xarici dildə olan bir fənn kimi yanaşırlar. Bu da həmin dilin akademik səviyyədə tədrisinə mane olur. Sabah rus dili bölməsini bitirən bir azərbaycanlı övladı öz dilində danışa bilməyəcək. Hələ mən qrammatik qaydaları, ədəbi dil normalarını bir kənara qoyuram. Yəni, öz dilində fikrini ifadə edə bilmir. Bu reallıqdır. Belə hallar mövcuddursa, heç olmasa həmin rus dili bölmələrində Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirməliyik. Eyni zamanda, rus bölmələrində başqa millətlərin nümayəndələri də təhsil alır. Əslində rus bölmələri başqa millətlərin nümayəndələri üçündür. Bu gün Azərbaycan vətəndaşı olan rus və başqa millətinin nümayəndəsi Azərbaycan dilində normal danışa bilmir. Halbuki, Azərbaycanda məktəb oxuyub. Oxuduğu rus bölməsində Azərbayca dili də tədris olunur. Sual olunur, bu həmin məktəbi necə oxuyub, necə bitirib? Heç Azərbaycan dilində də normal danışa bilmir. Fikrini ifadə etməyi bacarmır. Niyə? Halbuki həmin adam mövcud kursu bitirib.

-Ölkə başçısının verdiyi sərəncam bu kimi problemlərin aradan qaldırılmasına nə kimi təsir göstərəcək?

-Təbii ki, biz hər zaman bu kimi problemlərin bir mərkəzdə toplanmasını, həmin mərkəzdə belə məsələlərə məşğul olunmasını təklif edirik. Doğrudur, bu gün Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradılıb. Belə bir şöbə var amma bu şöbənin vəzifəsi daha çox maarifləndirmə işlərinin aparılması ilə bağlıdır. Həmin şöbə də vaxtilə ölkə prezidentinin verdiyi sərəncam, dövlət proqramı əsasında yaradılıb. Bu şöbənin səlahiyyətləri məhduddur. Səlahiyyətləri imkan vermir ki, dil situasiyasını nəzarətdə saxlasın. Bu gün ölkədəki dil situasiyası mövcud şəraitdə nəzarətdən çıxıb. Çünki buna nəzarət edən bir mexanizm, qurum yoxdur. Həmin bu mərkəzin açılması yerində və vaxtında atılmış bir addım oldu. Bu mərkəzin əsas səlahiyyətlərindən biri də dil faktoru ilə bağlı hər hansı problem baş verərsə, dərhal oraya müdaxilə etməsi ilə bağlıdır. Müdaxilə etmək imkanlarına malik olan mərkəzin səlahiyyətləri də daha geniş olacaq. Dükanların, ictimai iaşə obyektlərinin qarşısındakı reklam lövhələrində Azərbaycan dilinin normaları pozulur. Dilçilik İnstitutu buraya heç bir formada müdaxilə edə bilmir. Çünki səlahiyyəti yoxdur. Ancaq tövsiyyə xarakterli çağırışlar edə bilər. Həmin tövsiyyələrə də biri, ikisi əməl edəcək. Amma səkkizi, doqquzu bunu görməzlikdən gələcək. Ona görə də yeni yaradılan mərkəzin fəaliyyəti müyyən qanunlarla tənzimlənəcək. Bu da həmin obyektlərdə müəyyən məsuliyyətin yaranmasına gətirib çıxaracaq. Dil normalarını pozduqları halda həmin mərkəzin müdaxilələrinə məruz qalacaq. Ən azından obyektlərlə bağlı, eləcə də televiziya və media orqanlarında dil faktorunun pozulması ilə bağlı mübarizə başlayacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018