Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aqroparklar: aqrar sektorun inkişafını sürətləndirən müasir model
Tarix: 09.11.2018 | Saat: 11:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

İlin sonunadək Azərbaycanda 12 aqropark yaradılacaq. Bunu parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib. Onun sözlərinə görə, artıq 6 aqropark yaradılıb, ölkənin 30 rayonunda aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı iş aparılır. Bununla bağlı investisiyaların həcmi 1,4 milyard manat təşkil edir.

Nazir müavini vurğulayıb ki, hökumət kənd təsərrüfatının inkişafına və aqroparkların yaradılmasına dəstək göstərir: “Aqropark infrastrukturunun yaradılmasına 219 milyon manat və həmin parkların rezidentləri üçün güzəştli kreditlərə 111 milyon manat ayrılıb”.
Qeyd edək ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Belə ki, Azərbaycanda aqroparklar ölkə Prezidentinin 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli 2015-ci ildə Şəmkirdə qoyulub. “Şəmkir Aqropark” üçün 543 hektar ərazi ayrılıb. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələrinin inşa olunması nəzərdə tutulur.

İkinci aqropark Yalamada yaradılır. Rəsmi məlumata görə, Xaçmaz rayonunda 523 hektar ərazidə yaradılmış Yalama aqroparkında 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə müasir suvarma sistemlərinin tətbiqi ilə iri fermer təsərrüfatı, gücü saatda 5 ton olan qüvvəli yem zavodu yaradılıb, tutumu 4.5 min ton olan taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb, su və elektrik enerjisi, qaz, eləcə də müasir texnika və avadanlıqla təmin olunub. Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına imkan verəcək.

Yeri gəlmişkən, ölkə Prezidenti ötən ay İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı dövlətin bu istiqamətdə dəstəyinə toxunaraq bildirib ki, rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir: “Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır”.

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda xüsusilə 2014-cü ildən sonra yaranmış iqtisadi vəziyyət qeyri-neft sektorunda əsas prioritet olaraq kənd təsərrüfatının inkişafını zəruri etdi: “Aqroparkların yaradılması daha çox intensiv kənd təsərrüfatının inkişafına nail olunması məqsədi daşıyır. Son illər aqrar sektorun iqtisadiyyatda mövqeyi əhəmiyyətli şəkildə kiçilmişdi. Məsələn, 2000-ci illərin əvvəlində iqtisadiyyatda aqrar sektorun payı 15 faiz idisə, 2010-cu ildən sonra bu göstərici 5-6 faizə düşmüşdü. Burada maliyyə resurslarının məhdudluğu, peşəkarlığın aşağı olması və sairdən ibarət onlarla faktor rol oynayırdı. Bu şəraitdə aqroparkların yaradılmasına prezidentin 2014-cü ildəki sərəncamı əsasında 2015-ci ildən başlanıb. Aqropark təcrübəsindən dünyanın demək olar ki, bütün aqrar ölkələri geniş istifadə edirlər: Hollandiya, İsrail, Yeni Zelandiya, Malayziya, Avstraliya və sair. Azərbaycanın tətbiq etməyə başladığı aqropark təcrbüəsi ilə beynəlxalq təcrübə arasında isə bəzi fərqlər var. Bir sıra ölkələrdə aqroparklar özəl təşəbbüslər əsasında yaradılır, Azərbaycanda isə təşəbbüskar dövlətdir. Dövlət fərqli istehsal proseslərinin bir zəncirdə birləşdirilməsi - tarladan süfrəyə prinsipi ilə işlərin qurulması üçün zəruri dəstəyi verir.

Burada proseslər dövlət-biznes əməkdaşlığı üzərində qurulub. Azərbaycanda aqroparkların yaradılması strateji yol xəritəsində də əksini tapan öhdəliklərdən biridir. Təbii ki, aqroparkların yaradılmasında məqsəd bir ərazidə istehsal şəraitinin (kommunikasiya, infrastruktur və sair) yaradılması və potensial istehsalçı-investorların cəlbidir. Burada istehsalçılar arasında çevik əlaqələr yaradılır ki, istehlakçılara son məhsul təqdim olunsun. Kənd təsərrüfatı məhsullarının intensiv yolla istehsalını stimullaşdıran bir təcrübədir. Hansı ki, son illərdə Azərbaycanda aqrar istehsal sırf ekstensiv - istehsal ərazisinin genişləndirilməsi yolu ilə artırılıb. Aqroparklarda isə yüksək texnologiyaların, metodların tətbiqi ilə intensiv istehsalın genişləndirilməsi sistemi qurulur. Biz yaxın illərdə aqroparkların aqrar sektorda payının əhəmiyyətli həcmə çatacağına ümid edirik”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018