Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sağlamlıq imkanları məhdud uşaqların təhsili
Tarix: 12.11.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq

2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10 130 uşaq xüsusi təhsilə cəlb edilib. Bunu təhsil naziri Ceyhun Bayramov “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub.
C.Bayramov həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb.
Nazir əlavə edib ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.
C.Bayramov Təhsil Nazirliyi tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə işlərə başlanıldığını deyib.
O bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı iki layihə icra olunur: “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin, ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və ölkəmizin digər bölgələrində məktəblərin daxilində 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulub.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə bildirib ki, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda 2020-ci ilədək 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın ümumtəhsil məktəblərində təhsil almasına imkan yaradılacaq.
O əlavə edib ki, növbəti 5 il ərzində bu rəqəm 20 minə çatacaq.

E.Karvardin qeyd edib ki, inklüziv təhsil Azərbaycan üçün nisbətən yeni konsepsiyadır. Bu təhsil sistemi sinif şəraitində əlil uşaqların təhsil almaq imkanlarını genişləndirir, onların yüksək səviyyəli təhsil proqramlarına cəlbini artırır, stereotipləri aradan qaldırır: "Bu baxımdan inklüziv təhsil Azərbaycanın sosial-iqtisadi inkişafında gündəmdə dayanan məsələlərin həllinə öz töhfəsini vermiş olur. İnsan kapitalının inkişafı və əhalinin rifahının yüksəlməsi birbaşa olaraq təhsillə əlaqədardır. Çox şadıq ki, Azərbaycan cəmiyyəti üçün inklüziv təhsil sisteminin qurulmasına öz töhfəmizi veririk. YUNİSEF böyük məmnuniyyətlə bu layihədə iştirak edir".
Qeyd edək ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunma səviyyəsini yüksəltmək məqsədilə ötən ilin sonunda ölkə prezidenti İlham Əliyev tərəfindən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib. Sənəddə Təhsil Nazirliyinə həvalə olunub ki, sözügedən qurum 2018–2020-ci illər ərzində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasını yaratmalıdır. Bundan başqa proqramda nəzərdə tutulub ki, Təhsil Nazirliyi mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasını və nəşr edilməsini təmin etməlidir.

Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almayıb. Qeyd olunan qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunub. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsil alırlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdiriliblər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəif eşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar.
Sənəddə bildirilir ki, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilib.

Məlumat üçün vurğulayaq ki, hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunub. 2004-cü ildən başlayaraq isə Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülməyə başlayıb. Belə ki, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində inklüziv təhsilin həyata keçirilməsi üçün UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot layihənin icrasına start verilib. Layihələrin icrası olaraq 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsindən 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə də start verilib. İbtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Bu məqsədlə
Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə iki məktəb (252 və 202 nömrəli) seçilib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018