Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil robotlarından istifadə üzrə təlimlər
Tarix: 13.11.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Xarici mütəxəssislər bu sahədə biliklərini yerli müəllimlərlə bölüşüblər

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 15 ümumi təhsil müəssisəsinə "Lego Education" təhsil robotlarının paylanılmasına başlanılıb. Bununla əlaqədar “Lego Education” şirkətindən dəvət olunmuş xarici mütəxəssislər tərəfindən müəllimlər üçün təlimlər keçirilib.

Təlimlərdə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 müəllim iştirak edib. İnformatika və fizika müəllimləri “Mindstorms EV3”, ibtidai sinif müəllimləri isə “WeDo 2.0” model Lego robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təməl biliklərə yiyələniblər. Təlim proqramının sonunda müəllimlər “Lego Education” təlimçi sertifikatı ilə təltif olunublar.
Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Məktəblərə “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün “Expansion” dəsti də paylanılır.
Robot texnologiyasından istifadə məktəb həyatına innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bununla da şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsində İKT-nin nailiyyətlərindən geniş istifadə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyindən Təhsil nazirliyi yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub.
Bundan başqa, Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə xüsusi diqqət yetirilir. Elə bu məqsədlə ötən ildən Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılıb. Məlumat üçün bildirək ki, ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən sözügedən layihə ötən ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub. Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayı 40-ı keçib.

Layihə müəllifləri hesab edirlər ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.
Yeri gəlmişkən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.
Bundan başqa, ölkə prezidentinin 2016-cı ildə təsdiqlədiyi "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçirilməlidir.
Strategiyada habelə vurğulanıb ki, təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin olunacaq. Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal material və müvafiq metodlar əsasında təkmilləşdiriləcək, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi təmin ediləcək.

Eyni zamanda, ölkəmizdə təhsil informasiya sistemi çərçivəsində bütün məktəblərdə "Elektron məktəb" sisteminin tətbiqi məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət planı, bu fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsi və vahid məlumat bazasının yaradılması imkanları nəzərdən keçiriləcək.
Sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılmalı, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənməli və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil edilməlidir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018