Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda bağçaların sayı artırılacaq
Tarix: 14.11.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. Həmçinin sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Bununla bağlı Baş nazir Novruz Məmmədov əmr imzalayıb.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası – 1 yaşdan 7 yaşadək, uşaq bağçası – 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaqlar.
Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb olunur.
Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb ediləcək.
Həmçinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində dəyişikliklər edilib.

Qərara görə, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

“Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” qərarda edilmiş dəyişikliyə görə isə, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
Qeyd edək ki, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulub. Sözügedən qanununda deyilir ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Sənəddə göstərilib ki, məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Qanunda göstərilir ki, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruridir. Qanunda bunun nəzərə alınmasına səbəb odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə gedəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbəhazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

Bundan başqa, ölkə Prezidentinin 2016-cı ildə təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də məktəbəqədər təhsillə əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi məsələsi öz əksini tapıb. Sənəddə qeyd olunub ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir: “Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır. 85 məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək”.
Sənəddə o da göstərilib ki, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək: “İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər. Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlana bilər”.

Məsələyə münasibət bildirən təhsil eksperi Nadir İsrafilovun sözlərinə görə, bağça çatışmazlığı bu gün ölkənin təhsil sahəsində ən böyük problemlərdən birinə çevrilib: "Hal-hazırda Azərbaycanda məktəbəqədər təhsil, yəni bağçalar böyük problemdir. SSRİ dövründə uşaq bağçalarında kifayət qədər olmasa da, əhalinin tələbatını qismən ödəyən səviyyədə uşaq bağçalar var idi. Bu cür praktika Sovet dövründə də olub. Hazırda da belə bağçalar var. Yəni, binaların ilk mərtəbəsini icarəyə götürərək, özəl bağçalar fəaliyyət göstərir. Amma bağçanın adından göründüyü kimi, onun bağçası olmalı, uşaqların gəzintisi təmin edilməlidir. Yəqin ki, bütün bu məsələlər nəzərə alınıb”.
N. İsrafilov qeyd edib ki, bu məsələlər təhsillə bağlı Dövlət Strategiyasında öz əksini tapıb: “Hazırda ölkədə uşaq bağçası ilə bağlı 16 faiz əhatəlilik var. 1991-ci ildə Azərbaycanda 2185 uşaq bağçası olubsa, 2012-ci ildə isə bu rəqəm 1600 idi. Müəyyən bağçalar özəlləşdirilirdi. Müstəqillik əldə edəndən sonra Təhsil Nazirliyinin rəhbərliyi, səhvən və ya bilərəkdən 300-dən artıq uşaq bağçasını özəlləşməyə çıxardı, yaxud satdı. Özəlləşdirmə adı ilə ayrı-ayrı fərdi şəxslər, təşkilatlar bu bağçaları aldılar. Əslində özəlləşdirmə buna xidmət edirdi ki, təyinat dəyişməməliydi, uşaq bağçası kimi fəaliyyəti davam etdirməli idi. Amma nə oldu? Bağçalar alınaraq söküldü və əvəzində gözəllik salonları, göydələnlər, şadlıq sarayları tikildi. Məhz bu kimi səbəblərdən şəhərdə 24 faiz, kənd regionlarında 8, ümumi isə 16 faiz əhatəlilik var. Orda açıq-aşkar göstərilir ki, məktəbəqədər təhsil təminati çox pis vəziyyətdədir. Xüsusilə kəndlərdə vəziyyət daha pisdir. Ümumiyyətlə, əhalinin böyük qismi bu xidmətdən istifadə etmə imkanından məhrumdur. 2020-ci ilə qədər məktəbəqədər təhsilin səviyyəsinin artırılması qarşıya məqsəd qoyulub".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018