Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya
Tarix: 21.11.2018 | Saat: 18:58:00
Bölmə:Reportaj | çapa göndər

Şağanın dar və sakit küçələrini iki-üç tin burula-burula, axır ki, insanların ümid yeri hesab olunan Əlilliyi Olan Şəxslər üçün Müalicə Pansionatına çatdım. Darvazadan pansionatın həyətinə ayaq basar-basmaz, özümü, sözün əsl mənasında, təbiətin qoynunda hiss elədim. Bağın ucu-bucağı yoxdur, yamyaşıl ağacların, bəzək kollarının arasına uzanan asfalt cığırlar da ki tərtəmiz. Ortalıqda fəvvarəli hovuz, kölgələrdə isə burada müalicə olunan xəstələrin oturub-dincəlmələri üçün taxta oturacaqlar quraşdırılıb.

Kənarlarında yarpaqları ilə çətir quran ecazkar xurma palmaları sıralanan yolla irəliləyib pansionatın binasına gəldim. Qapımı açar-açmaz təəccübümdən donub qaldım: foyedə o qədər adam vardı ki... Vaxt itirmədən qırmızı xalı döşənmiş pilləkənləri qalxıb baş həkimin otağına yaxınlaşdım.

 

Ümid yeri

 

Qapıda, təxminən, 6-7 nəfər vardı. Kim olduqlarını öyrənmək üçün ayaq saxladım. Danışıqlarından başa düşdüm ki, onlardan bir neçəsi müalicə olunmaq arzusu ilə gələn əlillərdir. Baş həkimlə görüşüb xəstəxanaya nə vaxt yerləşə biləcəklərini öyrənmək istəyirdilər. Qalanları isə elə buranın pasiyentləri idi, kimi müalicə müddəti başa çatır deyə, Baş həkimlə sağollaşmaq üçün burda idi, kimisi də fərqli səbəblərdən gözləyirdi.

Xəstələrdən biri ilə ayaqüstü söhbətləşdim. Məlum oldu ki, Naxçıvandan gəlmiş Ələmdar (Ələmdar Hüseynov) adlı bu pasiyent II qrup Qarabağ əlilidir. Deyir, artıq 3-cü ildir bu pansionata gəlir. “Qarabağ döyüşlərində yaralanıb, əlil olmuşam. Sonradan insult da keçirmişəm. İnsult zamanı iki ayaqlarım iflic oldu, hərəkət edə bilmədim. Bir müddət müalicə olunduqdan sonra rayonumuzdakı tibbi sosial komissiyanın göndərişi əsasında bura – Əlilliyi Olan Şəxslər Üçün Şağan Müalicə Pansionatına gəldim. Nəticə göz qabağındadır: fiziki hərəkətdən məhrum olan bir insan indi sizinlə ayaqüstə söhbət edir. Bunun üçün bütün səmimiyyətimlə bu pansionatın kollektivinə minnətdaram”, – deyən müsahib əlavə etdi ki, hansısa başqa xəstəxananın da qapısını döyə bilərdi, amma bu pansionatda xəstələr, sadəcə, dərmanla müalicə olunmur, həm də gözəl münasibət, səmimiyyət, ana-bacı sevgisi görür. “Baş həkimindən tutmuş, adi tibb bacısınadək, hər kəs bizə sevgiylə yanaşır, şəxsən mən bundan ilham alıram. Bir xəstəlikdən şəfa tapmaq üçün isə belə münasibətlərdən daha yaxşı vasitə ola bilməz”, – deyir Ə.Hüseynov.

 

10 ayda 3860 əlil

 

Müsahibimlə sağollaşıb, Baş həkim Pərvanə Hacıyevanın yanına gəldim – olduqca mehriban, gülərüz xanımdı. Əsl Azərbaycan qadınına xas davranışı olan Pərvanə xanım bildirdi ki, bu gün ölkəmizdə 14 belə reabilitasiya mərkəzi fəaliyyət göstərir ki, ziyarətinə gəldiyim bu müalicə müəssisəsi də onlardan biridir. “Bizim pansionat 14 reabilitasiya mərkəzi arasında ən böyüyüdür. Sanatoriya tipli pansionatımızın dördqatlı binası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilərək, 2003-cü ilin may ayında istifadəyə verilib. Burada eyni vaxtda 250 pasiyentə xidmət göstərilir. Yəqin özünüz də gördünüz ki, dəhlizlər, palatalar adamla doludur, çünki burada müalicə tamamilə dövlət hesabına aparılır. Üstəlik, xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilir deyə, hər kəs bura sevə-sevə gəlir”, – deyir P.Hacıyeva.

Baş həkim onu da əlavə elədi ki, bu pansionatda əvvəllər, ancaq müharibə əlilləri müalicə olunurdu, indi isə ümumiyyətlə, əlilliyi olan hər kəs yerlərdəki tibbi-sosial komissiyaların göndərişi əsasında müalicə üçün müraciət edə bilər.

Baş həkim deyir ki, ötən il pansionata 4 187 əlil müraciət edib və bu, sağlamlıq müəssisəsinin fəaliyyəti dövründə ən yüksək göstərici olub. Amma deyəsən, bu il daha çox müraciət edən var. Belə ki, noyabr ayının 1-dək artıq 3 860 nəfər pansionata müraciət edib. İrəlidə isə hələ iki ay var və nəzərə alaq ki, buranın qapısını ayda ortalama 550 əlil döyür.

Yeri gəlmişkən, mən pansionatda olanda, artıq 4040-cı pasiyentin rəsmən qeydiyyata alındığını eşitdim. Gələnlərin də çoxu Bakı, Cəlilabad, Zaqatala, Naxçıvan, Gəncə və sairin payına düşür.

 

Şəfa ocağı

 

Pansionatda xəstələr üçün yaradılan şəraitlə tanış olmaq üçün elə Baş həkimin müşayiəti ilə otaqdan çıxdıq. Binada stasionar, diaqnostika, fizioterapiya şöbələri, mədəni-istirahət və təsərrüfat bölmələri fəaliyyət göstərir. Baş həkimdən öyrəndim ki, hazırda burada 14 həkim, 48 tibb bacısı, 27 sanitar, 13 mətbəx, 20 nəfər isə təsərrüfat-texniki işçisi faəliyyət göstərir.
Onu da qeyd edim ki, pansionatda çalışan həkim və tibb bacıları tibbin yeni nailiyyətlərini mənimsəmək məqsədilə ixtisasları üzrə əlavə təcrübə kursları keçiblər.

Yerli tibbi-sosial komissiyaların göndərişi əsasında pansionata qəbul edilən pasiyentlər əvvəlcə müayinə edilir, sonra xəstəliklərinə uyğun şəkildə palatalara yerləşdirilir və onların müalicəsi ilə mütəxəssis-həkimlər məşğul olur.

Məlumat üçün onu da deyim ki, bu il pansionatda müraciət edənlərin 710 nəfəri hipertaniya, 376 nəfəri endokrin, 353 nəfəri əsəb sistemi və sair xəstələridir.

Yeri gəlmişkən, pansionatdakı palatalar xəstənin vəziyyətindən asılı olaraq 1, 2, 3 və 4 nəfərlikdir.

Pansionatda istifadə edilən bütün tibbi cihazlar, əsasən, Yaponiya istehsalıdır. Diaqnostika şöbəsində ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, reoqrafiya, spiroqrafiya, rentgen kabinetləri və laboratoriya fəaliyyət göstərir. Fizioterapiya şöbəsində müalicəvi bədən tərbiyəsi və əmək terapiyası, parafinlə, naftalanla, vannalarla, infraqırmızı ultrabənövşəyi şüa aparatları və sairlə müalicə aparılır. Bir sözlə, pansionata daxil olan hər kəs hərtərəfli müayinə və müalicə imkanına malikdir.

Qeyd edim ki, pansionat binasının yüngülvari təmirə ehtiyacı var, bəzi yerlərdə divarların suvağında qopmalar nəzərə çarpır. Baş həkim deyir ki, dam örtüyü tamamilə yenilənib, iki ədəd sürətli lift də alınaraq, quraşdırılıb. Çünki ağır xəstələrin, I qrup əlillərin yuxarı mərtəbələrdəki palatalara qalxın-enməsi üçün liftlərin normal vəziyyətdə olması başlıca şərtdir. Binanın ümumi təmiri məsələsi də əlaqədar orqanların gündəmindədir. Yəni yaxın gələcəkdə pansionada təmir-bərpa işlərinə start veriləcək.

 

“Bilmirəm, ömrüm harada dayanacaq…”

 

Əslində etiraf edim ki, divarlardakı solğunluq sağalmaq ümidi ilə bura pənah gətirən əlillərin müalicəsinə qətiyyən mane olmur. Elə dəhlizdə söhbətləşdiyim İbrahim kişi (İbrahim Mehdiyev) də fikirlərimə ortaqdır. Deyir, bu pansionat ona çox doğmadır – lap öz evi kimi. Son 12 ildir canını yandıran ağrılardan qurtulmaq üçün bu pansionat ona ümid yeri olub. “Qarabağ döyüşlərinin fəal iştirakçısı olmuşam. Döyüşlərdən birində ağır yaralandım və bu gün II qrup əlil kimi yaşamımı davam etdirməkdəyəm. Bu yandan da ürəyimin vəziyyəti kəskinləşib. Həkimlər ürəyin işemik xəstəliyinə tutulduğumu dedilər. Nə normal iş görə bilirdim, nə də piyada yeriyə. Heydər Əliyev Fondunun dəstəyi ilə ürəyimdə açıq əməliyyat aparılıb. Burada ildə bir dəfə olmaqla, 15-20 gün ərzində müalicə alıram, yoxsa çoxdan ölərdim. Həkimin Məlahət xanımdır, doğma bacı qardaşına elə xidmət göstərməz, hansı ki, o, mənim qayğıma qalır. Beş gündən sonra müalicəm başa çatır, buradan gedəcəyəm. Bilmirəm ömrüm harada dayanacaq, amma heç vaxt göstərilən qayğını unutmayacağam” deyir İbrahim kişi.

Bir-bir laboratoriya otaqlarını gəzib-baxdım. Demək olar ki, bütün otaqlarda xəstələr müayinə olunurdular. Özü də burada xəstələrin utanıb-narahat olmaması üçün, müasir tibbi avadanlıqlarla təhciz edilmiş kabinetlərdə (iri kabinetlərdə) eyni cinsdən olan iki xəstə müalicə seansı qəbul edirsə, mütləq aradan ağ pərdə çəkilir. Hansı ki, bu cür alqışlanası qayda ölkənin əksər xəstəxanalarında tətbiq olunmur.
Bu yerdə bir məlumat da verim ki, pansionatda ümumi müalicə müddəti 15-20 gündür. Amma həkim xəstənin vəziyyətini nəzərə alaraq müddəti bir neçə gün, maksimum bir həftə uzada bilər.

 

Ağır xəstələrin yeməyi palataya aparılır

 

Pansionatın birinci mərtəbəsində xəstələrin yemək yemələri üçün böyük bir yeməkxana da var. Gündə üç dəfə xəstələrlə dolub-boşalan, təxminən, 200 yerlik yeməkxananın təmizliyinə xüsusi diqqət yetirilir. Döşəmə silinib-süpürülür, səliqə ilə sıralanan və hər birinin ətrafında dörd ədəd stul qoyulmuş masaların üstü qaydaya salınır. Mətbəxdə də eyni təmizlik, səliqə-sahman hökm sürür. Burada xörək bişirilən qazanlar, digər qablar boşalan kimi yuyulub, qurulanır. Sobanın üstünün yağ və sairlə çirklənməməsinə diqqət yetirilir.

Mən orada olanda nahar üçün xəstələrə kələmdolması və vermişelli şorba bişirilmişdi. Süfrəyə verilərkən yeməklərin yanında salat, meyvə şirəsi, çay da olur. Özü də yemək rasionu günlərə görə fərqli olur.

Mətbəxin üzərində bir məsuliyyət də var: qalxıb yeməkxanaya gələ bilməyən I qrup əlillərin siyahısı tutulur və yeməklər palatalara göndərilir.

 

Boş vaxtlarda kitab oxuyurlar

Pansionatın ikinci mərtəbəsində xəstələrin boş vaxtını rahat keçirib, istirahət etmələri üçün kitabxana, 130 yerlik akt zalı yaradılıb. Kitabxananın kitab fondu 1 087 kitabdan ibarətdir. Kitabların əksəriyyəti Azərbaycan dilində olsa da, rus dilində, eləcə də Azərbaycan dilinə tərcümə edilmiş xarici yazarların əsərləri də az deyil. Bundan əlavə, burada müxtəlif jurnalları vərəqləmək də mümkündür. Eyni zamanda, istəyən burada nərd, domino və sairlə də başını qata bilər.

Oturub sakitcə kitab oxuyan yaşlı bir kişi ilə söhbətləşdim. Rza (Rza Əliyev) adlı bu nurani qoca deyir 77 yaşı var, Naxçıvandan gəlib. “II qrup əliləm, ürəyim xəstədir. Keçən il də gəlmişdim, 20 gün qaldım, çox da xeyri oldu mənə. İndi yenə burdayam, iki gündən sonra müalicəm başa çatır. Amma həkimim müalicəni daha iki gün uzatmaq istəyir. Çox istərdim qalım, buradakılar həqiqətən yaxşı insanlardır...”.

Akt zalı açıq yelpik formasında tikilib. Burada həm iclaslar, rəsmi və qeyri-rəsmi tədbirlər təşkil olunur, həm də xəstələrin asudə vaxtlarının mənalı keçməsi üçün konsertlər verilir, videofilmlər nümayiş olunur və sair.

Fəaliyyəti dövründə pansionata gələn bir sıra xarici ölkələrin, o cümlədən ABŞ, Ukrayna, Yaponiya və sair dövlətlərin nümayəndələri bu sağlamlıq müəssisinin ünvanına yüksək fikirlər səsləndiriblər. Eləcə də, pansionatın nümayəndələri MİNİNG layihəsi çərçivəsində Litvada təcrübədə olublar.

Pansionatdan ayrılıb həyətə çıxdım. Deyəsən, jurnalist olduğumu buradakıların hamısı öyrənmişdi. Çünki həyətin ortasındakı iri xurma palmasının yanında dayanıb söhbət edən iki orta yaşlı kişi görən kimi mənə yaxınlaşdı. Onlardan biri – İqbal (İqbal Ağayev) dedi ki, tanınmış journalist Mirşahin Ağayevin doğmaca qardaşıdır. “II qrup əliləm, astma xəstəliyindən əziyyət çəkirəm. Yardımlı rayonunda yaşayıram, xəstəliyimi yüngülləşdirmək üçün çox xəstəxana gəzmişəm, amma kaş ki, ilk gündən Şağana gələydim. Əlillərə bircə sözüm var: sağalıb aktiv həyata qayıtmaq istəyirlərsə, bura gəlsinlər...”. 

 

Vüsal Tağıbəyli

 

Məqalə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanıb



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019