Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”
Tarix: 20.11.2018 | Saat: 14:19:00
Bölmə:Reportaj | çapa göndər

II qrup əlil olan gənc rəssamın əl işləri Praqada qızıl medala layiq görülüb


Nə eşidir, nə də normal danışa bilir. Amma Allahın verdiyi istedad sayəsində çoxlarının bacara bilmədiyi işlərin öhdəsindən gələ bilir. Məhz İlahi bir istedadın - duymaq və ifadə etmək bacarığının sayəsində ayaqdadır, mübariz və mətindir, vüqarlı və qürurludur. Həyat eşqi, yaradıcılıq həvəsi, mübarizliyi və dözümlülüyü bütün çətinliklərə qarşı mübarizədə onun gücünə güc qatır. Onu yaşadan, həyata bağlayan da elə bu keyfiyyətlərdir.

Bərdə rayon sakini, 21 yaşlı Günay Məmmədli anadangəlmə lal-kar xəstəsidır. Valideynləri onun eşidə və danışa bilməməsindən Günay hələ 2 yaşına çatanda agah olublar. Bundan sonra valideynləri Günayın müalicəsi üçün imkan çatacaq qədər hər şeyi etməyə çalışsalar da, illərlə davam edən müalicələr effektiv nəticə verməyib. Nəhayət, Günay 7 yaşına çatanda onu Mingəçevir şəhərində tanınmış defektoloq-loqopedlərdən birinin yanına aparıblar. Xeyli müalicədən, nitq qüsurlarının aradan qaldırılmasına yardım edən xüsusi məşqlərdən sonra Günayın nitqi qismən də olsa açılıb, tədricən danışmağa, bəzi sözləri ifadə etməyə başlayıb.

Anası Şükufə xanım deyir ki, Günayın müalicə alması üçün 7 yaşına qədər Azərbaycanda qapısını döymədikləri xəstəxana qalmayıb. Hətta Uşaq İnkişaf Mərkəzlərinə, bir necə loqopedin yanına da aparıblar onu. Günay 7 yaşında çatanda Mingəçevirdəki loqopedin yanına aparandan sonra tədricən irəliləyiş hiss olunmağa başladı: “Təxminən 13-14 yaşına qədər həmin loqopedin yanına gedib-gəldik. Orta məktəbin 6-cı sinfini bitirəndə eşitdik ki, Bərdə şəhərindəki internat məktəbində dövlət tərəfindən bu cür uşaqlar üçün loqoped-müəllim ayrılıb. Ona görə də 7-ci sinifdə Günayı həmin məktəbə apardıq. Günayın bəxtindən ona riyaziyyatdan dərs deyən Mətanət müəllimə uşaqlara həm də psixoloji diqqət göstərirdi. Günayı da elə Mətanət müəllimə hazırlaşdırdı”.


Duymaq və ifadə etmək bacarığı...

Günay Bərdədəki internat məktəbində təhsil almağa başladığı ilk aylarda istedadlı uşaqların sorağına çıxan Lal-Karlar Cəmiyyətinin nümayəndələri bu təlim-tərbiyə ocağına da gəlir. Məktəbin dəhlizində istedadlı uşaqların divardan asılmış rəsm əsərlərinə baxış keçirən nümayəndələr əl işlərindən birinin üzərində xüsusi dayanıblar. Bu rəsm əsərinin müəllifinin kim olunduğunu soruşduqda məktəbin direktor müavini “Rəsmi 7-ci sinif şagirdi Günay Məmmədli çəkib”, - deyə cavab verir.

Şükufə xanım deyir ki, Lal-Karlar Cəmiyyətinin nümayəndələrinin internat məktəbinə bu gəlişi Günayın həm niqt və danışıq qüsurunun aradan qaldırılmasına, həm də özünün cəmiyyətə inteqrasiyasına böyük təkan verib: “Məktəbdə rəsm əsərləri çəkməyi bacaran bir neçə uşaq təhsil alırdı. Lal-Karlar Cəmiyyətindən gələn Validə adlı müəllimə uşaqların əl işlərindən ibarət rəsmlərə çox diqqətlə baxarkən məktəbdə rəssamlıq qabiliyyəti olan başqa uşaqların olub-olmadığını soruşub. Cavab veriblər ki, rəsm çəkə bilən bütün uşaqların əsərləri divara vurulub. Axırda müəyyənləşdiriblər ki, onların arasında ən yaxşı rəsm əsərləri Günay Məmmədliyə məxsusdur”.

Bundan sonra Validə xanım Günayın valideynləri ilə görüşərək onlara bəzi tövsiyələr verib. O, Günayın xüsusi istedada malik olduğunu söyləyərək onun rəssamlıq ixtisası üzrə təhsil almasının vacibliyini vurğulayıb. Hərçənd valideynləri yazıb-oxumağı çətinliklə bacaran Günayın ixtisas təhsili almasını buna qədər ağıllarına belə gətirməyiblər: “Validə xanım Günayın rəssamlıq üzrə ixtisas təhsili almasını tövsiyə edəndə, sözün düzü, mən buna təəccübləndim. Əlil uşağın müstəqil şəkildə təhsil ala biləcəyinə inanmırdım. Axı, hər kəs kollecdə təhsil almaq üçün mütləq imtahan verməlidir. Günay isə Azərbaycan dili və riyaziyyatdan başqa heç bir fənni minimum səviyyədə belə mənimsəməyib”.

...Onun nitqini açdı, idrakına güc verdi

Bərdədəki internat məktəbinə gəlmiş Validə xanımın bu tövsiyələri Tanrının verdiyi ömrü özünə qapanmış halda yaşayan Günayın da, onun valideynlərinin də üzünə yeni bir qapı açır. Kim bilir, Validə xanımın bu məktəbə gəlişi bəlkə heç təsadüf də deyildi, Tanrının bir qisməti idi ki, hansısa bir xeyirxah missiya daşıyıcısı sağlamlıq imkanları məhdud yüzlərlə uşağın arasında gəlib Günayın rəsmlərini görəcək, onun valideynlərini tapıb onlara bir yol göstərəcək.

“Validə xanım mənə ürək-dirək verdi, sözün düzü, bizə yol göstərən də həmin Validə xanım oldu” - deyə, Günayın anası bu işdə ilahi bir möcüzənin olduğuna da inanır. Onun dediyinə görə, Validə xanımın tövsiyəsi ilə Günayın rəssamlıq sənəti üzrə bəzi nəzəri bilikləri öyrənmək məqsədilə Əbdül müəllimin iş yerinə - Bakı Rəsm Qalereyasına gəliblər: “Əbdül müəllim əvvəlcə Günayın qabiliyyətini yoxlamaq üçün ona bir tapşırıq verdi. Günay elə orada rəsmi çəkib Əbdül müəllimə göstərdi. Onun dediyinə görə, yazı xəttindən fərqli olaraq, rəssamlıqda bir xətt var ki, bunu rəsm çəkən uşaqların əksəriyyəti bacarmır. Əbdül müəllim isə dedi ki, onun 1-ci səviyyə üzrə hazırlaşdırdığı uşaqlar Günayda olan qabiliyyətə malik deyil...”.

Hər kəslə bərabər təhsil

Beləcə, müəllim seçimində də Günayın bəxti gətirib. O, təxminən 2 il ərzində Bakıdakı Rəsm Qalereyasında Əbdül müəllimdən dərs alıb. IX sinfi bitirdikdən sonra Əbdül müəllimlin tövsiyəsi ilə Günay kollecə imtahan verib. İxtisas seçimi zamanı yalnız paytaxtdakı kollecləri yazıblar ki, Günayın Bakıda təhsil alması onun qabiliyyətinin daha tez üzə çıxmasına, sosial ineqrasiyasına əlavə imkanlar yaradar. Amma tale elə gətirib ki, onun imtahanda topladığı Bakıdakı kollecə daxil olması üçün kifayət etməyib. Növbəti il isə daha riskə getmək istəməyiblər, bu dəfə yalnız bölgələrdə yerləşən kolleclərin ixtisaslarını seçiblər. Həmin il Günay Ağdam Sosial-İqtisadi Kollecinin təsviri incəsənət ixtisasına daxil olub. Bir müddət sonra o, Bərdədən Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinə özü sərbəst şəkildə gedib-gələ bilirdi. Kollecə daxil olandan sonra Günayın həm nitqində, həm də ümumi inkişafında xeyli irəliləyiş müşahidə olunur.

Hazırda II qrup əlil olan Günayın əsas problemi eşitmə qabiliyyətinin olmamasıdır. O, yalnız xüsusi aparatın köməyi ilə eşidir.

“İldə təxminən 1000 manata bir aparat alırıq. Bu aparatın köməyi ilə eşidir, aparat xarab olanda heç nə eşitmir – deyə, anası söyləyir.

Günayın rəsm yaradıcılığına necə başlamasına gəlincə, onun ilk əl işlərindən biri kənd toyuna dair rəsm olub. Onda hələ təxminən 7-8 yaşı vardı. Anası Şükufə xanım xatırlayır: “Bir dəfə kənddə toydan qayıdandan sonra həmin toyu kağızda təsvir elədi. Hətta qədim tikiliyə oxşayan evin bacası üzərinə quşun qonması, həyətin bir küncündə bağlı itin həyətdəki yad insanlara necə baxmasına qədər bütün detalları rəsmdə əks etdirmişdi. Bu şəkli götürüb apardım Bərdədə tanınmış rəssamlardan birinə göstərdim. Rəssam kağıza baxanda təəccübünü gizlədə bilmədi, dedi ki, buradakı bəzi xətləri heç Rəssamlıq Akademiyasının ən istedadlı tələblərinin bəzisi verə bilmir. Həmin rəssam dedi ki, bu uşağı gətir yanıma, bir az dərs alsın. Ora da apardım. Yəni orta məktəbdə rəssamlıq təhsili də alıb, buna görə sənədi də var”.

Xaricdən göndərilən medal, diplom və təşəkkürnamələr

Günay daha çox mənzərə və gül-çiçək rəsmləri, insan taleləri mövzusunda rəsmlər çəkir. Hazırda onun 20-dək yüksək qiymətə satıla biləcək rəsmləri var.

Günay Məmmədli rəssamlıqla yanaşı modelyer sənətinə də xüsusi maraq göstərir. Onun geyim modalarını özündə əks etdirən rəsmləri də az deyil. Kollecə sənəd verərkən təsviri incəsənətlə yanaşı, modelyer ixtisasını da yaza bilərmiş. Ancaq valideynləri o vaxt bundan məlumatsız olduğundan yalnız təsviri incəsənəti yazıblar. İndi Günay da, valideynləri də hər iki ixtisası seçməməyə görə təəssüflənirlər. Amma...

Bir dəfə isə təhsil aldığı Ağdam Sosial-İqtisadi Kollecin rəhbərliyi Günayın rəsm əsərlərindən birini Çexiyada təşkil olunan sərgiyə göndərib. Sərgidən sonra həmin ölkənin Bakıdakı səfirliyi məktəbin nümayəndələrini səfirliyə dəvət edərək Çexiya dövləti adından məktəbə qızıl medal təqdim ediblər.

Bundan başqa, Validə xanım Günayın rəsmlərindən birini istəyərək Moskvada təşkil olunan sərgiyə göndərəcəyini deyib. Günay özü buna razı olmasa da, anası onun rəsmlərindən birinin fotoşəklini çəkərək Moskvaya göndərib. Özü ilə yox, fotoşəkli ilə Moskvadakı sərgidə nümayiş olunan həmin rəsmə görə Günayın adına diplom göndərilib.

Anası deyir ki, Günay ilk dəfə belə tədbirlərə hələ orta məktəbdə oxuyarkən qatılıb və ictimai baxışa çıxarılan bu rəsmə görə fəxri fərmanla təltif olunub. Amma indiyədək öz əsərlərinin sərgisini keçirməyib və indi onun ən böyük arzusu Bakının ən məşhur mərkəzi ərazilərində sərgisini təşkil etməkdir. Belə bir sərginin təşkili üçün isə nə özünün, nə də valideynlərinin imkanı çatır.

İndi Günay çox arzulayır ki, müvafiq dövlət orqanları onun rəsm əsərlərinin təşkilində maddi və təşkilati dəstək göstərsin. O, əmindir ki, özünün rəsm əsərlərindən ibarət sərgisini keçirə bilsə, bu sərgi vasitəsilə əsərlərinin bir çoxunu sata bilər. Bu isə onun bu sənəti daha da inkişaf etdirə bilməsi üçün yeni imkanlar açar, maddi sıxıntılarının aradan qaldırılmasına kömək edər.

Günay Məmmədli öz arzu və istəklərini çətinliklə olsa da, həmsöhbətinə çatdıra bilir. O, çox sevdiyi rəssamlıq peşəsini davam etdirmək istəyir, sadəcə, kiçik bir dəstək, həvəsləndirmə tədbirləri lazımdır. Çünki çəkdiyi rəsmlərin qiymətləndirilmədiyini, satılmadığını gördükdə həvəsdən düşür. Bu isə danışığında və eşitmə orqanında problemləri olan Günayda inamsızlıq yaradır, sanki həyatdan küsməyə, özünə qapanmağa başlayır.

O, əmindir ki, rəssamlıqla məşğul olmaq onun üçün sadəcə məşğuliyyət deyil, daha çox peşədir. Bu, onun üçün həm də daim inkişaf etdirmək, üzərində çalışmaq, Azərbaycan mədəniyyətini və incəsəntini təbliğ etdirmək imkanıdır.

Cəmilə Hüseynli

P.S. Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.03.2019
17.03.2019