Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Biz azərbaycanlı dostlarımızla bütün sahələrdə əməkdaşlıq edirik" – Dan İanku
Tarix: 29.11.2018 | Saat: 19:15:00
Bölmə:Gündəm | çapa göndər

Bu gün dost rumın xalqı Milli Günü təntənəli şəkildə qeyd edir. Bu münasibətlə Rumıniyanın ölkəmizdəki səfirliyi, dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, yerli ictimaiyyət təmsilçilərinin iştirakı ilə rəsmi qəbul təşkil edib.

İki ölkənin dövlət himni səsləndirildikdən sonra çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku Milli Bayramın yaranma tarixindən söz açaraq bildirib ki, bu illər ərzində rumın xalqı böyük dövlətçilik ənənəsi qazanıb. O, Rumıniyanın beynəlxalq müstəvidə aktiv siyasət yürütdüyünü diqqətə çatdırıb. Səfir Rumıniya ilə Azərbaycan arasında münasibətlərə də toxunub. Bildirib ki, iki ölkə arasında mehriban dost əlaqələri yaradılıb. "Biz azərbaycanlı dostlarımızla bütün sahələrdə əməkdaşlıq edirik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Azərbaycan nümayəndə heyətinin bu il Rumıniyaya səfəri çərçivəsində Buxarestdə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. Bu, ölkələrimiz arasında əlaqələrin inkişafının sübutudur", – deyib səfir.

Azərbaycan adına çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib ki, ölkələrimiz arasında bərabərhüquqlu əlaqələr qurulub. Ə.Əhmədov Prezident İlham Əliyevin Rumıniyaya səfərini xatırladıb və deyib ki, Azərbaycan-Rumıniya əlaqələrinin yaxşı gələcəyi var. "Rumıniya Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bunu dəfələrlə açıq şəkildə bildirib. Eləcə də ölkələrimiz arasında iqtisadi layihələr uğurla icra olunur", – deyən Baş nazirin müavini əlavə edib ki, hazırda hər iki ölkənin parlamentində yaradılmış dostluq komissiyaları ikitərəfli münasibətlərin hüquqi bazasını yaradır.

Azərbaycanla Rumıniya arasında dostluq əlaqələrinin tarixi XV əsrə uzanır. 1473-cü ildə Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənlə Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanıb. Azərbaycan Demokratik Respublikasının müdafiə naziri S.Mehmandarov rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif olunub, eləcə də M.Ə.Rəsulzadə II Dünya müharibəsi zamanı Buxarestdə yaşayıb. Bu gün də Azərbaycanla Rumıniya arasında sıx dostluq əlaqələri mövcuddur. Dövlətlərimiz hər zaman qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış ediblər. Bu da əbəs yerə deyil. Nəzərə alaq ki, Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan dövlətdir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 16-da qurulub. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açılıb.

2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya, 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər edib və bundan sonra da günümüzədək qarşılıqlı səfərlər davam etməkdədir.

Hazırda Milli Məclisdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri 4 mart 2016-cı ildən Azay Quliyevdir.

Humanitar sahədə əməkdaşlıq 2001-ci ildən etibarən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunub. Buxarestin Tey parkında ümummilli lider Heydər Əliyevin və Bakıda tanınmış rumın bəstəkarı Corce Eneskunun büstləri ucaldılıb.

10 may 2000-ci ildə Bakıda Rumıniya-Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılıb.

Azərbaycanın Sumqayıt şəhəri ilə Rumıniyanın Piteşti şəhərləri qardaşlaşıblar.

Bu arada, Rumıniyanı heç vaxt gəzib-görməyən oxucularımıza maraqlı olar deyə, bir az da bu dost ölkənin zənginlikləri ilə tanış olaq.

Avropanın şərqində, Qara dəniz sahilində yerləşən Rumıniyanın ərazisi 238,4 min kvadratkilometr, əhalisinin sayı son məlumatlara əsasən təxminən 19 milyon nəfərdir. Rumıniya ərazisinin genişliyinə görə Avropada 12-ci (AB-də 9-cu), dünyada isə 82-ci sıradadır.
Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər).

Ölkə cənub və şərq əraziləri istisna olmaqla başdan-başa dağlarla əhatə olunur. Əsas dağları Karpatdır. Hazırda Rumıniyada 2 min metrdən artıq yüksəkliyi olan 40-dan çox dağ var.

Rumıniya ərazisi yerüstü çay və göllərlə zəngindir. Avropanın ən uzun çayı olan Dunay bu ölkəni iki hissəyə bölərək Qara dənizə tökülür.

Rumıniya Avropadakı ən qədim insan məskənlərinin tapıldığı ölkədir. 2002-ci ildə Rumıniyanın qərbindəki bir mağarada kəşf edilən (“Sümüklü Mağara”, Rumıniya, “Peştera cu Oyasa”) bu qalıqların 42 min il əvvələ aid olduğu təxmin edilməkdədir. Rumıniya torpaqlarında qurulan ilk dövlət trakiyalıların qurduğu Daçiya Krallığıdır. Bu dövlət 101-107 illər arasında Roma İmperatoru Trayanın orduları tərəfindən işğal edilərək Roma İmperiyasının əyalətinə çevrilib. Roma İmperiyası çökəndən sonra bu torpaqlar qotlar, hunlar, avarlar, slavyanların zəbtinə uğrayıb. 9-11-ci əsrlər arasında Birinci Bolqar Dövlətinin bir parçasına çevrilən Rumıniya, eyni zamanda, macar, peçenek, kuman və tatarlar tərəfindən işğala məruz qalıb. Rumınlar ilk dəfə 14-cü əsrdə özlərinə aid dövlət qurmağı bacarıblar. Bu dövlətlər 1310-cu ildə I Basarab tərəfindən qurulmuş Valaxiya Bəyliyi və 1352-ci ildə Dragoş tərəfindən qurulmuş Moldova dövlətidir.

15-ci və 16-cı əsrlərdə bu torpaqlar Osmanlı Dövlətinin himayəsi altına keçib. Ancaq osmanlılar Rumıniyanı heç bir zaman bütünlüklə ilhaq etmədilər. Buxarest və Yassı kimi böyük Rumıniya şəhərlərində tez-tez Osmanlı vətəndaşlarına rast gəlinirdisə də, sayları az idi. Bu şəhərlər heç vaxt Sofiya, Belqrad, Saloniki və ya Skopye kimi Osmanlı xarakteri qazanmadı. XVIII əsrə qədər Valaxiya və Moldovanın voyvodaları rumınların arasından seçilərdi. Bu vəziyyət 1826-cı ildə Yunanıstanın müstəqilliyini qazanmasına qədər davam etdi.

İkinci dünya müharibəsi illərində Rumıniya Almaniyanın satileti idi və ölkədə Antonesku diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi, ölkədə Xalq Respublikası elan edildi. Amma 1989-cu ildə 22 il hakimiyyətdə olan Çauşevski devrildikdən sonra isə Rumıniya Qərb institutlarına meylləndi. NATO-nun üzvü olan Rumıniya bu gün həm də Avropa Birliyinin subyektidir.

Rumıniyada yaşayan, təxminən, 20 milyon nəfər əhalinin 90 faizi rumınlar, qalanları digər xalqların nümayəndələridir. Onlardan ən çoxu macarlar (6,6 faiz), qalanları ukraynalılar, almanlar, türklər, tatarlar, serblər, slovaklar, bolqarlar, qaraçılar və sairdir. Əhalinin 87 faizə qədəri ortodoks, 4,7 faiz kotolik, 3,7 faizi protestant və sairdir. Ümumi sayları 80 min civarında dəyişən türk və tatarlar isə müsəlmanlardır.
Rumıniyada orta yaş dövrü 72 yaşdır.

Ən böyük şəhərləri Buxarestdir (ətrafı ilə birlikdə 2,1 milyon nəfər). Rumıniyanın 5 şəhəri böyüklüyünə görə Avropa İttifaqının ən iri şəhərləri siyahısına daxildir. Bunlar Yassı, Konstansa, Temeşoara, Braşov və sairdir.Bundan başqa, Rumıniyada əhalisinin sayı 200 mindən çox olan 5, 100 mindən artıq olan 13 şəhəri mövcuddur.

Rumıniya iqtisadiyyatı son illər inkişaf etməyə başlayıb. Təxmini məlumata görə, ölkənin ümumilli məhsul istehsalı 180 milyard dollardır ki, bu da adambaşına düşən gəlirin 9,2 min dollar olması deməkdir. Rumıniyanın illik ixracatı 63, idxalatı isə 71 milyard dollar civarındadır. Əsas ticarət ortaqları Avropa Birliyi ölkələri, eləcə də Türkiyə və Rusiyadır.

Ölkə iqtisadiyyatının 30 faizi sənayedən, 12 faizi kənd təsərrüfatı və meşəçilikdən, 10 faizi nəqliyyat və rabitə, 11 faizi isə turizm sektorundan ibarətdir. Taxıl yığımına görə Rumıniya dünyanın öncül dövlətlərindənir. Qarğıdalı, buğda, arpa, şəkər çuğunduru və üzüm əsas pul gətirən sahələrdir. Balıqçılıq da inkişaf edib.

Mədənlərinə gəlincə, neft, kömür və təbii qaz ehtiyyatları bu ölkənin əsas mədən qaynaqlarıdır. Məhz malik olduğu bu ehtiyyatlar sayəsində Rumıniya özbaşına inkişaf etmək iqtidarında olan dövlətlərdən sayılır.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Rumıniya xalqını və bu ölkənin Azərbaycandakı səfirliyinin, başda səfir Dan İanku olmaqla, bütün heyətini təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018