Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əslində İrəvandakı bəyanatı ilə Yevseyev məhz Ermənistanı alçaldıb” – Şair Ramaldanov
Tarix: 05.12.2018 | Saat: 16:30:00
Bölmə:Müsahibə | çapa göndər

Bir neçə gün öncə ermənipərəst Konstantin Zatulinin yaratdığı “Lazarev klubu” İrəvanda toplantı keçirdi. Toplantıda ermənipərəst ruslarla yanaşı, Köçəryan-Sarkisyan komandasının üzvləri, politoloqlar da iştirak etdi. “Lazarev klubu”nun sədr müavini Vladimir Yevseyev çıxış edərək ermənilərə “ürək-dirək” verən bəyanatlar səsləndirdi. Dedi ki, “ermənilər Bakını “İsgəndər”lə vurmalıdır. Yoxsa, aprel döyüşləri təkrarlana bilər”. Yevseyev həmçinin “Azərbaycana nəinki beş, heç bir rayon da qaytarılmamalıdır” fikrini də səsləndirdi.

Bir sıra ekspertlər hesab edir ki, rus politoloqun bu fikri səsləndirməsinin əsas səbəblərindən biri də Azərbaycan Ordusunun güclənməsidir. Məhz bu amil həm Rusiyadakı müəyyən dairələri, həm də Ermənistan tərəfini bərk təşvişə salıb.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və ehtiyatda olan polkovnik Şair Ramaldanov hafta.az-a müsahibəsində deyib ki, əslində İrəvandakı bəyanatı ilə Vladimir Yeveseyev Ermənistanı alçaldıb.

-Cənab polkovnik, Yevseyevin bu bəyanatının kökündə nə dayanır və nəyə hesablanıb?

- Azərbaycan Silahlı Qüvvələri on ildən çoxdur, bizim bölgədə, regionumuzda ən güclü ordu sayılır. Son statistik göstəricilər də bunu təsdiq edir. Həmin göstəricilərin birində Azərbaycan 136 ölkənin ordusu arasında 53-cü yeri tutub. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də dedi ki, indi ordumuz çox güclüdür, regionun ən güclü ordusuna malikik. Azərbaycan Ordusunun getdikcə güclənməsi, hərbi sənayemizin durmadan inkişaf etməsi, iqtisadiyyatımızın sürətli inkişafı düşmənlərimizi də narahat edir. Ordumuzun güclənməsi, iqtisadi inkişaf həm də müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan bütün sahələrdə müstəqil siyasət yürürdür. Ermənistanda isə belə deyil. Ordusu zəifdir. Siyasi böhran hökm sürür. O ki, qaldı “Lazarev klubu”nun İrəvandakı sərsəm bəyanatlarına, əvvəla onu deyim ki, bu klub İrəvana ancaq Rusiyada yaşayan ermənipərəst nümayəndələri toplamışdı. Yevseyevin özü də ermənipərəstliyi ilə seçilir. Nədənsə, mətbuatda daha çox onun dedikləri sözlər yer alıb. Ümumiyyətlə, Yevseyevin çıxışı həm siyasi, həm də hərbi baxımdan olduqca savadsız bir çıxışdır. Heç bir həqiqətə əsaslanmır. Onun sərsəmləmələri, absurd fikirləri eyforiyadan qaynaqlanır. Daha çox Ermənistanın daxilinə hesablanmış bəyanatlardır.

- Səhv etmirəmsə Yevseyevdən əvvəl ermənilər də müharibə təkrarlanarsa, Bakını “İsgəndər”lə vurmaqla bağlı hədə dolu bəyanatlar səsləndirmişdilər...

- Doğrudur. Bakını “İsgəndər”lə vurmaqla bağlı fikir Sarkisyan rejimi dönəmində də səsləndirilmişdi. Həmin vaxt “İsgəndər” raketləri Ermənistanda təzəcə peyda olmuşdu. Həmin vaxt “Qarabağ klanı” tərəfindən bu fikirlər ifadə edilmişdi. O zaman Azərbaycan tərəfi bu cür səsrsəmləmələrə çox sərt cavab vermişdi. Birincisi, həmin raketlərin Ermənistana məxsus olub-olmaması bu gün də böyük sual altındadır. Hətta ermənilər Rusiyanın Gümrüdəki 102-ci bazasının da onlara məxsus olduğunu deyirlər. Hətta deyirlər ki, lazım gələrsə, 102-ci bazanın silahlarından aktiv döyüş əməliyyatlarında da istifadə edə bilərlər. Digər tərəfdən, ermənilər bu məsələdə çox savadsız davranırlar. Deyəsən, Yevseyevin özü də coğrafiyanı çox pis bilir. Onlar nəzərə almırlar ki, Naxçıvandan İrəvana olan məsafə nə qədərdir. Naxçıvanda olan zenit-raket və artilleriya silahlarının gücündən xəbərsizdirlər. Qısa müddətdə Naxçıvandan İrəvanı vurmaq mümkündür. “İsgərndər”lər Bakıya çatana qədər İrəvanı zərbə altında qoymaq daha inandırıcıdır. Üstəlik “İsgəndər”lərin gəlib Bakıya çatması mümkün deyil.

- Niyə mümkün deyil?

- “İsgəndər” raketləri İrəvanda peyda olmamışdan əvvəl Azərbaycan Silahlı Qüvvələri bu silahlara qarşı ən müasir müdafiə sistemləri ilə təchiz olunmuşdu. Həmin sistemlər də İsraildən alınıb. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa son səfəri zamanı memarandum imzaladı. Həmin sənədin nəticələrinə görə, Azərbaycan Belarusdan hava hücumundan müdafiədə istifadə olunan bütün köhnə radarları yeniləri ilə əvəzləməyə başlayıb. Belarus istehsalı olan idarəetmə sistemləri ilə öz arsenalını təkmilləşdirir. Yeni nəsil hava hücumundan müdafiə sistemini alaraq ölkəmiz bu sahədəki üstünlüyünü daha da artırır. Bütün bunlar düşmənin havadan zərbə vurmaq imkanlarını sıfıra endirən amillərdir. Əgər Yevseyevin və başqalarının bu haqda məlumatı olsaydı, o zaman, o cür bəyanatlar verməzdilər.

- Bəs Ermənistan ordusu müasir silahlarla təmin olunmurmu? Düşmənin güclü olmadığını söyləməklə öz başımızın altına yastıq qoymuruq ki? Paşinyan dönəmində Ermənistan ordusunda hansısa irəliləyiş baş veribmi?

- Ümumiyyətlə, “Lazarev klubu”nun həmin nümayəndələri daha çox köhnə Sarkisyan klanına yaxın olan adamlardır. Serj Sarkisyanı dəstəkləyən nümayəndələrdir. Həmin adamlar Ermənistana silah yardımı, güzəştli kreditlər barədə də danışdılar. Amma hazırda Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tanayan bildirdi ki, may ayından bu yana onlar bir dənə də olsun silah ala bilməyiblər. Digər tərəfdən, Nikol Paşinyan hökumət başçısı kimi əsgərlərin yemək və geyim təchizatı ilə bağlı fikirlər səsləndirib. Paşinyan açıq mətbuat konfransında deyib ki, Ermənistan ordusunun hazırkı vəziyyətini düzəltmək üçün müəyyən zaman lazımdır. Bundan əvvəl də Ermənistan ordusunun əsgərlərinin alt paltarları ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, hazırda erməni əsgərlər dövlət tərəfindən alt paltarları ilə təmin olunmur. Yəni, bu məlumatlar onu deyir ki, işğalçı ölkədəki iqtisadi vəziyyət, Ermənistan ordusundakı maliyyə durumu o qədər pis vəziyyətdədir ki, onlar sadə təchizatla belə öz ordusunu təmin edə bilmir. Burada söhbət hansı müasir silahdan gedə bilər?! Onlara hələ 3 il əvvəl 300 milyon dollarlıq kredit ayrılıb. Həmin kreditin heç 70 faizini bu günə kimi ala bilməyiblər. Paşinyanın hakimiyyətə gəlişi ilə həm iqtisadi, həm də sosial problemlər daha acınacaqlı həddə çatıb. Hazırda Ermənistanda siyasi problemlər o qədər gərgindir ki, işğalçı ölkəni bundan sonra hansı fəlakətlərin gözləyəcəyini söyləmək də sual işarəsi altındadır. Bu ayın 6-da Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndələri ilə görüşməli idi. Paşinyan KTMT nümayəndələrinə müraciət etdi ki, həmin görüş təxirə salınsın. Çünki ayın 9-u Ermənistanda seçkilərdir, ölkədə vəziyyət gərgindir. Ona görə də nəzərdə tutulan görüş başqa vaxta keçirildi.

-Düşənbə danışıqlarından sonra Paşinyanın Dağlıq Qarabağ siyasətində yumşalma baş verdiyini söyləmək olarmı? Onun populist bəyanatlarının arxasında xalqa hesablanmış mövqe dayanır yoxsa...?

- Düşənbə danışıqlarından öncə Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ritorikası başqa idi. Azərbaycan Respublikasının prezidenti ona xəbərdarlıq etdi. Ondan sonra Paşinyan danışıqlara getdi. Danışıqlardan sonra Paşinyanın ritorikası ümumiyyətlə dəyişdi. Yəni, Azərbaycan prezidenti həmin danışıqlar zamanı elə bir sərt ritorika ilə öz mövqeyini sərgilədi ki, görüşdən çıxan Paşinyan sanki görüşə qatılan Paşinyan deyildi. Hətta mətbuatda yayılan yazılara görə, həmin vaxt Nikol Paşinyan İlham Əliyevdən vaxt istədi. Hesab edirəm ki, Paşinyan hələ ki, öz komandasını yığa bilmədiyini, ölkəsində söz sahibi olmadığını, vəzifədə qalıb-qalmayacağının da sual işarəsi altında olduğunu əsas gətirərək vaxt istədi. Ona görə də Paşinyan indi hansı konstruktiv mövqe tutmaq istəsə bu onun üçün təhlükəli ola bilər. Qeyd edim ki, Düşənbə danışıqlarından sonra atəşkəs pozulması da hardasa üç dəfə azalıb. Hazırda Qarabağ məsələsində danışıqlara qədərki mərhələdən fərqli olaraq, bir o qədər də sərt ritorika ilə müşaiyət olunmur. Paşinyan Qərb və amerikayönlü siyasətini gizlətmir. Sarkisyan və “Qarabağ klanı”na yaxın olan, Rusiyada yaşayan ermənilər, Yevseyev kimi ermənipərəst analitiklər “Lazarev klubu”nun kölgəsi altında öz fikirlərini ifadə edirlər. Ancaq həmin toplantıda nə Rusiya dövlətini, nə də Rusiyadakı hakim dairələri təmsil edən samballı nümayəndələr də yox idi.

- Vladimir Yevseyevin bəyanatının ikinci tərəfi də varmı? Həmin bəyanatda son vaxtlar Rusiyadan qopmağa çalışan Ermənistana da hədə payı varmı? Yoxsa, hədəfə alınan yalnız Azərbaycandır?

- Əslində Yevseyevin çıxışına qulaq asanda görürük ki, həmin çıxışı ilə o Ermənistanı alçaldıb. Hətta Ermənistana barmaq silkələyib. Yevseyev İrəvana müstəqil olmadığını xatırladıb. Yevseyev açıq-aydın bildirib ki, Ermənistan Rusiyasız heç nədir. Əslində, Vladimir Yevseyev özünü “Lazarev klubu”nun direktor müavini kimi qələmə verib. Rusiya Federasiyasında fəaliyyət göstərən həmin institutun əsas məqsədi post-sovet məkanına daxil olan ölkələrdə Rusiyanın siyasətini yeritməkdir. Ona görə də Yevseyev çıxışının bir hissəsini Azərbaycana yönəldibsə, digər hissəsi Ermənistanın özünə qarşı yönəlib. O çıxışında Azərbaycanı bəhanə gətirərək Ermənistana barmaq silkələyib. Yəni, həmin bəyanatın arxasında bir nüans dayanır; əgər İrəvan Moskvanın ətəyindən yapışmasa, Rusiyanın dediyi ilə oturub-durmasa, Paşinyanı və Ermənistanı nələrin gözlədiyini deyərək sözlə “əzələsini nümayiş etdirib”. Burada Azərbaycan sadəcə olaraq bəhanədir. Vladimir Yevseyev də, başqaları da bilməlidir ki, Azərbaycan “İsgəndər”lərdən çəkindiyi üçün torpaqlarını işğaldan azad etmir. Azərbaycan sadəcə olaraq, sülhlə işğal edilmiş ərazilərin qaytarılmasını istəyir. Rəsmi Bakı bu məsələdə sülh tərəfdarıdır. Sadəcə olaraq ölkəmiz Ermənistana vaxt verib. Məsələ sülh yolu ilə həll edilməlidir. Bu baş verməsə, Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı prezident cənab İlham Əliyevin əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Heç bir qüvvə, o cümlədən də “İsgəndər” raketləri Qarabağın azad edilməsinin qarşısını ala bilməz.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018