Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qızıl medallı məzunlara qızıl güzəşt
Tarix: 05.12.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azərbaycanda bu kateqoriyadan olan məktəblilərin yalnız bir imtahan verməklə ali məktəblərə qəbulu təklif edilir

Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq. Qeyd edək ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar. Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, mövcud qaydalara görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunur. “Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib. Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75 faiz əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faiz “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi -“Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində orta məktəbləri bitirən məzunlardan 185-i qızıl, 38-i isə gümüş medala layiq görülüb. Ötən il Azərbaycanın ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 154 nəfəri qızıl medalla, 31 nəfəri isə gümüş medalla təltif edilib. 2016-cı ildə məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif edilib. Qızıl medal alan məktəblilərin 14-ü Naxçıvan Muxtar Respublikasının, 54-ü paytaxt məktəblərinin, 5-i Sumqayıt məktəblərinin, 6-sı Gəncə məktəblərinin, 50- si digər bölgələrin təmsilçiləri olub. Gümüş medal alanlar siyahısında isə 13 nəfər Naxçıvanı, 8 nəfər Bakını, 8 nəfər isə bölgələri təmsil edib.
2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edilib. Ümumiyyətlə, indiyədək məzunlara verilən medalların sayında rekord göstərici 2012-2013-cü tədris ilində olub. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirib. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görülüb. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda 53 şagird qızıl və gümüş medal alıb. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Amma uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu məsələ yenidən bərpa edilib. Beləliklə, 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən verilir.

Məlumat üçün onu da vurğulayaq ki, orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə “Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri”nin qəbulu ilə başlayıb. Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.
İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanıb. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanıb. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
Hazırda ölkəmizdə XI sinfi qızıl və ya gümüş medala layiq görülməklə başa vuran məzunlara xüsusi nümunəli attestat verilir. Qızıl medalla təltif edilmiş məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülmüş məzunların xüsusi nümunəli attestatının üzlüyü isə boz (gümüşü) rəngdədir.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, məktəblilərin medallarla təltif olunmasında şəffaflığa tam nail olunmayıb: “Etraf edək ki, bu prosedurların keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin diektora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. Hesab edirəm ki, “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir”.

Onun sözlərinə görə, orta məktəbi Qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil: “Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahlarındakı nəticələri də təsdiq edir. Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Yəni, qızıl medal alanlar onlardan geridə qalırlar. Məsələn, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1 faiz) 700 bal, 145 nəfəri (58 faiz) 600-699 bal, 49 nəfəri (20 faiz) 500-599 bal, 22 nəfəri (9 faiz) 400-499 bal, 12 nəfəri (5 faiz) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5 faiz) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. Bu kimi hallar onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
06.12.2018 Təmayül siniflər

Xəbərə şərh yaz
11.12.2018
10.12.2018