Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məqsədimiz yüksək intellektual səviyyəyə malik mütəxəssislər hazırlamaqdır” - Ceyhun MƏMMƏDOV
Tarix: 05.12.2018 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə yeni ali təhsil ocağı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı. Bu ilin sentyabrında isə Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi keçirildi. Adıçəkilən təhsil ocağının rektoru Ceyhun Məmmədovla Aİİ-nin fəaliyyəti, gələcək planları və bir çox maraq doğuran məsələlərlə bağlı söhbət etdik. Rektorla müsahibəni “Həftə içi” qəzetinin və hafta.az saytının oxucularına təqdim edirik.


– Ceyhun müəllim, rəhbərlik etdiyiniz institut hansı zərurətdən yarandı?
– Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir.
Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Azərbaycanda dini ənənənin zəiflədilməsi ilə müəyyən problemlər yaranmağa başladı. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda bu sahəyə diqqət artırıldı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi andan etibarən, din sahəsinə xüsusi qayğı göstərilməyə başlandı: məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Hazırda isə ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. 
Din olduqca həssas və vacib sahədir. Bu baxımdan, sözügedən sahədə mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Hazırda institutda bir ilahiyyat fakültəsi və 3 kafedra fəaliyyət göstərməklə, Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Təhsil müəssisəsində 109 tələbə təhsil alır və 20-yə yaxın müəllim tədris prosesinə cəlb edilib. Tələbələrin tədrisi ilə məşğul olan müəllimlər dünyanın müxtəlif uviversitetlərində təhsil almış alimlərdir.
Nəzərinizə çatdırım ki, institutda ilahiyyatla bağlı araşdırmalar aparan mütəxəssislərin elektron bazası yaradılıb. Tələbələrin təhsili isə dövlət hesabınadır. Onlar yataqxana ilə və gündəlik pulsuz yeməklərlə təmin olunacaqlar. Eləcə də Azərbaycan mentaliteti, milli adət və ənənələri nəzərə alınaraq, vahid geyim forması tətbiq olunacaq.
– Azərbaycan İlahiyyat İnstitutunda ancaq dini təhsil nəzərdə tutulub, yoxsa gələcəkdə əhatə dairəsi genişləndiriləcək?
– Aİİ-də dünya standartlarına uyğun yüksək təhsilin verilməsi üçün zəruri olan bütün tələblər yerinə yetirilib. Sinif otaqları müasir dövrün tədris metoduna uyğun avadanlıqlarla təchiz edilib, dərslərdə ənənəvi üsullarla yanaşı, müasir metodlar da tətbiq olunur. İxtisaslar üzrə keçirilən fənlər yüksək təhsil standartlarına uyğun tədris edilir. İnstitutun təhsil standartlarının müəyyənləşdirilməsində Harvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, eləcə də Şərqin qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi geniş araşdırılaraq tətbiq olunub. İnstitutda İslam dininin tədrisi ilə yanaşı, digər aparıcı dünya dinlərinin – xristianlıq, yəhudilik, hinduizm, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunur.
Hesab edirik ki, tələbələrimiz tarixi, ədəbiyyatı, incəsənəti, informatikanı, fəlsəfəni və xarici dilləri mütləq yaxşı bilməlidirlər. Tələbələrə ərəb, ingilis, rus və fars dillərini yaxşı öyrətmək hədəflərimizdəndir. Bunların bir hissəsi tədris prosesində, bir hissəsi isə əlavə kurslarda öyrədiləcək. Eyni zamanda fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial və humanitar elmlər də tədris olunur.
İnstitutu bitirənlər dini yaxşı bilməklə yanaşı, dünyəvi fənləri də dərindən mənimsəməlidirlər. Bir sözlə, məqsədimiz yüksək intellektual səviyyəyə və zəngin dünyagörüşünə malik olan müxtəlif xarici dilləri bilən mütəxəssislər yetişdirməkdir.
– Hansı sahələrə daha çox diqqət ayırırsınız?
– Tədris bizim üçün əsas prioritetdir. Burada tədris prosesi ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən həyata keçirilir. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları vardır. 
İnstitutda tədris Azərbaycan dilindədir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin təhsilə cəlb olunmaları, həmçinin yəhudilik, xristianlıq, hinduizm və buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edən ibri, qədim yunan, latın və sanskrit dillərinin tələbələrə öyrədilməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır. Beynəlxalq mübadilə proqramları (“Erasmus”, “Mevlana” və s.) vasitəsilə Aİİ tələbələrinə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsillərini dövlət xətti ilə xarici ölkələrdə davam etdirməyə imkan yaradır. Tələbələr, həmçinin ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının - oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib. İnstitutda, həmçinin Şərq incəsənəti – musiqisinin bir sıra sahəsinə aid ödənişsiz kursların təşkil olunması nəzərdə tutulub.
Bunlarla yanaşı, davamlı olaraq institutda zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə müxtəlif mövzularda “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlər təşkil edir.
– Bu gün Azərbaycanda din və dövlət münasibətləri, dini etiqad azadlıqlarının təmini barədə nə düşünürsünüz?
– Hazırda ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası, sovet dövründə dağıdılmış rus pravoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların istifadəsinə verilməsi – bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.
Eyni zamanda, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Bu gün terror və ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Bunun üçün dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi, dini dərslərlə yanaşı, dünyəvi fənlərin tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan dini ekstremizmin qarşısının alınması, ölkə vətəndaşlarının xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapır. 2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilib.
– Hazırladığınız kadrların gələcəkdə bu sahə üzrə işlə təmin olunması ilə bağlı hansı addımların atılması nəzərdə tutulur?
– Təbii ki, institutun qarşısında duran ən vacib məsələlərdən biri məzunların gələcəkdə işlə təmin olunmasıdır. Hazırda bu istiqamətdə işlər gedir. Qeyd edim ki, ölkəmizin təhsil müəssisələrində və dövlət qurumlarında dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyac var. Hesab edirik, gələcəkdə bu məsələ öz müsbət həllini tapacaq və institutu qurtaran tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar.
– Qarşıdakı müddətdə hansı tədbirlərin keçirilməsini planlaşdırırsınız?
– Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görülüb. İyun ayından etibarən, institutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunub. Cəmiyyətin məlumatlandırılmasına xidmət edən bu tədbirlərdə dinə, dövlət-din münasibətlərinə, Azərbaycanda mövcud olan dini-mənəvi mühitə müxtəlif aspektlərdən yanaşan fərqli mövzular gündəmə gətirilib. Eyni zamanda, Aİİ tələbələrin dünyagörüşünün zənginləşdirlməsi, elmi axtarışlara sövq edilməsi üçün ölkənin tanınmış simaları – elm xadimləri, ziyalıları ilə, eləcə də institutda ənənəvi şəkildə keçirilməsi nəzərdə tutulan “Səfir saatları” layihəsi çərçivəsində də ölkəmizdə fəaliyyət göstərən səfirlərlə görüşlərin təşkil edilməsinə də xüsusi önəm verir.
Nəzərinizə çatdırıram ki, Azərbaycan İlahiyyat İnstitutu ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə də sıx əlaqələrə malikdir. Azərbaycanda mövcud olan tolerant mühitin, multikultural ənənələrin qorunub saxlanması məqsədilə institutda birgə seminarlar keçirilib və dini konfessiya təmsilçiləri Aİİ-nin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”larda uyğun mövzularla məruzə ediblər.
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri 9 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Aİİ heyəti “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi” ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr Ümummilli Lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib.
Biz qarşıdakı müddətdə belə tədbirləri, seminarları, konfransları, “dəyirmi masalar”ı davam etməyi planlaşdırırıq.
– Qarşıdan Ulu Öndərin anım mərasimi gəlir. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda müstəsna xidmətləri olan Heydər Əliyev xatirinizdə necə qalıb?
– Müstəqil Azərbaycanda dövlət-din siyasətinin banisi Ulu Öndər Heydər Əliyevn vəfatından 15 il ötür. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müstəqil Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə özündən sonra böyük siyasi irs və dövlətçilik təcrübəsi miras qoymuşdur.
Müasir mərhələdə Azərbaycan Hökumətinin din siyasəti Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən bəhrələnən belə uğurlu siyasətin məntiqi nəticəsidir.
Bu gün Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin olunub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini möhtərəm prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva uğurla davam etdirir. Din sahəsinə böyük qayğı və diqqət göstərilir. Bu istiqamətdə Heydər Əliyev Fondu misilsiz layihələrə imza atıb.
– Ceyhun müəllim, qəzetimizin kollektivi adından, eləcə də “Həftə içi” qəzeti və hafta.az saytı oxucuları adından əhatəli müsahibənizə görə Sizə təşəkkür edirəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018