Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Quruyan gölün acı dramı
Tarix: 06.12.2018 | Saat: 16:57:00
Bölmə:Sosial | çapa göndər

Dekabrın əvvəllərində rayondan gəlirdim. Hacıqabul gölünə çatanda, diqqətimi uzaqda qara buluda oxşayan quş dəstəsi çəkdi. Əlbəttə, gölün suyu qurumuşdu deyə, quş dəstəsi lap ortalıqda - nisbətən dərin yerlərdə hələ də varlığını qoruyan çalalara enmişdi.

Maraqlıdır, 10-15 il əvvəl gölün suyu Bakı-Qazax avtomobil yolunun beşaddımlığında qamışlı sahilə vururdu. Cənub-şərqində Şirvan, şimal-şərqində isə Hacıqabul kimi şəhərlər yerləşən, hər tərəfindən ölkə və beynəlxalq əhəmiyyətli yolların keçdiyi bu göl niyə quruyub və ya onu yeniən bərpa etmək mümkündürmü? Niyə də olmasın, müstəqil Azərbaycan dövləti son illər məhz bərpa olunan və müasir dünyamızın başlıca gəlir qaynağına çevrilmiş turizm sektorunu inkişaf etirməyə səy göstərir. Özü də bu inkişafı sadəcə ölkənin bəlli yerlərində deyil, hər tərəfində reallaşdırmaq kimi proqramlar tətbiq olunmaqdadır.

 

Xəzərin yadigarı…

 

Məlumat üçün bildirək ki, Hacıqabul gölünün təbii sahəsi 17 kvadratkilometrdir. Hansı ki, bu gün bu su hövzəsinin 80 faizdən artıq hissəsi quruyub. Göl əvvəl iki hissədən – şimal və cənub yataqlardan ibarət olsa da, sonradan neft hasilatı ilə bağlı cənub hissə qurudulub.

Su hövzəsinin yaranma tarixi ilə bağlı iki cür fikir mövcuddur. Əsas fikir odur ki, vaxtilə bu ərazilər Xəzər sularının altında olub. Amma dənizin geri çəkilməsi nəticəsinə indiki çökəklik su ilə dolu qalaraq Hacıqabul gölünü ortaya çıxarıb. Bu gün də gölün şimal-şərq təpəlik sahillərində dəniz dalğasının nə zamansa döyərək yonduğu suxurları – terrasları görmək mümkündür. İkinci qrup mülahizə sahibləri isə bütün bu gerçəkliklərə rəğmən gölün Kür çayının köhnə yatağı olmasına dair geoloji baxımdan dəqiq olmayan fikirlər səsləndirir. Amma alimlərin nə söyləməsindən asılı olmayaraq, dərinliyi ən çoxsulu dövründə 4 metrə çatan Hacıqabul gölü tarix boyu bölgə əhalisini balıqla təmin edən mənbə olub. Hətta Sovetlər dönəmində gölün cənub hissəsindən süni kanal çəkilərək Kürlə əlaqə yaradılandan sonra burada çəki, sıf, külmə, çapaq, naqqa kimi balıqlar yetişdirilib. Bundan əlavə, hər il qışlama dövründə şimaldan uçub gələn köçəri quşlar, o cümlədən qızıl qaz və göydimdik ördək bu gölü özünə sığınacaq bilib. Təəssüf ki, Mingəçevir su anbarının istifadəyə verilməsi ilə Kürdə su səviyyəsinin tənzimlənməsi, Kürlə Hacıqabul gölü arasında Baş Şirvan Kollektorunun çəkilməsi və nəticədə süni kanalın sıradan çıxması öz fəsadlarını verib. Yəni gölün Kürün suyu ilə qidalanmasının qarşısı alınıb. Düzdür, sonradan 6 kilometr məsafədə yerləşən Ağacanlı kəndi yaxınlığından torpaq kanal çəkilib və şlüz qurğusundan istifadə etməklə Kürdən nasoslar vasitəsilə gölə su vurulub və 2007-ci ilədək bu kanaldan istifadə olunub. Lakin sonradan Kürətrafı ərazidə bəndvurma işləri həyata keçirilərkən şlüz qurğusu torpağın altında qalaraq yararsız vəziyyətə düşüb, kanalın dibi qamış və lillə tutularaq əhəmiyyətini itirib. Bu da nəticəsi: 11 il ərzində gölün sahəsi tədricən quruyaraq şoranlı-qumlu çölə çevrilib.

 

Bərpa planı

 

Bu yerdə qeyd edək ki, hələ 2013-cü ildə "Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı"nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təkliflərə də durulacaq gölün ətrafında yaşıllığın salınması ön planda dayanır. Üstəlik, ərazidə istirahət və idman sahələrinin inkişaf etirilməsi, SSRİ zamanında mövcud olmuş balıqçılıq təsərrüfatının bərpası, ətraf düzənliklərdə suvarma şəraitində kənd təsərrüfatını inkişaf etdirmək, hansı ki, burada bağçılığa və pambıqçılığa daha çox önəm verilir və sair planlar mövcuddur. Bu həm də gündən-günə böyüyərək gölün sahillərinə yaxınlaşan Şirvan və Hacıqabul şəhərlərinin əhalisinin gələcəkdə istirahət etməsi üçün yaxşı imkanlar yaradacaq. Yəni Haçıqabul gölünün doldurularaq bərpa edilməsi bölgədə ekoloji tarazlıq yaradacaq, mikroiqlimi formalaşdırmaqla yanaşı, həm də Şirvan və Hacıqabul şəhərlərinin timsalında şəhər turizmini inkişaf etdirəcək.

Bir məqama da diqqət edək ki, Hacıqabul gölünün bərpası və nəzərdə tutulan dövlət proqramını reallaşdırmaq üçün mütləq bir cavabdeh qurum yaradılmalıdır. Fikrimizcə, bu qurum hazırda fəaliyyətdə olan “Hacıqabul balıq MMC” ola bilər. Cavabdeh qurum bölgənin bərpası zamanı ortaya çıxacaq istənilən artıq-əskikləri, problemləri araşdırılaraq həlli üçün tədbir görməli, eləcə də göldə suyun eyni səviyyədə qalmasına nəzarət etməlidir.
Hacıqabul gölünün bərpası yalnız su səviyyəsini qaldırmaqla deyil, problemlərin kompleks həlli ilə mümkündür. Gölünün ətrafında yerləşən torpaqların qeydiyyata alınması, sahildəki yaşayış evlərinin sudan mühafizəsi məqsədilə bəndin tikilməsi və ya əslində qanunsuz olan tikililərin köçürülməsi ilkin şərt olmalıdır. Çünki hazırda gölün quruyaraq yulğun, qamış və böyürtkən kolları ilə örtülmüş yatağının cənub-şərq hissəsində təxminən 40-dək ev tikilib. Gölün bərpası zamanı bu evlərin suyun altında qalacağı bəllidir və ona görə də öncədən onların köçürülməsi lazımdır. Eləcə də cənub-şərq sahili boyunca salınmış bağ evləri massivində, Şirvan və Hacıqabul şəhərlərində formalaşan böyük həcmdə tullantı sularının gölə təmizləndikdən sonra axıdılması və ya ümumiyyətlə, başqa səmtə yönəldilməsi çox ciddi layihənin hazırlanmasını tələb edir. Bundan əlavə, gölün ərazisində, xüsusilə şimal-şərq sahillərə yaxın yerlərdə SOCAR-ın balansındakı ləğv olunmuş quyular mövcuddur və onlar təcili olaraq ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməlidir. Eləcə də, avtomobil yollarının həmin ərazidən keçən hissəsində dambanın möhkəmləndirilməsi, qrunt sularının yer səthinə yaxın olan sahələrində drenaj sisteminin yaradılması, Kürdən gölə su vurulması üçün nasos stansiyasının quraşdırılması və Hacıqabul gölünədək beton kanalın, eyni zamanda, suyun səviyyəsini tənzimləmək üçün göldən Baş Şirvan kanalına boru kəmərinin çəkilməsi, yağıntılar zamanı ətrafdan səth sularının gölə axıdılması üçün kanalın tikilməsi, gölün və gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması və sair kimi planlar işlənilməlidir.

 

Alim tövsiyyəsi

 

Heç kimə sirr deyil ki, belə böyük dövlət proqramlarının tətbiqi zamanı mütləq mütəxəssis-alim rəyi nəzərə alınmalıdır. Elə öz müəllimim olan, AMEA Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədovun fikirlərinə yer vermək istərdim. Böyük alim deyir ki, Hacıqabul gölü ilk dəfə deyil quruyur, dəfələrlə eyni proses baş verib, amma yenə də göl bərpa olunub. “Quruyan təkcə Hacıqabul gölü deyil, belə su hövzələri Azərbaycanda çoxdur. Konkret olaraq, bu gölə gəldikdə, 1953-cü ildə Mingəçevir Su Anbarı tikilənədək Kür çayı daşqınlar zamanı məcrasından çıxaraq ətrafı basanda Hacıqabul gölü də su ilə dolardı. Amma su anbarı tikiləndən sonra, çayda axın tənzimləndiyi üçün, daşqınlar da baş vermir. Hətta təsadüfən baş verən ən güclü daşqınlar zamanı belə Kürün suyu gölə çatmır” deyən V.Məmmədov əlavə edir ki, vaxtilə Hacıqabul gölünə Turyançay, Göyçay, Ağsuçay və Girdimançayın töküldüyü Şirvan-Qarasu çayı tökülərdi. Amma 1960-cı illərin ilk yarısında həmin çay qurudulub və bununla da gölün təbii qidalanma mənbəyi məhv edilib.

V.Məmmədov bu fikirdədir ki, respublikanın tən ortasında, bütün istiqamətlərə yolların kəsişdiyi qovşaqda yerləşən bu su hövzəsini bərpa etməklə həm iqtisadi, həm də turizm baxımından uğurlar qazanmaq mümkünür. “1970-ci illərdə böyük balıqçı gəmiləri bu gölün sahillərində qalırdı. O vaxt Hacıqabul gölündən ildə 2000 – 4000 sentner balıq ovlanırdı. Üstəlik, gölün şərq sahilində Balıq Emalı Zavodu vardı - indi orada qaçqınlar məskunlaşdırılıb - həm Hacıqabul, həm də Sarısu və sair göllərdən tutulan balıqlar məhz orada emal edilirdi. Bura həm də vətəgə əhəmiyyətli idi - göldə balıq artırılırdı” deyən alimin fikrincə, suyun səviyyəsini bərpa etmək üçün nazirliyin hazırladığı kompleks layihə məqbuldur. Amma bütün hallarda bu proqramın niyə hazırlandığını dəqiqləşdirmək, məqsədi bəlli eləmək lazımdır. “Turizm, balıqçılıq və sair baxımından yanaşanda, hər birinin özünəməxsus çıxış yolları var. Konkret olaraq nəqliyyat qovşağında yerləşən Hacıqabul gölünün yaxşı turizm potensialı mövcuddur. Orada insanlar üçün əla istirahət mərkəzləri yaratmaq, sahillərdə çimərliklər açmaq, otellər tikmək, gölün ətrafını yaşıllaşdırmaq böyük fayda verərdi. Xüsusilə yarımsəhra təbiətinə malik o bölgədə bütün bunları etmək əvəzsiz töhfə verərdi respublikamıza. Qısaca desəm, göl bərpa edilsə, orada cənnət yaratmaq olar. Əlbəttə, bunları etmək üçün ilk növbədə Kürdən şirin su çəkilməlidir” deyir tanınmış geoekoloq.

 

Xəz-dəri potensialı

 

V.Məmmədovla söhbət zamanı bir maraqlı fakt ortaya çıxdı. Alim deyir ki, 1960-1970-ci illərdə gölün hidrometeoroloji parametrləri haqqında layihələr hazırlanıb və o, şəxsən həmin sənədləri görüb. “O vaxt həmin layihələri Həştərxanda yerləşən “Hidrobalıqlayihə” İdarəsi hazırlamışdı. Bizdəki Azərbaycan Su Təsərrüfatı Layihələndirmə İnstitutu da bu kimi layihələr üzərində işləyirdi. Özü də bu layihə üzərində iki dəfə iş aparılıb. Amma icra üçün maliyyə vəsaiti ayırmaq lazım olanda, atıblar kənara. Həmin layihələri daxili su hövzələrində balıqçılıq sənayesini gücləndirmək məqsədilə hazırlamışdılar” deyən mütəxəssis bildirir ki, o, 2009-cu ildə məhz bu problemlərin həlli yollarından bəhs edən doktorluq dissertasiyası müdafiə edib.

“Göllərin qurumasının qarşısı alınmasa, ekoloji fəsadları böyük olacaq. Külək qurumuş dərənin duzqarışıq tozunu havaya sovuracaq ki, bu zaman bölgədə yaşayan əhali ciddi zərər görəcək. Ən azından zob və nəfəs yolları xəstəliklərinin miqyası artacaq. Göl quruyursa, həm də sudakı canlılar – bitki və heyvanlar məhv olacaq. 1930-cu illərdə hökumət Cənubi Amerikadan xəz istehsalı üçün nutriya qunduzları alıb-gətirirdi. O vaxt Hacıqabul, Sarısu, Ağgöl, Dəvəçidəki Ağzıbirçala və sair göllərdə nutriya qunduzları sürətlə artmağa başladı. Hər il müxtəlif göllərdən 800-dən 2 minədək, bəzən, hətta 3 min nutriya qunduzu ovlanaraq, dərisini soyulub göndərilirdi Leninqradda yerləşən xəz-dəri sənayesi ilə məşğul olan mərkəzə. Əvəzində isə Azərbaycana valyuta ayrılırdı. Amma göllərin quruması ilə böyük bir xəz sənayesi məhv oldu. Bu gün fürsətdir, Hacıqabul və digər gölləri canlandırsaq, həmin qunduzları yenə də bəsləyib artırmaq mümkündür” deyir V.Məmmədov.

Sonda xatırladaq ki, artıq Kürdən 28 kilometr uzunluğunda beton kanalın çəkilişi başa çatıb və yeni ildən Hacıqabul gölünə suyun vurulması nəzərdə tutulub. Həmin kanalla əslində Pirsaat çöllərində 4 min hektarda artıq ərazi suvarılacaq, suvarma işləri yekunlaşan kimi isə su birbaşa gölə axıdılacaq. Bununla da proqramın ilk hissəsi – gölün yenidən doldurulması prosesi tamamlanacaq. Sonra isə sahillərin yaşıllaşdırılması və sair işlərə start veriləcək...

 

Vüsal Tağıbəyli

 

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanıb



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
11.12.2018
10.12.2018