Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təmayül siniflər
Tarix: 06.12.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizdə bununla bağlı yeni proqram və dərsliklərin hazırlanması nəzərdə tutulur

“Artıq 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb olunub. Hazırda təmayülləşmə X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir”. Bu fikirləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayıda bildirib.

Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirirlər: “Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanır”.
Yeri gəlmişkən, ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanıb. Qaydalara görə, təmayül siniflərində şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyunun sonunadək başa çatdırılır. Hazırda təmayülləşmə dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunur. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir. Təmayül siniflərində digər fənlər müvafiq ixtisas qrupuna uyğun olaraq müəyyənləşdirilir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ölkə Prezidenti tərəfindən təsdiqlənən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi qeyd olunub. Sənəddə göstərilib ki, iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan orta və uzunmüddətli hədəflərə çatmaqda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi müstəsna rol oynayacaq. Belə ki, ümumi təhsil (ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsil) insan kapitalının formalaşmasında strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, ümumi təhsil sistemində idarəetmənin şəffaflığı və demokratikliyi, təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması bilikli cəmiyyət quruculuğunun əsas inkişaf prioritetlərindən hesab olunur. Azərbaycanda ümumi təhsildə infrastrukturun və keyfiyyətin yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. 2003-2015-ci illərdə yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Bu müddət ərzində maddi-texniki bazanın yaxşılaşdırılmasına baxmayaraq, tədrisin keyfiyyəti dövrün tələblərinə uyğun tam inkişaf etməyib. Orta təhsil pilləsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün pedaqoji kadrların hazırlığının və tədrisin müasir təhsilvermə və təhsilalma texnologiyasına uyğunlaşdırılması, təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər dəstəklənəcəkdir.

Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun artırılması istiqamətindəki təşəbbüslər dəstəklənəcəkdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə 86 başlanmışdır. 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Təmayülləşmə peşə-ixtisas təhsili və ali təhsillə əhatəolunma səviyyəsini yüksəldəcək, əmək bazarına daxil olan gənclərin işsizlik riskindən qorunmasına kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcəkdir. Azərbaycanda bundan sonra da təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, 2008-2009-cu il tədris ilindən etibarən Azərbaycanda orta ümumtəhsil məktəbləri yeni təlim standartları, yəni kurikulum standartlarının tədrisi prosesini qurmağa başlayıb: "Ötən dövrdə məlum olub ki, Qazaxıstandan olduğu kimi götürüb istifadə etdiyimiz kurikulum, əslində, Azərbaycanın tədris bazarı üçün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Təbii ki, təhsil standartları 5 ildən bir mütləq şəkildə dəyişilməlidir. Amma bu standartların dəyişməsi hansısa məktəbə muxtariyyət vermək olar kimi bir fikir ilə üst-üstə düşməməlidir. Düzdür, hazırda Azərbaycanda təmayülləşməyə tam keçilməyib. Təmayülləşmədə müəyyən məktəblər artıq bu bölgüyə gedir. Onu ayrıca həyata keçirməyə isə ehtiyac yoxdur. Çünki bəzi məktəblər humanitar ixtisaslar üzrə təmayüllü olacaq. Bəziləri texniki, bəziləri təbiət fənləri üzrə onsuz da təmayüllü siniflər olacaq. Bunun üçün həm də dərslik və ləvazimat resurslarımız yoxdur. Bəzi məktəblərə muxtariyyətin verilməsi qarışıqlıq və ikitirəliyə gətirib çıxaracaq. Yəni effektiv olmayacaq".

Təmayül siniflərinin təhsilin inkişafına təkan verən mühüm tədris vasitələrindən biri olduğunu deyən mütəxəssis bunu müsbət addım kimi qiymətləndirib: “Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyl və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir. Demək olar ki, hər yeni tədris ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi əvvəlki illərlə müqayisədə genişləndirilir, təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdirilir. Əslində bu, artıq bir çox məktəblərdə direktor və müəllimləri narahat etməyə başlayıb. Belə ki, şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək. Hər hansı bir məktəbdə şagirdlərin sayı və seçimi təmayül sinfi təşkil etməyə imkan vermədiyi halda, bu və ya digər təmayül istiqamətini seçmiş şagirdlər yaxın ərazidəki həmin təmayül sinfi təşkil edilmiş məktəbdə təhsilini davam etdirə biləcək. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılacaq. Məhz məktəblərində təmayül sinifləri təşkil olunmayacaq müəllimlər indidən bu istiqamətdə fəaliyyətə başlayıblar. Amma onlar bilməlidir ki, təmayülləşmənin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin meyl və maraqlarına əsasən təmayül sinifləri təşkil olunacaq”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti, professor Şahlar Əsgərov da təmayüllü məktəblərin hələ sovet dövründən olduğunu deyib: “O dövrdə təmayüllər aşağı siniflərdən təşkil olunurdu. Belə məktəblərdə fənlər ümumiləşdirilib keçirilir, yalnız bir ixtisas üçün tədris olunmurdu. Təmayüllü məktəblərdə ümumi fənlərə daha az, təmayülə daha çox yer ayrılırdı”.
Onun sözlərinə görə, müəyyən vaxtdan sonra təmayülləşmə təhsilin inkişafının əsas göstəricisi olacaq: “Artıq ali məktəbə hazırlaşan şagird gələcəkdə hansı ixtisasda təhsil almaq istədiyini dəqiq müəyyənləşdirəcək. Təmayüllü məktəbi bitirmiş şagird o ixtisas üzrə də qəbul imtahanında daha böyük müvəffəqiyyət əldə edəcək. Bu da gələcəkdə iş yerləri üzrə daha yaxşı ixtisaslaşmış kadrların olacağının ən bariz nümunəsidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
06.12.2018 Təmayül siniflər

Xəbərə şərh yaz
11.12.2018
10.12.2018