Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Darısqal yataqxanalardan geniş və işıqlı mənzillərə
Tarix: 10.12.2018 | Saat: 16:15:00
Bölmə:Reportaj | çapa göndər

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün salınan şəhərciklərin sayı 100-ə yaxınlaşır

“Qobuya köçürüldüyümüz günü özümün ikinci doğum günüm hesab edirəm. Elə bilirəm ki, həyata yenidən gəlmişəm. Düz 25 il heç bir şəraiti olmayan darısqal bir yataqxana otağında yaşamışıq. Bu 25 il bizim üçün cəhənnəm olub, heç vaxt pəncərəmizə gün işığı düşməyib, havasızlıqdan, üfunət və natəmizlikdən əziyyət çəkmişik. İndi belə abad bir qəsəbəyə köçmüşük, mənzilimiz yüksək səviyyəli təmirli, otaqlarımız geniş və rahatdır.”.

Füzuli rayonundan məcburi köçkün Xudayar Behbu¬dovla bu ilin mayında istifadəyə verilmiş “Qobu park” yaşayış massivindəki yeni mənzilində görüşdük. Behbudovlar ailəsi buraya köçməzdən əvvəl “Azərsutikinti” xəstəxanasının zirzəmisində məskunlaşmışdı. Məcburi köçkün düşəndə ailəsi 5 nəfərdən ibarət olub, da¬ha sonra oğlanları ailə həyatı qurub. On nəfərdən ibarət ailə uzun illər yataqxana şəraitinin çətinliklərinə dözmək zorunda qalıb. Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yeni mənzillə təmin olunduqdan bu çətinliklər də artıq geridə qalıb: “Allah dövlətimizi var eləsin, indi yaşadığımız mənzil bizi qane edir. Geniş və yaraşıqlı mənzildə normal yaşamaq üçün hər cür şərait var”.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 24-də rəsmi açılış mərasimi keçirilmiş “Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Burada elektrik, su, qaz, istilik təchizatı, rabitə və kanalizasiya şəbəkəsi yaradılıb.

Yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər. Belə ki, layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb.

“Qobu Park”dakı mənzillərdə, əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayonlarında qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilib.

Ağdam rayonundan olan məcburi köçkün Şükufə Hüseynova bura köçürülənədək ailə üzvləri ilə birlikdə “8-ci kilometr” qəsəbəsində yararsız bir binada yaşayıblar: “Zirzəmidə qalırdıq, çox pis şəraitdə yaşamaq məcburiyyətində idik. İndiki şəraitimizdən çox razıyıq, dövlətimiz var olsun ki, bizi qaranlıq zirzəmidən işıqlı mənzillərə köçürdü...”.

Bu sevinc işartılarını doğma yurd-yuvasını itirdikdən sonra ağır məhrumiyyətlərlə üzləşmiş və artıq “Qobu Park”dakı yeni binalarda məskunlaşmış məcburi köçkünlərin əksəriyyətində sezmək olar. Yeni şəhərciyin açılış mərasimindən sonra qəzalı vəziyyətdə olan evlərdə, zirzəmilərdə, yardımçı binalarda və yataqxanalarda məskunlaşmış ailələrin qəsəbəyə köçürülməsi həmin insanların sözün əsl mənasında sevincinə səbəb olur. Hazırda bu şəhərcikdə 800-dən çox məcburi köçkün ailəsi yaşayır.

Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Bu təbəqədən olan vətəndaşların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Belə addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində əlavə olaraq 470 mənzildən ibarət yeni binalar inşa edilərək məcburi köçkünlərin ixtiyarına verildi.

265 min məcburi köçkün yeni mənzillərə köçüb

Xatırladaq ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 52 min 500 ailənin və ya 265 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Buna isə 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Yeni mənzillərə köçürülən məcburi köçkünlərin məşğulluq təminatı da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Belə tədbirlərdən biri də təxminən bir ay əvvəl elə “Qobu Park” yaşayış kompleksində təşkil olunmuşdu. Məqsəd yeni salınmış “Qobu Park”da məskunlaşan məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışını dəstəkləmək, onların iş yerləri ilə təmin olunmasına köməklik göstərməkdir. Məhz bunun nəticəsində həmin məşğulluq tədbirində 65 müəssisədən 462 vakant iş yeri təqdim olunmuşdu ki, onlardan 393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələrdəndir.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2018-ci ilin geridə qalan dövründə məşğulluq orqanlarının xətti ilə 2349 nəfər məcburi köçkünün işlə təmin edilib, bu təbəqədən olan 186 nəfər peşə hazırlığına, 56 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub. Həmçinin, özünüməşğulluq proqramı çərçivəsində bu il 7 minədək şəxsin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə əməyinə əsaslanan təsərrüfatlarının yaradılması nəzərdə tutulub ki, onlardan 1255-i məcburi köçkünlərdir. Bu isə məcburi köçkünlərin məşğulluğunun və kiçik ailə biznesinin yaradılmasına, sosial rifah halının yaxşılaşdırılmasına yönəldilən dövlət dəstəyinin növbəti nümunəsidir. Hazırda proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması üçün mal və materialların verilməsi prosesi davam etdirilir.

Gün o gün olsun ki...

Yeri gəlmişkən, bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bir neçə il əvvəl icrasına başlanmış özünüməşğulluq proqramında digər həssas qruplar kimi, məcburi köçkünlərin də fəal iştirakına şərait yaradılıb. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 1255 nəfəri məcburi köçkünlərdir. Onlardan artıq 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub. Yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.

Darısqal və uçuq-sökük, yaşayış üçün heç bir şəraiti olmayan yataqxana binalarından yeni salınmış qəsəbələrdə geniş və yaraşıqlı mənzillərə köçürülmüş məcburi köçkünlər bu günün həsrətini çox çəkiblər. Onlar düz 25 il pəncərəsindən günəş işığı süzü¬lən rahat və təmiz bir mənzildə yaşamağın xəyalını qurublar. Bu xəyallar artıq gerçəkləşməkdədir. Azərbaycan dövlətinin qayğısı, ölkə başçısının həssas münasibəti sayəsində hər il yüzlərlə məcburi köçkün ailəsi yaşayış üçün yararlı olmayan yataqxanalardan, zirzəmilərdən hər cür məişət şəraiti olan tam təmirli mənzillərə köçürülür. Bu, yurd həsrəti ilə yaşayan məcburi köçkün soydaşlarımızın işğal altındakı torpaqlarımıza qayıdacığı günün çox da uzaqda olmadığına inamını artırır.

“Uzun illərdir bu günü gözləyirdik. Özümüz də, övladlarımız da, sözün həqiqi mənasında, yenidən sağlam həyata qayıdırıq. İnşallah, doğma torpağımıza qayıdacağımız gün də uzaqda deyil. Azərbaycan güclü dövlətdir, məcburi köçkünlərin problemlərini öz imkanları hesabına həll edir. Gün o gün olsun ki, doğma torpaqlarımıza qayıdaq və orada öz ev-eşiyimizi bərpa edək”, - deyə Zəngilan rayonundan olan Fərhad Şahməmmədov bütün məcburi köçkünlərin ən böyük arzularını dilə gətirir.

Cəmilə Hüseynli

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.03.2019
17.03.2019