Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tələbələr rəhbərliyi “taxt”dan saldı – “Xəlifə günü” – FOTOLAR
Tarix: 13.12.2018 | Saat: 17:16:00
Bölmə:Reportaj | çapa göndər

Eşitdik ki, Azərbaycan Dillər Universitetinin üç nömrəli tədris binasında inqilab olub. Tələbələr müəllimlərini “taxt”dan salıb, “xəlifə” kürsüsünə əyləşiblər. Dərhal adıçəkilən müsəssisənin dekanı Bənövşə müəllimlə əlaqə saxladıq. Xəbəri təsdiqlədi. Təhsil ocağına gedib vəziyyətlə yerində maraqlanmaq istədik.

Hafta.az-ın əməkdaşı dərə-təpə düz gedib adıçəkilən təhsil ocağına, daha doğrusu, “xilafətinə” yetişib. Onu qapıda elə tədris korpusunun dekanı Bənövşə xanım qarşılayıb. Gerisini, əməkdaşımız özü danışsın.

“Taxt”dan salınmış müəllimlərin yerində tələbələr...

***

Deməli, biz oraya çatanda həyət qaynayıb-qarışırdı. Elə tələbələr də... Səs-küydən qulaq tutulurdu. Dedilər ki, tənəffüsdür. Hər kəs bu gün keçiriləcək tədbirləri müzakirə edir. Hər kəs bir-biri ilə müzakirə aparırdı. Bənövşə Məmmədovadan təhsil ocağında nələrin baş verdiyini soruşduq. “Taxt”dan salınmasının səbəbini öz dilindən eşitmək istədik. Gülə-gülə dedi ki, narahat olmayın, bu birgünlükdür: “Universitetimizin ənənəsidir. Özü də çox yaxşı ənənədir, hörmətli Kamal müəllimin təşəbbüsü ilə hər il universitetdə “Xəlifə günü” keçirilir. Tələbələrimizdən bir nəfər universitetə xəlifəlik edir. Bütün idarə heyətini yerini bir günlük tələbələrə verir. Onlar həmin gün universitet daxilində qərar çıxara bilirlər, rektorun, dekanın, müşavirlərin səlahiyyətlərində nə varsa, hamısı “xəlifə” tələbələrin ixtiyarına, sərəncamına keçir”.

Məlum olur ki, “Xəlifə günü” universitetdə rektor, prorektorlar, mərkəz və şöbə müdirləri hamısı tələbələrdir. Hətta Bənövşə xanımın dediyinə görə keçən il rektor yerinə namizəd olan tələbələrin sayı 70 olub. Bu il isə bir qədər azalıb:

- Keçən il uşaqlar elə bilirdilər ki, bir günlük rektorluqdur, vəssalam. Mahiyyətini dərk etmirdilər. Bu bir il ərzində həmin bir günlük işin məsuliyyətini dərk etdilər. Başa düşdülər ki, adı oyun olsa da, bu oyun deyil, idarəetmədir. Peşəkar idarəetmədə ilk addım atmaları baxımından bu çox önəmlidir. Yəni, bu ağır yükü sən bir tələbə kimi çiynində daşımalısan.

-Bəs mən elə bilirdim ki, “xəlifə”lər “hakimiyyəti” zorla ələ alıblar?! Deməli, əməlli-başlı seçki keçirilib? Xəlifələri kim təyin edir?

-Bəli, xəlifəlik uğrunda bir neçə namizəd mübarizə aparıb. Xəlifəni də tələbələr özləri seçiblər. Bir neçə mərhələdən ibarət debatlar təşkil olunub. Hər namizəd və onların tərəfdarları platformalarını təqdim ediblər. Tələbələr, çoxluq hansı platforma sahibinin vədlərini bəyənibsə, o da seçilib.

-Bəs bu ilki “xəlifə” kimdir? Bir az haqqında məlumat verə bilərsinizmi?

- Bu ilki xəlifəmiz Salman Quliyevdir. Bizim korpusda təhsil alır. Sayılıb-seçilən tələbələrimizdəndir. Elə universitet daxilində rəhbər vəzifələr tutan “xəlifə”lərin əksəriyyəti bu binada təhsil alanlardır. Onların arasında rektor, prorektor, dekan, mərkəz müdirləri Tərcümə və Mədəniyyət fakültələrinin tələbələridir.

-Bu korpusun özünün “xəlifə”si varmı? Yoxsa, xəlifə sayı birdirmi?

-Yox, burada müşavir var. O biri binada oturur. Hörmətli rektorumuz Kamal müəllimin müşaviridir. İndi onunla da görüşəcəyik. Bu gün onunla ancaq xəlifə dekanımız işləyəcək. Nə məlumatları, məsələhətləşmələri olarsa müşavirlə işləyəcəklər.

***

Əvvəl xəlifə, sonra kölgə hökuməti...

Növbəti döydüyümüz qapı Azərbaycan Dillər Universitetinin rektorunun məsləhətçisi Anar Osmanlının otağı idi. Anar müəllim bizi qapıda qarşıladı. Oturub söhbətləşdik. Məsləhətçi deyir ki, “Xəlifə günü”nə hazırlıq bir ay bundan əvvəl başlanılıb: “Bununla bağlı rəsmi qərar universitetin Elmi Şurasında cənab rektor tərəfindən verilib. Biz də bununla bağlı hazırlıqlara başladıq. Bu bizim ilk təcrübəmiz deyil. İlk “xəlifə”mizi də keçən ilin bu günü seçmişik. Bu gün tələbələrimiz külli-ixtiyar sahibidirlər. Onların verdiyi qərarların hamısı yerinə yetiriləcək. İş bu günlə bitmir, bundan sonra onlar ilin sonuna qədər “kölgə hökuməti” olacaq. “Xəlifə” seçkiləri də demoktarik şəkildə keçirilib. Tələbələr öz xəlifələrini özləri seçiblər. Xəlifə rektor, xəlifə prorektor və xəlifə dekanlar olur. Bir də xəlifə mərkəz müdirləri. Təkcə bu il xəlifə rektor olmaq üçün 20 nəfər tələbə namizədliyini irəli sürmüşdü”.

Anar müəllim deyir ki, keçən il bu posta 70 namizəd var imiş. Bənövşə xanım isə əlavə edir ki, 31 rəhbər vəzifə yerinə 200-dən artıq tələbə namizədliyini irəli sürüb. Söhbət etdiyimiz müəllimlər onu da deyirlər ki, tələbələr bəzən maraqlı platformalar irəli sürdükləri üçün hətta başqa fakültənin tələbələrinə də səs verə bilirlər.

Gələk, yuxarıda qeyd etdiyimiz kölgə kabinetinə, Anar Osmanlı deyir ki, kölgə kabineti bir il ərzində tələbələr seçildikləri vəzifələrə uyğun olaraq rəhbərliyin yanında olacaqlar: “Keçən il seçilmiş xəlifəmiz bizim bütün tədbirlərdə fəal idi. Elmi Şuranın iclaslarında iştirak edirdi. Öz təkliflərini səsləndirirdilər. Yəni, xəlifləlik bu günlə bitmir, bir il ərzində bunların fəaliyyətləri olacaq. Təklifləri olacaqsa, bunu öz prorektorları və dekanları ilə məsləhətləşəcəklər”.

Gender bərabərliyi... Oğlan və qız “xəlifə”lər...

Anar müəllim və Bənövşə xanımla sağollaşdıqdan sonra Günay Sadıqlı ilə qarşılaşırıq. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi olduğunu deyir. Yəni, bugünkü işi həm də bir növ ixtisasına uyğundur: “İxtisasım britaniyaşünaslıqdır. Bu gün Avstriya mərkəzinin xəlifə - müdirəsiyəm. Bu gün “konverseyşn klab”larımız var. Mərkəzimizdə 2 minə yaxın alman və ingilis dillərində kitablarımız var. Həmin kitabların tələbələrə daha yaxın olması üçün tədbirlər planı hazırlamışıq. Bundan başqa, qarşıdan milad bayramı gəlir. Bu da Avstriyada böyük təntənə ilə qeyd olunur. Ona görə də milad bayramı ərəfəsi film günləri təşkil olunacaq. Bu gün ilk filmimiz saat 2-də göstəriləcək. Bütün tələbələrə qapımız açıqdır”.

Digər həmsöhbətimiz də xanımdır. Sayadlı Şükufə də ikinci kursda oxuyur. Koreya Mərkəzinin xəlifə müdirəsidir. Deyir ki, xeyli namizəd arasından çox asanlıqla qalib gələ bilib: “Namizədlik verən çox idi. Sadəcə platformalarını yaxşı tərtib etməmişdilər. Ona görə də seçilə bilmədilər. Videoçaxrxlarımız var. Koreya haqqında məlumat əldə edə biləcəklər. İkinci və dördüncü kurslar üçün görüşümüz var. İki köməkçim var”.

Fərid İsmayılov isə universitetdəki İtaliya Mərkəzinin xəlifə müdiridir. Deyir ki, mərkəz 2009-cu ildən fəaliyyət göstərir. Bu günə onun əsas planı italyan dilində kino təşkil etməkdir. Tədbir isə italiyan dilində keçiriləcək: “Bundan başqa danışıq klubları təşkil olunacaq. Daha sonra italyanca oyunlar keçirəcəyik. Təxminən 2 saat yarımlıq tədbir təşkil etmişik. Rektorluq qarşısındakı təklifim isə italyan dilində təhsil alan tələbələrlə universitetimizdə böyük bir görüş gerçəkləşdirməkdir. Üstəlik, bu gün İtaliyanın ölkəmizdəki səfiri də buraya təşrif buyuracaq. Tələbələr səfirlə görüşüb söhbət edəcəklər.

Cahandar Əliyev İspan dili Mərkəzinin xəlifə müdiridir. İkinci kurs tələbəsidir. Bu gün onun gördüyü əsas iş Venesuelanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşün təşkilidir. Azərbaycanla bu ölkə arasındakı mədəniyyət və tarixi münasibətlər haqqında söhbət gerçəkləşdirəcək. Üstəlif səfir saatları da təşkil olunacaq.

Şəhanə Mirzəyeva isə Rumıniya dili mərkəzinin xəlifə müdirəsidir. Deyir ki, o, da Rumıniyanın ölkəmizdəki səfirinə dəvətnamə yazıb. Mərkəzə dəvət edib. Cavab isə müsbət olub. Yəni, səfir bu gün onun və mərkəz üzvlərinin görüşünə gələcək: “Digər mərkəzlərdən fərqli olaraq görüşümüzü həm rumın, həm ingilis, həm də Azərbaycan dilində təşkil edəcəyik. Həmçinin tələbələrin iştirakı ilə “Rumınyanı tanıyaq” layihəsi gerçəkləşəcək. Səhnəciklər təşkil olunacaq. Dəyirmi masa baş tutacaq”.

Adları “xəlifə” olsa da, demokratik əsaslarla “iqtidarı” ələ almış bu tələbələrlə sağollaşıb xəlifə dekanın hüzuruna yollanırıq. Onu dərs vaxtı otağında tapmaq mümkün olmadı. Dedilər ki, sinifləri yoxlayır. Hər kəsə və hər şeyə ciddi nəzarət edir. Biz də tənəffüsü fürsət bilib qəbuluna yazıldıq. Zarafat edirəm, özü bizə yaxınlaşdı. Nə sualınız varsa, buyurun – dedi. Bu ilki dekan xəlifə həzrətlərinin ismi-şərifi Cavid Mirzəzadədir. Tərcümə fakültəsində təhsil alır. İkinci kursda oxuyur. Deyir ki, 20 namizəd arasından xəlifə seçilib. Bənövşə xanımı “taxt”dan salmayıb. Bir günlük hakimiyyəti ələ alıb, vəssalam. Sabahdan isə “kölgə hökuməti” kimi fəaliyyətini davam etdirəcək: “Tələbələrin problemləri və istəkləri ilə maraqlanıram. Ağlabatan ideyaları var. Bir sıra tələbələrimizin ideyalarını səlahiyyətlərim çərçivəsində bir il ərzində həyata keçirəcəyəm. Bu korpusda beş “xəlifə” tələbəmiz var. Ümumi xəlifə sayı isə 31-dir. Sevdiyimiz müəllimlərimiz var, onlara təşəkkür elan edəcəyik. Bu da səsvermə ilə həyata keçirilib. Tələbələrin ən çox sevdiyi müəlllimlərə təşəkkür elan olunacaq”.

Beləcə Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyyəti ilə sağollaşırıq. Yol boyu düşündüyüm bir fikiri isə bu yazımın sonluğuna saxladım; Kaş bütün universitetlərdə “çevrilişlər” bu cür – bir günlük xəlifəlik və bir illik “kölgə höküməti” ilə başa çata...

Özü də demokratik əsaslarla idarəçilik ənənəsinin tələbələrə universitet dövründə aşılanması, bir günlük rəhbər kürsüsünə əyləşərək dekanlarının, müdirlərinin hər gün hansı stressi keçirdiklərini dərk etməklərini görmək onları daha da intizamlı edəcək. “Xəlifə” tələbələrin bir gün kölgə hökuməti günəşli idarəçiliklə əvəz olunacağını görmək ümidi ilə...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019