Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sosial şəbəkələrdə dövlət maraqlarını təhdidlərə qarşı necə mübarizə aparmalı?
Tarix: 13.12.2018 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Zaman keçdikcə bizi əhatə edən hər şey çox sürətlə dəyişir – yaşam tərzimiz, həyata baxışlarımız, dəyərlərimiz… Bir çoxumuz bu dəyişikliklərlə ayaqlaşmağa çalışırıq. Bəzən özümüz belə bilmədən çıxdığımız yolda nəyin doğru, nəyin yanlış olduğunun fərqinə belə varmırıq.

Ətrafımıza, cəmiyyətimizə, dövlətimizə verə biləcəyimiz zərəri düşünmürük. Bu dəyişikliklərin əsas səbəblərindən biri, bəlkə də birincisi, müasir texnologiyaların yaratdığı imkanlardır. Artıq dünyada çox asanlıqla qoşula biləcəyimiz və istədiklərimizi tapmaq imkanları təqdim edən sosial şəbəkələrdən istifadə etməyən çox az cəmiyyət var.
İlk başlanğıcda cəlbediciliyi ilə böyük maraq oyadan facebook, tvitter, instagram kimi şəbəkələrin sonrakı illərdə ictimai və dövlət maraqlarını təhdid edən bir çox zərərli tərəfləri də meydana çıxdı.
Bu gün Azərbaycan beynəlxalq demokratiya aləminin tamhüquqlu üzvüdür. Ölkəmizdə vətəndaşların bütun hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur – o cümlədən internetə çıxış və sosial şəbəkələrdən maneəsiz istifadə imkanları.
Açıqlanan son məlumatlara görə, hazırda dünyada ən çox istifadəçisi olan sosial şəbəkə "Facebook" hesab olunur. "Facebook"dan istifadə edənlərin sayı 2 milyard 234 milyonu keçib. "Youtube"dan istifadə edənlərin sayı isə 1 milyard 900 milyona çatıb. Bunlardan başqa, hazırda dünyada 1 milyard 500 milyon "Whatsapp", 1 milyard 300 milyon "Facebook Messenger", 1 milyard 58 milyon "Wechat", 1 milyard "İnstagram" istifadəçisi var.

Azərbaycanda isə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır. Bu ölkə əhalisinin təxminən 30 faizi deməkdir. Sosial şəbəkə üzvülərinin əksəriyyətini isə gənclər təşkil edir. Ümumilikdə isə ölkə əhalisinin 80 faizinin internetə çıxışı mövcuddur.
Bu rəqəmlərə nəzər saldıqda sosial şəbəkələrin ictimai və dövlət maraqlarına yarada biləcəyi təhdidlər haqqında düşünməmək mümkün deyil. Narahatlıq doğuran məqam odur ki, bir çox pozucu dairələr öz məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normaları ilə tənzimlənməyən və nəzarətdən kənarda qalan sosial şəbəkələrə üz tutur. Onların yalan, böhtan və dövlət maraqlarını təhdid edən informasiyaları sosial şəbəkədə çox asanlıqla maneəsiz yayılır. Demokratiya şəraitində insanların həqiqi, yetərli informasiya almaq hüququna konstitusiya ilə təminat verilir və bu tələbatın ödənilməsi müvafiq qanunla tənzimlənir. Sosial şəbəkələr isə bu qanunlar və çərçivələrdən kənarda, hətta bəzən onların üstündədir. Bu səbəbdən bir çox hallarda cəmiyyətdə zərərli, cəmiyyəti və dövləti təhdid edən ictimai rəy formalaşdırır.
ABŞ, Danimarka, Almaniya, Avstraliya, Rusiya və digər ölkələrdə keçirilən sorğuların ümumiləşdirilmiş nəticələri onu göstərir ki, sosial şəbəkədən qaynaqlanan təhlükələrin sayı-hesabı yoxdur: təhdid, zorakılıq, konfidensiallığın itirilməsi, şantaj, böhtan, şəxsi informasiyanın ələ keçirilməsi, kiberterrorizm və s.

Hələ 2015-ci ildə Avropa İttifaqı sosial şəbəkələrin ictimai və dövlət maraqlarına mənfi təsirləri ilə bağlı həyəcan təbili çalmağa başlamışdı. Müzakirələr zamanı Aİ-nin ədliyyə naziri bildirmişdi ki, təşkilat Facebook, Google və Twitter kimi sosial şəbəkələrdə yazılan, yaxud paylaşılan düşmənçilik xarakterli statusları, nifrət dolu şüarları silməyi planlaşdırır.
ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun keçmiş rəhbəri Eşton Karter isə İŞİD təbliğatına qarşı mübarizə aparmaq üçün sosial şəbəkələrə nəzarət etməyi vacib sayırdı. Karter bildirmişdi ki, ölkəni müdafiə etmək üçün azad internet prinsipinə zidd olan, amma insanları qorumağa imkan verən üsul tapılmalıdır. Onun sözlərinə görə, ABŞ üçün təkbaşına hərəkət edən terrorçu daha təhlükəlidir.
Çində isə bu prosesə 2011-ci ildən start verilib. Qeyd edək ki, ölkədə “Facebook” və “Twitter” sosial şəbəkələri qadağan edilib. Əvəzində isə çinlilər üçün ayrıca sosial şəbəkə mexanizmi yaradılıb. Bu şəbəkəyə isə ciddi nəzarət edilir.
Noyabrın sonlarında isə Misirin Nümayəndələr Palatasının üzvü Məhəmməd Abdulla Zeyn Baş nazir Mustafa Madbulinin rəhbərlik etdiyi Nazirlər Kabinetinə region xalqlarını internetin mənfi təsirindən qorumaq məqsədi ilə internet saytlarına, o cümlədən sosial şəbəkələrə dövlət nəzarətini sərtləşdirməyi təklif edib. O bildirib ki, internet cinayətkarlar və ekstremistlərin əlində vətəndaşlar və ölkələr arasında ədavət, etimadsızlıq toxumu yayan təhlükəli bir alətə çevrilib. O, ekstremizmə, terrorizmə, dövlətin parçalanmasına səsləyən internet saytları və sosial şəbəkələrdəki hesabları bağlamağa çağırıb.

İngiltərə baş naziri Tereza Mey isə Davosda Dünya İqtisad Forumunda bəzi sosial-ictimai şəbəklələrin funksiyasını tənqid edərək deyib: Teleqram terrorçuların evinə çevrilməsinə icazə verməməlidir». Baş nazir sosial-ictimai şəbəkələr, o cümlədən Teleqramı məsuliyyətlərini yerinə yetirməməsinə görə, tənqid atəşinə tutub və virtual aləmdə qeyri-qanuni və təxribatçı fəaliyyətlərlə mübarizə istiqamətində informasiya texnologiyaları şirkətlərinin daha böyük addımlar atmasının vacibliyini qeyd edib. Tereza Mey deyib: Bu həftə Britaniyada bir rəy sorğusu keçirildi. Hər on nəfərdən yeddisi bu qənaətdədir ki, sosial-ictimai şəbəkələrin rəhbərləri qeyri-qanuni hərəkətlər, radikallıq, zorakılıq, saxtakarlıq, əxlaqsızlıq əməllərinin dayandırılması üzrə öz məsuliyyətlərini yerinə yetirmirlər. Hökumətlərin virtual aləm və ictimai şəbəkələrin məzmunlarına nəzarət etmək haqqı vardır».

Azərbaycanda da son bir neçə ildə dövlət və ictimai maraqları təhdid edən iki ciddi olay yaşandı – Nardaran və Gəncə hadisələri. Bu hadisələrin mahiyyətinə və proseslərin xronoloji ardıcıllığına nəzər salsaq, əsas təhdidlərin məhz sosial şəbəkələr vasitəsi ilə aparılan kampaniyalardan doğduğunun şahidi olarıq. Lakin ölkəmizin hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində bu təhdidlər ortadan qaldırıldı və dövlət maraqlarının müdafəsi ən yüksək səviyyədə təmin edildi.
Məlum olaylardan sonra istər cəmiyyətdə, istərsə də müxtəlif siyasi dairələrdə sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsinə çağırışlar səsləndirildi. Hətta Milli Məclisdə də bununla bağlı çıxışlar oldu.
Məsələn, millət vəkili Hadı Rəcəbli bildirmişdi ki, dövlətin əleyhinə təxribat aparan sosial şəbəkələr nəzarətə götürülməlidir. Onun qənaətincə, sosial şəbəkələrdə adamları kütlə psixologiyasına uyğun olaraq qızışdıran qüvvələrin hər biri dövlətin, xalqın əleyhinə olanlardır.

Deputat Musa Quliyevin sözlərinə görə isə, sosial şəbəkələrdə xüsusilə terrora çağırış edən, hər hansı şəkildə terrorçunu dəstəkləyən və qanuni hakimiyyəti qeyri-qanuni yolla devirməyə, iğtişaş törətməyə çağıran hər kəs araşdırmalıb tapılmalıdır və onların kimliyi xalqa bəyan olunmalıdır. Onun qənaətincə, sosial şəbəkələr də nəzarət altında olmalıdır: "Bu heç də insanların söz azadlığına qəsd və fikir azadlığının məhdudlaşdırılması deyil. Sadəcə bu, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin daha mükəmməl şəkildə qorunması üçün atılan proflaktik addımlardır".
Millət vəkili Rüstəm Xəlilov isə deyir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycan da dövlət əleyhinə çağırışlar edilən, iftira və yalanlar yağdıran sosial şəbəkələrin, saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır:

“Biz elektron dünyada yaşadığımız üçün sosial şəbəkələrdə müsbət və xoşagəlməz hallarla rastlaşırıq. Bu gün sosial şəbəkələr bir çox imkanlara malikdir. Amma çox təəssüf ki, bir qrup insanlar həmin imkanlardan başqa məqsədlər üçün istifadə edirlər. Demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrin olmasıdır. Amma burada da hər şey mövcud qanunvericilik daxilində olmalıdır. Sosial şəbəkələrə ciddi nəzarət olunmalıdır”.

Bəs ictimai və dövlət maraqlarına yaranan təhdidlərin aradan qaldırılması üçün texniki imkanlar necədir? Bu sualla müraciət etdiyimiz ekspertlərin sözlərinə görə, bu gün haqqında danışılan şəbəkələr transmilli koorporasiyalar sayılır. Onlar üçün ən vacibi imiclərini qorumaq, bununla da daha çox vəsait qazanmaq imkanı əldə etməkdir. Əgər hər hansı bir ölkədə dövlət maraqlarını təhdid edən statuslar, yazışmalar mövcuddursa, həmin ölkənin hüquq-mühafizə orqanlarının bu məlumatları əldə etməsi çox çətindir. Çünki sosial şəbəkələrdə şifrəli məlumatlardan istifadə edilir ki, onları da yalnız həmiş şirkətlər bilir. Bu şifrələnmiş məlumatların əldə olunması üçün ölkələr sözügedəqn şirkətlərlə əməkdaşlıq etməlidir. Lakin bu cür əməkdaşlıqlar sosial şəbəkə sahiblərinin biznes maraqlarına mənfi təsir göstərir. Dövlətlərin bu təhdidləri aradan qaldırmaq üçün digər vasitələrə, yəni daha müasir texnologiyalara müraciət etməsinə gəldikdə isə, onun da səmərəsiz olduğu vurğulanır. Belə ki, sosial şəbəkələr bu cür müdaxilələri nəzərə alaraq çox tez-tez tətbiq edilən metodları dəyişirlər. Bu dəyişiklik isə sosial şəbəkə sahiblərinin razılığı olmadan şifrəli məlumatları əldə etmək istəyən dövlətlərə 100 milyonlarla dollara başa gəlir.

Bəs çıxış yolu nədir? Ekspertlər bildirir ki, ilk növbədə sosial şəbəkə istifadəçilərinin məsuliyyətinin artırılması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməli, mütləq şəkildə yeniliklər orada konkret maddələrlə əksini tapmalıdır. Bu sahədə dövlət maraqlarının müdafiəsini çətinləşdirən təhdidlərin minimallaşdırılması üçün isə ən səmərəli üsul sosial şəbəkələrin malik olduğu şirkətlərlə dövlətlərin əməkdaşlığının qurulmasıdır. Əgər həmin şirkətlər bu əməkdaşlığa isti yanaşmırlarsa, o zaman administrativ üsullara əl atılaraq onlar buna məcbur edilməlidir. Artıq sözügedən təcrübədən Türkiyə, Çin, Misir, Rusiya vaxtilə istifadə edib. Həmin şəbəkələrə giriş məhdudiyyəti tətbiq olunduğu zaman onların sahibləri bu dövlətlərlə əməkdaşlığa razılıqverdilər. İstənilən halda ictimai və dövlət maraqlarının müdafiəsi baxımından hökumətlərin sosial media şirkətləri ilə əməkdaşlığı zəruridir.
Biz demokratik dövlətdə, dünyaya nümunə göstərilən tolerant cəmiyyətdə yaşayırıq. Ölkəmizdə həyata keçirilən müdrik siyasət nəticəsində ictimai-siyasi sabitlik tam təmin olunub. Nəticədə, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, sosial təminat ildən-ilə yaxşılaşır, vətəndaşların rifah halı yüksəlir. Bu səbəbdən, dəyərlərimizə sahib çıxmaq, dövlətimizə, cəmiyyətimizə qarşı yönələn təhdidlərlə birgə mübarizə aparmaq, gənclərimizə doğru yolu göstərmək hər birimizin ən başlıca vəzifəmizdir. Çalışaq vətəndaş olaraq öz vəzifələrimizi unutmayaq.

Azad Əliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019