Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Biz Azərbaycanın əldə etdiyi uğurlara sevinirik" - SƏFİR
Tarix: 13.12.2018 | Saat: 20:00:00
Bölmə:Gündəm | çapa göndər

Qazaxıstanın müstəqilliyinin 27-ci ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstanın müstəqillik yollarından söz açıb. Bildirib ki, geridə buraxılan 27 il ərzində ölkəsi çox böyük inkişaf yolu keçib. Bu müddət ərzində iqtisadiyyatın bütün sahələrində islahatlar aparılıb və nəticəsi budur ki, hazırda Qazaxıstan inkişaf edə bilib", – deyən səfir əlavə edib ki, bu gün Qazaxıstanla Azərbaycan arasında tarixi dostluq əlaqələri daha da sıxlaşıb. "Əsas beynəlxalq məsələlərdə ölkələrimiz eyni mövqe sərgiləyir. Biz Azərbaycanın əldə etdiyi uğurlara sevinirik", – deyib səfir.

Energetika naziri Pərviz Şaxbazov qazax xalqını bayram münasibətilə təbrik edib. Nazir deyib ki, Qazaxıstan prezident Nursultan Nazarbayevvin rəhbərliyi altında böyük uğurlar əldə edib. P.Şaxbazov ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən söz açaraq deyib ki, hazırda iki ölkə beynəlxalq əhəmiyyətli layihələri birgə icra edir. "Ticarət dövriyyəsinin 65 faiz artması göstərir ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr inkişaf müstəvisindədir", – deyib nazir.

Bir az da çox sevdiyim, amma görə bilmədiyim Qazaxıstan barədə bəzi məlumatları nəzərdən keçirək:

Qazaxıstan Mərkəzi Asiyada sahəsinə görə ən böyük, dünyada isə 9-cu dövlətdir. Ümumi sahəsi 2 milyon 725 min kvadratkilometrə yaxındır. Əhalisinin sayı 18,4 milyon nəfər, paytaxtı Astana şəhəridir.

Qazaxıstan inzibati cəhətdən 14 əyalət, iki əyalət statusunda şəhər, 83 şəhər, 160 məntəqə, 200 qəsəbə, 7743 kənddən ibarətdir. Ən iri şəhərləri Almatı, Astana və Çimkənddir.

Qazaxıstan ərazisində tarix boyu köçəri türk xalqları məskunlaşıb. Aparılan qazıntı işlərinin nəticələri də göstərir ki, bu ölkənin torpaqlarında təxminən 3 min il əvvəl zəngin mədəniyyəti özündə əxz etdirən dövlətlər olub. Tarixi mənbələrdə İran şahı Velirittisin dövründə - eramızdan əvvəl 197-126-cı illərdə qazaxların farslarla döyüşdüyü yazılır.

Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranıb. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurublar. Bu xanlıq sonradan Qazax xanlığına çevrilib. Qazax xanlığı üç hissədən ibarətolub: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başlayıblar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya ilə Çin arasında mübarizə meydanına çevrilib və mübarizə rusların qələbəsi ilə başa çatıb. Bundan sonra ruslar işğal etdikləri qazax torpaqlarında müstəmləkəçilik siyasəti yeritməyə başlayıblar.

Aclıq və siyasi səbəblərlə 1912-1917-ci illər arasında rus hökumətinə qarşı etiraz başlayıb. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar Mərkəzi Asiya bir müddət müstəqil olub. 1917-1920-ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda dövləti"ni qurublar. Bu dövlət üç il yaşayıb. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçiriblər və bu tarixdən sonra SSRİ dövrü başlayıb. Sovet hakimiyyəti dövründə 1933-cü ildə süni aclıq, 1937-1938-ci illərdə soyqırımı, 1954-cü ildə 6,3 milyon hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsi ilə nəticələnib. Nəhayət, Qazaxıstan 1991-ci ildə müstəqilliyinə qovuşub. Nursultan Nazarbayev ölkənin ilk prezidentidir. 

Qazaxıstan çoxmillətli ölkədir. Burada qazaxlarla (əhalinin 68 faizini təşkil edir), ruslar (təxminən, 20 faiz), özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır. Əhalinin təqribən 70 faizi müsəlmanlardan, 26 faizi isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili bərabər statusa sahibdir. Qazaxıstan hazırda BMT, Dünya Ticarət Təşkilatı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, KTMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və TÜRKSOY kimi təşkilatların üzvüdür.

1997-ci ildə paytaxt Almatıdan Astanaya köçürülüb.

Ərazisi əsasən düzənliklərdən və xüsusən şərqdə təpəliklərdən ibarət olan Qazaxıstanın ən hündür yeri Altay silsiləsindəki Xan Tenqri dağları (6995 metr), ən alçaq yeri isə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr). Qazaxıstan ərazisində zəngin yataqlar var. Ölkə uran ehtiyyatlarına görə dünyada ikincidir (1,7 milyon ton). Eləcə də Qarağanda, Ekibastuz və Torğay daş kömür yataqlarını, Cezqazğan, Sayık, Bozşakul, Balxaş və Kounrad, Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Torğay, Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin aliminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit , nikel, qızıl və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisindəki zəngin neft yataqlarının kəşf olunmuş ehtiyyatı 6,5 milyard ton, güman olunan ehtiyyatlarının həcmi isə 17 milyard tona bərabərdir. Eləcə də ehtiyatı 2 trilyon kubmetrə çatan qaz yataqları var. Beləliklə, demək olar ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatlarına malikdir.

Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir və bəzən temperatur mənfi 45 dərəcəyə enir. Yay isə çox isti keçir və havanın temperaturu maksimum müsbət 44 dərəcəyə yüksəlir. Yağıntıların miqdarı azdır. Nisbətən iri çayları Sırdərya, Ural, Emba, İli, İrtış, Esil və sairdir. Digər çaylarının əksəriyyəti yayda quruyur. İri göllərindən Balxaş və Zaysanı göstərmək olar. Aral və Xəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir.

Ölkə iqtisadiyyatının əsasını əlvan metallurgiya, kömürçıxarma, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi təşkil edir. Yanacaq sənayesində Karağanda və Ekibastuz kömür hövzələrinin böyük əhəmiyyəti var. Ən böyük mis emalı zavodları Balxaş və Cezqazğan şəhərlərindədir. Öskemendə, Pavlodarda müxtəlif əlvan metallar və aliminium istehsal edən kombinatlar fəaliyyət göstərir. Qara metallurgiya sənayesi də (çuqun, polad, prokat istehsalı) getdikcə inkişaf edir. Kimya sənayesində mineral gübrə istehsalı əsas yer tutur. Cambıl şəhərində nəhəng superfosfat zavodu var. Ölkədə kənd təsərrüfatı maşınları, elektrotexniki maşın və avadanlıqlar istehsal olunur. Qazaxıstan həm də inkişaf etmiş yeyinti və yüngül sənayeyə malikdir.

Kənd təsərrüfatında buğda, qarğıdalı, pambıq və çəltik bitkiləri, həmçinin qoyunçuluq başlıca sahələrdir. Qazaxıstan buğdanın böyük hissəsini xarici ölkələrə ixrac edir. Heyvandarlıq da inkişaf edib. Ölkədə 35 milyon davar, 8 milyon qaramal saxlanılır. Heyvandarlıq məhsullarının da (ət-süd məhsulları, yun) böyük hissəsi xarici ölkələrə ixrac olunur.

Rəsmi məlumatlara görə hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Onlar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Bu gün azərbaycanlıların Qazaxıstanda bir neçə milli-mədəniyyət təşkilatı fəaliyyət göstərir ki, onlar həm də "Qazaxıstan Xalqı Assamleyası"nın üzvləridir.
Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü il yanvarın 9-da Qazaxıstanın Azərbaycanda, 2004-cü il martın 1-də isə Azərbaycanın Qazaxıstanda səfirliyi fəaliyyətə başlayıb Bundan başqa, 2008-ci il aprelin 30-da Azərbaycanın Aktauda Baş konsulluğu açılıb.

Hazırda Azərbaycanın Qazaxıstanda səfiri Rəşad Məmmədov, Qazaxıstanın ölkəmizdəki səfiri isə Beybit İsaayevdir.

İndiyədək Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 52 müqavilə və saziş bağlanıb.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Qazaxıstanın ölkəmizdəki səfirliyinin, səfir Beybit İsabayev başda olmaqla bütün diplomatlarını təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019