Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şaxta baba süpürgəçi xanımlara yeni il hədiyyəsi payladı – FOTOLAR
Tarix: 27.12.2018 | Saat: 11:15:00
Bölmə:Reportaj | çapa göndər

Bu gün işə gələrkən maraqlı bir hadisə ilə qarşılaşdım. “Xətai” metrostansiyası tərəfdə dayanıb avtobus gözləyirdim. Bir də gördüm ki, gənc bir oğlan hər beş-on addımdan bir avtomobilini saxlayıb şəhərimizin süpürgəçilərinə yaxınlaşır. Özü də Şaxta baba paltarındadır.

Onlara bir bağlama uzadıb yenidən maşınına əyləşir. Bir qədər irəli sürdükdən sonra yenidən dayanır. Təxminən bir-iki dəqiqə hələlik adını bilmədiyim bu oğlanı müşahidə etdim. Gördüm ki, təkdir. Avtomobilində isə heç kim yoxdur.

Yaxınlaşdım. Hafta.az saytının əməkdaşı olduğumu bildirdim. Bayaqdan onu müşahidə etdiyimi, amma heç nə anlamadığımı dedim. Əlindəki bağlamaları süpürgəçilərə niyə uzatdığını, onların içərisində nələr var – deyə xəbər aldım.

Yaraşıqlı oğlandır. Səliqəli geyinib. Özünü təqdim edir. Deyir ki, ad-soyadı Ramal Şəmşədlidir. Paytaxt yollarında hər gün əziyyətimizi çəkən süpürgəçilərə hədiyyə payladığını deyir: “Bu süpürgəçilərə yeni il hədiyyəsidir. Şəxsi təşəbbüsümdür. Gördüyünüz kimi hədiyyələri də tək paylayıram. İstədim ki, hər gün səhər tezdən isti-soyuq demədən əziyyətimizi çəkən, küçələrimizi süpürüb səliqə-səhmana salan xanımlarımızı yeni il ərəfəsi sevindirim”.

Ramal Şəmşədlidən indiyə kimi neçə xanıma hədiyyə payladığını soruşuram. Deyir ki, səhər saat 6-dan 9-a kimi təxminən 100-ə yaxın qadına yeni il hədiyyəsi paylayıb: “Əhmədli” metrostansiyasının yaxınlığından başladım. Yolumun üstü idi. Sonra Naxçıvani küçəsi və Nobel prospektləri istiqamətində, eləcə də “Xətai” metrostansiyası yaxınlığında yollarımızı süpürən xanımlarımızı ziyarət edib hədiyyələrini verdim. Artıq hədiyyələr bitmək üzrədir. Bir neçə qutu qalıb. “ASAN Xidmət”ə qədər yəqin ki, bəs edər. Orada dayanan bir neçə xanım var. Onların da hədiyyəsini verib işlərimin dalınca gedəcəyəm. Günə bu cür başlamağın müsbət enerjisi nəyə desən dəyər”.

Həmsöhbətimdən belə bir ideyanın haradan qaynaqlandığını xəbər alıram. Deyir ki, bu fikir təxminən bir ay əvvəl onda formalaşıb. Maraqlı tarixçəsinin olduğunu deyir: “Günlərin bir günü səhər tezdən işə gedirdim. Tıxaca düşməmək üçün evdən bir az tez çıxmışdım. Gördüm ki, xanımlar şösse yolu süpürürlər. Yol da boş idi. Heç kimə maneə yaratmayacağımı düşünüb avtomobilimi saxladım, pəncərəni aşağı edib xanımlara –sabahınız xeyir, yorulmayasınız- dedim. Onlardan biri qayıtdı ki, çox sağ ol, oğul, hələ indiyə qədər bizi sayıb-seçən, halımızı xəbər alan olmamışdı. Kövrəldim. Avtomobili sürüb getdim. Sonra yeni il ərəfəsi belə bir ideya ilə onları sevindirməyimi qərara aldım”.

Sonra Ramal bəylə asta-asta yaxınlıqdakı xanımlara doğru irəliləyirik. O, ənənəsinə sadiq qalaraq avtomobilinin arxa oturacağından bir neçə hədiyyəni götürüb xanımlara sarı uzadır:

-Sabahınız xeyir, ana. Şaxta babanın sizə yeni il hədiyyəsi var.

Üzünü tozdan qorumaq üçün yamşaqlayan xanım sakitcə çevrilib geri baxır. Gözlərinə inanmır. Əvvəlcə gözləri gülümsəyir, sonra dodaqları. Sual dolu nəzərlərlə Ramal bəyə baxır:

-Bu nədir?

-Yeni il hədiyyəsidir. Buyurun. Bayramınız mübarək.

O biri süpürgəçi xanım da maraq üçün yanımızdakı xanıma yaxınlaşır:

-Ay qız, bu nədi, nə paylayırlar?

-Az, Şaxta baba bizə yeni il hədiyyəsi gətirib.

-Doğrudan? – inanmır. Amma – payı artıq olsun!-sözünü də əsirgəmir.

-Bəs içərisində nə var?

Ramal Şəmşədli dillənir ki, gündəlik məişətdə istifadə olunan ərzaq məhsullarıdır:

-Qənd, “pesok”, yağ, duz, qara çay, düyü.

Çiynini süpürgəsinin çubuğuna söykəyən yaşlı xanım gülür:

-Allah sizdən razı olsun. Çox sağ olun ay oğul. Tanrı da sizi sevindirsin. Evdə qara çayım qurtarmışdı. Nə yaxşı oldu.

Süpürgəçi xanım bunları deyib gülür. Gülüşü görünməsin deyə çənəsinə bağladığı şalı burnuna doğru çəkir.

Ramal bəy avtomobilinin arxa oturacağına baxır. Hədiyyələr bitib. Son üç hədiyyəni də sahiblərinə verib işlərinin arxasınca gedəcəyini, amma Şaxta baba paltarını harada çıxaracağam deyib? – təbəssüm dolu nəzərlərlə mənə baxır.

...Beləcə Ramal Şəmşədli və süpürgəçilərlə sağollaşıb işə qayıdıram. Bu cür diqqətli insanların nə yaxşı ki, həyatda var olduğunu düşünürəm. Belə bir diqqət hər birimizdən gələ bilər. Amma yetər ki, insanlara, hər gün əziyyətimizi çəkənlərə qarşı biganə qalmayaq. Allah kimsənin əziyyətini yerdə qoymasın...

P.S: Ramal Şəmşədlinin bu səhər Şaxta baba rolunda süpürgəçi xanımlara yaxınlaşaraq onlara diqqət göstərməsi təkcə ona yox, həm də mənə müsbət enerji verdi.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019