Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali təhsilin rəqəmsal transformasiyası
Tarix: 04.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azaldılması əsas hədəflərdən sayılır

Bu gün Azərbaycanda təhsil sisteminin elektonlaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Düzdür, bu istiqamətdə həyata keçirilən işlər tam başa çatmasa da, müşahidələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə həm orta, həm də ali təhsil müəssisələrinin rəqəmsal sistemə keçidi uğurla yekunlaşacaq.

Yeri gəlmişkən, “Microsoft Azerbaijan” şirkəti Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ali məktəblərin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar təşkil edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır.
Nazir müavini qeyd edib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov isə tədbir iştirakçılarının diqqətə çatdırıb ki, “Microsoft” və Azərbaycan höküməti arasında dövlət strukturları və ali təhsil müəssisələri üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3 illik saziş imzalanıb. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunub.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov xatırladıb ki, bu ilin iyun ayında “Microsoft” və Nazirlik arasında dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalanıb, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının, o cümlədən ali təhsil müəssisələrinin kompüterlərini “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin etmək nəzərdə tutulub. Bundan başqa, sazişin bağlanması zamanı “Microsoft” tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da yararlanaraq Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinin fərdi kompüterləri üçün əlavə olaraq pulsuz “Windows” əməliyyat sistemi və “Office 365” proqramı ilə təmin olunacaq: “Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”.

Tədbirdə, həmçinin, qeyd olunub ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır. IDC-nin (“International Data Corporation”) 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycanda lisenziyasız proqram təminatının istifadəsi əvvəlki illərə nisbətən azalıb. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” korporasiyasının məhsullarıdır.
Qeyd edək ki, hazırda Təhsil Nazirliyi ilə “Microsoft Azerbaijan” şirkəti arasında uğurlu əməkdaşlıq mövcuddur. Məsələn, bir müddət əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin dəstəyi ilə ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzi fəaliyyətə başlayıb. Sözügedən mərkəzin açılmasının məqsədi vahid akademik test mərkəzi tərəfindən peşəkarlıqları beynəlxalq sertifikatla təsdiq olunacaq IT-mütəxəssislər yetişdirməkdir. Yeni test mərkəzində müxtəlif ali təhsil müəssisələrinin tələbələri “Microsoft”un avtorizə edilmiş kursları üzrə yüksək keyfiyyətli təhsil alıb, əlverişli şərtlərlə müvafiq imtahanlar verə biləcəklər.
Test mərkəzi çərçivəsində “Microsoft Imagine Academy” də fəaliyyət göstərir ki, burada müəllim və tələbə heyətinin tədrisi və sertifikasiyası üçün müəssisənin öz texnologiyaları və “Microsoft”un məhsulları əsasında müasir təhsil proqramları və resursları təqdim olunur. “Microsoft Imagine Academy”nin tədris proqramları elə təşkil olunub ki, tələbə və müəllimlər işəgötürənlər tərəfindən tanınan və gələcək karyera üçün lazım olan sertifikat və bacarıqları ardıcıl olaraq ala bilsinlər. Hazırda ölkənin 5 təhsil müəssisəsində “Microsoft”un analoji akademiyaları fəaliyyət göstərir.

Təqdimat mərasimində sözügedən şirkətin biznesin inkişafı üzrə meneceri Emin Axundov deyib ki, bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Təhsil Nazirliyi və “Microsoft Azerbaijan”ın şirkət üçün prioritet istiqamətlərindən olan təhsil sahəsinə verdiyi yeni töhfəyə şahidlik etməkdən məmnunuq: ““Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentlərinin ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası olmasını nəzərə alaraq, Azərbaycanda akademik vahid test mərkəzinin açılması olduqca əhəmiyyətli hadisədir”.
Xatırladaq ki, yaxın gələcəkdə Azərbaycanda həm də rəqəmsal təhsil konsepsiyası hazırlanacaq. Bu barədə "Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə göstərilib. Eyni zamanda, Azərbaycan təhsil informasiya sistemi çərçivəsində bütün məktəblərdə "Elektron məktəb" sisteminin tətbiqi məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət planı, bu fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsi və vahid məlumat bazasının yaradılması imkanları nəzərdən keçiriləcək.

Sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək.

Həmçinin tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri (məsələn, imtahanlar, müsabiqə xarakterli tədqiqatlarda iştirak və s.) müəyyən ediləcək və qiymətləndirmə nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında əsas amil kimi nəzərə alınacaq.
Təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin ediləcək.
Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal material və müvafiq metodlar əsasında təkmilləşdiriləcək, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, məşğulluqda İKT mütəxəssislərinin payının artırılması təmin olunacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019