Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xarici dilin tədrisində müasir təlim metodları
Tarix: 07.01.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu istiqamətdə müəllimlər üçün seminarlar təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin xarici dil müəllimləri üçün seminarlar keçirilib. Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi ingilis və rus dili fənlərinin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, fənlərin dinləyib-anlama, oxuyub-anlama məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərilməsi, dərs prosesinin daha səmərəli təşkilinə dair zəruri məlumatların çatdırılmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda dinləyib-anlama məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqlarının yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim olunub.

Şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audio materiallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər də verilib. Eləcə də, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, müəllimlərin rəy, təklif və təəssüratları dinlənilib. Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.

Yeri gəlmişkən, müasir dövrdə təhsil sahəsində islahatların aparılması bir zərurət olaraq meydana çıxır. Bu gün təhsil sahəsində həyata keçirilən islahat proqramının əsas istiqamətlərindən biri yeni fənn kurikulumlarının hazırlanmasıdır. Bununla bağlı aparılan müvafiq işlər nəticəsində 2007-2008-ci tədris ilindən etibarən respublikamızın ümumtəhsil məktəblərində yeni fənn kurikulumları tətbiq olunur. Mütəxəssislərin fikrincə, bütün fənnlər üzrə hazırlanmış fənn kurikulumları arasında xarici dil üzrə fənn kurikulumları da maraq doğurur.

Belə ki, xarici dil üzrə təhsil proqramı şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvüləri üçün nəzərdə tutulub. Bu sənəd xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Xarici dil kurikulumu hazırlanarkən hər bir şagirdin maraq və meyilləri əsas götürülüb, onların nitq, dil bacarıq və vərdişlərinin inkişafı düşünülüb. Eyni zamanda, yeni təhsil proqramı ilə təlim verən pedaqoqlar hesab edirlər ki, bu təhsil proqramı təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim nəticələrinin reallaşması üçün xüsusi metodikaların seçilməsində mühüm rol oynayır. Onların qənaətincə, xarici dil üzrə təhsil proqramı dil və sosial-mədəni biliklər əsasında nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə nəticəyönümlü məzmun standartlarına uyğun olaraq sadədən mürəkkəbə, asandan çətinə prinsipləri əsasında qurulur, şagird nailiyyətlərini qiymətləndirməyə və izləməyə imkan verir. Məzmun standartları müəyyən edilərkən idraki, informativ-kommunakativ və yaradıcı fəaliyyətlər, düşüncə, emosianal və psixomotor bacarıqların formalaşdırılması əsas götürülür. Məlumat üçün onu da deyək ki, bütün dövrlərdə xarici dillərə böyük maraq olduğundan dil biliklərini artıranların sayı ilbəil çoxalır. Təbii ki, dövlətimizin Avropa məkanına inteqrasiya etdiyi bir şəraitdə bir və iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşması, müasir məktəbin qarşısında duran tələblərdən biri kimi diqqəti cəlb edir.

Çünki xarici dilə yiyələnmiş hər bir gənc beynəlxalq arenada öz xalıqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmağı bacarır, onlarla həmin dildə fikir mübadiləsi aparmaq imkanı əldə edir. Xarici dilin öyrənilməsi müxtəlif xalqların və dövlətlərin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatı haqqında biliklərin əldə olunması, o cümlədən müxtəlif ölkələrin təcrübəsindən yararlanmaq imkanlarının genişlənməsi, xarici şirkətlərdə işləmək şansı, dünyanın müxtəlif qurumları ilə əməkdaşlıq və s. deməkdir. Bundan başqa xarici dil vasitəsilə başqa xalqların dil və mədəniyyətinə, mənəvi-dəyərlərinə hörmət hissi, tolerantlıq formalaşdırılır və şagirdin humanitar səviyyəsini yüksəldir. Bunu nəzərə alan aidiyyəti qurumlar da şagirdlər arasında xarici dil biliklərinin artırılmasını stimullaşdırmaq üçün müxtəlif layihələr həyata keçirirlər. Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsininin tabeliyində olan 60 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyət göstərir. Qeyd edək ki, ingilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən danışıq klublarında I-XI sinif şagirdləri könüllü iştirak edirlər.

Qeyd edək ki, klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin ingilis dili müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerika səfirliyinin birgə əməkdalığı çərçivəsində həyata keçirilən “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunub. Fəaliyyətdə olan Danışıq Klublarını təlimləri müvəffəqiyyətlə tamamlamış dil müəllimləri idarə edir. Bundan başqa, klub dərsləri layihə koordinatorları tərəfindən müşahidə edilir və dərslərin sonunda rəy verilir.

Bundan başqa, təhsil müəssisələri tərəfindən şagirdlərin dil biliklərinin təkmilləşdirilməsi və xarici dilin öyrənilməsinə marağın artırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində ingilis dili resurs mərkəzləri yaradılıb. BŞTİ ilə “British Council”un əməkdaşlığı çərçivəsində yaradılan ingilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunan kitablarla tam təmin olunub. Mərkəzlərdə müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunur. Seçilmiş müəllimlər Böyük Britaniyada təcrübə keçmək imkanı qazanır.

Xatırladaq ki, hazırda respublikamızın orta məktəblərində ingilis dili əsas xarici dil kimi birinciliyini saxlayır. Hətta ali məktəblərin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olunan tələbələrin sayında da artım var. Məsələn, ötən illərdə ingilisdilli ixtisasların sayı təxminən 30 olduğu halda, qəbul planı 780 nəfər olub. Təkcə 2017-2018-ci tədris ilində isə bu rəqəm iki dəfə artıb. Beləliklə, tədrisi ingilis dilində aparılan ixtisaslara tələbə qəbulu üzrə proqnoz 1615 nəfər olub.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019